Keçmiş məmur Türkiyədə film çəkilişlərində özünü sınayır

Ziyad Səmədzadənin bacısı oğlunun məmurluqdan sahibkarlığa doğru yolu

Source:
Ziyad Səmədzadə və onun bacısı oğlu İskəndər Çəndirli
Ziyad Səmədzadə və onun bacısı oğlu İskəndər Çəndirli

O, dövlət satınalmalarına nəzarəti həyata keçirən quruma rəhbərlik etdiyi 7 il ərzində Dünya Bankı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq institutlarla şəffaflığın artırılması və korrupsiyanın aradan qaldırılmasına yönəlmiş elektron satınalmalar sisteminə keçidlə bağlı qanunvericiliyin yaradılması və pilot qaydada tətbiqi üçün çoxsaylı layihə və seminarların iştirakçısı olub. Lakin sistemi hələ də dəyişmək mümkün olmayıb. Əvəzində məmur olduğu dövrdə, həm də vəzifədən getdikdən sonra yüz minlərlə dollar dəyərində şirkətlərin qurulmasına nail olub.

Onun gətirdiyi avtobuslar indi marşrutlardan çıxarılır

İskəndər Hüseyn oğlu Çəndirli 2008-ci ilin noyabrında prezident seçkilərindən sonra Nazirlər Kabinetinin formalaşdırılması

zamanı

hökumətin tərkibinə düşmüşdü. Bu təyinata qədər ictimaiyyət onu 2007-ci ilin noyabrında Bakıda avtobusla sərnişin daşımaları ilə məşğul olan “Transqeyt” MMC-nin baş meneceri qismində tanımışdı. Bu səbəbdən Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə gətirilməsi gözlənilməz idi. Bakı Dövlət  Universitetinin  mexanika-riyaziyyat fakültəsini bitirən İ.Çəndirli media qarşısına ilk dəfə publik olaraq Nəqliyyat Nazirliyi ilə razılaşma əsasında Koreyadan yüzlərlə “DAEWOO” avtobuslarını alınıb gətirilməsi haqda

açıqlaması

ilə çıxmişdi.

İskəndər Çəndirli bu nəqliyyat vasitələrində sərnişinlərin rahatlığı üçün yaradılan şəraitdən söz açmışdı. 2009-cu ildə Nəqliyyat Nazirliyinin rəsmiləri “Turan” İnformasiya Agentliyinin sorğusuna cavab verərkən etiraf

edirdi ki

, avtobusları özəl şirkət deyil, dövlət alıbmış. Hər biri orta hesabla 156 min ABŞ dollarına alınan 222 avtobusun dəyəri dövlət büdcəsi hesabına ödənilmişdi. 2015-ci ildən başlayaraq bu avtobuslar köhnəlmə və yararsız hala düşmə səbəbilə Bakıda marşrutlardan kənarlaşdırılaraq hərraclarda satıldı, sərnişindaşımalar sektorundan sıxışdırılıb çıxarılan “Transqeyt” şirkətinin dövlətə borcunu ödəyib-ödəmədiyi haqda isə sual açıq qalır.

Türkiyə Ticarət Reyestrinin məlumatları İskəndər Çəndirlinin “Transqeyt” şirkətindəki fəaliyyətindən öncəki biznesinə işıq salır. İstanbul Ticarət Palatasında saxlanılan hesabatlarda onun bu ölkədə inşaat sektorunda çalışan ilk şirkəti qurmasının yüksək dövlət vəzifəsinə gətirilməzdən 2 il öncəyə təsadüf etdiyi görünür.

Nüfuzlu ortaq

İskəndər Çəndirli “Continentel” adını daşıyan şirkəti Azərbaycan vətəndaşı Elmar Əliyevlə birlikdə 2006-cı ilin oktyabrında təsis edib. Ortaqlar biznesə 30 min lirə ilə başlayıblar. Bunun 9900 lirəsi İ.Çəndirlinin olub. Şirkət “Continentel Group Eksport İmport Dış Tic. Ltd.” adını daha sonra “Continentel Group İnşaat Eksport Dış Ticaret Limited”lə əvəz edib. 2008-ci ildə təsisçilər şirkətin baş ofisini İstanbulun Muratpaşa məhəlləsindəki iş mərkəzindən Esenyurt Büyükçekmecidəki Mobilyaçılar Çarşısına köçürüblər. Şirkət bu gün də bu iş mərkəzində yerləşir. 2009-cu ildə üçüncü dəfə ad dəyişimi edən şirkət hazırda “Continental” adını daşıyır.

10 oktyabr 2012-ci il tarixində Elmar Əliyev və İskəndər Çəndirli “Continental Group İnşaat Eksport Dış Ticaret Limited”

şirkətinin

 kapitalının 4 milyon lirəyə qaldırılmasına qərar verirlər. Pulun 1 milyon 310100 lirəsini İ.Çəndirli (Vergi kimlik nömrəsi: 2090471208) ödəyib. O, tikinti sektorunda çalışan bu şirkətin 1/3-nə nəzarət edir. Türkiyənin notarial və qeydiyyat sənədlərində ortaqların Bakıdakı ünvanları Mirzəbala Əhmədzadə, ev 3, mənzil 5 olaraq göstərilir. Qrupun Azərbaycandakı

tərəfdaşları

arasında “AKKORD Mərmər Qranit” MMC də var.

2011-ci ilin martında “Continentel Group İnşaat Eksport Dış Ticaret Limited Şirketi” “Lento Group Orman Ürünleri Mobilya İnşaat Turizm San. Dış Tic. Ltd. Şti.” ortaqlığındakı  500 min lirəlik sərmayə payının hamısını Ahmet Baysan adlı investora satır.

“Lento Group Orman Ürünleri Mobilya İnşaat Turizm Sanayi Dış Ticaret Limited Şirketi” 2008-ci ilin iyul ayında İstanbulun Küçükçekmece İkitelli Organize Sənaye Bölgəsində yaradılıb. Azərbaycan sərmayəsi ilə yaradılan “Continentel Group İnşaat Eksport Dış Ticaret Limited Şirketi”nin şəriki  Türkiyə sərmayədarlarına məxsus “Lento İnşaat Turizm Sanayi Ticaret Limited Şirketi” idi. Azərbaycanlı işadamları “Lento Group” şirkətində 50 faiz paya sahib idilər. Qrup 2008-ci ilin sentyabrında Bakıda Həsənoğlu 2A ünvanında filialını, oktyabrda isə mebel mağazasını açıb. Filiala Fatih Kahraman – Türkiyədəki şəriklərdən biri rəhbərlik etməkdədir.

İ.Çəndirlinin ortağı olan Elmar Əliyev Türkiyədə daha bir neçə biznes layihəsinin iştirakçısıdır. O, Lətif Əliyev və Hüseyn Əliyevlərlə birgə “Metalsan Kulp Mobilya Aksesuarı Tekstil Sanayi Ticaret limited” şirkətin payçısıdır. 2011-2017-ci illərdə Elmar Əliyev həm də prezident İlham Əliyevin dayısı oğlu, onkoloq Cəmil Əliyevin iştirakı ilə yaradılan “Monolit İnşaat Taahhüt Tekstil Turizm Qida Sanayi Ticaret limited” şirkətinin iki ortağından biri olub. İnşaat sektorunda fəaliyyət göstərən şirkətdə ortaqların 2 milyon 250 min lirə kapitalı olub.

“Continental” şirkətinin korporativ internet səhifəsində Azərbaycandakı tərəfdaşının olduğuna işarə edilir. Buradakı korporativ elektron poçtun domeni (continental.az) avtotəmir xidmətləri və hər çeşiddə avtomobil şinlərinin idxalı və satışı ilə məşğul olan “Zahid və Zakir” MMC-yə məxsusdur. Həmin domen isə İ.Çəndirliyə döğma olan Bakının Buzovna qəsəbəsindəki ünvanlardan birinə bağlıdır. “Zahid və Zakir” şirkəti 2000-ci ildən həm də Almaniyanın “Continental” təkərlərinin satışı ilə məşğuldur.  2013-cü ildə, hələ İskəndər Çəndirli SDA-nın direktoru olarkən, Daxili işlər Nazirliyinin Təchizat İdarəsi bu şirkətdən 624182 manat (800 min ABŞ dolları) dəyərində rezin şinlər alınmasına dair müqavilə bağlayıb.

Burada maraq münaqişəsi var

Yüksək vəzifəli məmur kimi çalışdığı dövrdə bizneslə məşğul olmağı dayandırmamasına münasibət bildirən hüquqşünas Aqil Layıcın fikrincə, “Dövlət qulluğu haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlara görə, məmurların dövlət vəzifəsi tutuqları dövrdə maraq ziddiyyətinə yol verilmir.  Məmurlara birbaşa və ya dolayı yolla bizneslə məşğul olmaq, biznes layihələrində iştirak etmək qadağan edilib.

Hüquqşünas Aqil Layıc
Hüquqşünas Aqil Layıcov

“Konkret nümunələr üzərində danışsaq, belə bir vəziyyət yarana bilər: adam dövlət qurumunun rəhbəridir, satınalma təşkil edir və öz şirkətinin qalib gəlməsini təmin edir. Yaxud xüsusi icazə tələb edən fəaliyyət növü üzrə lisenziyanı öz nəzarətində olan təşkilata verir. Bunlar sərbəst bazar iqtisadiyyatını və rəqabəti təhdid altına alan məsələlərdir. Maraq münaqişəsi həm də dövlətin satın aldığı mal və xidmətlərin keyfiyyətinə də mənfi təsir göstərən bir haldır. Bildiyim qədər, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” qanunun layihəsi 2016-cı ildə Ədliyyə Nazirliyində hazırlanıb. Layihədə vəzifəli şəxslərin dövlət və bələdiyyə satınalmalarda iştirakına və vəzifəli şəxslər tərəfindən dövlət və bələdiyyə vəsaitlərinin alınmasına məhdudiyyətlər qoyulub. Parlament hələ sənədi qəbul etməyib,”- Aqil Layıc deyib.

Hüquqşünas Cəlil Əhmədov vəzifəli şəxsin hər hansı şirkətdə payçı olmasını qanun pozuntusu kimi qiymətləndirmir və fikrilərini Vergi Məcəlləsinin müddəaları ilə əsaslandırır: “Məcəllə gəlirləri üç hissəyə bölür – muzdlu işdən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir və digər gəlir. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir də iki hissəyə bölünür: sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətdən gəlir. Dividenddən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab edilir. Dövlət qulluğu və digər qanunlarda, o cümlədən Vergi Məcəlləsində isə məmurların başqa fəaliyyət deyil, məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan olunur”.

Prodakşn sektoruna yatırım

2016-cı ilin yanvarında struktur islahatları çərçivəsində Satınalmalar üzrə Dövlət Agentliyi

ləğv edildi

. Dövlət qulluğunda vəzifəsini itirən İ.Çəndirli İstanbulda biznesini genişləndirməyə girişdi. Həmin ilin fevralında Şişlidə “Apricum Ticaret Ve Gayrimenkul Danışmanlık Anonim Şirketi”, mart ayında isə “Sonenberg Yatırım Ve Danışmanlık Anonim Şirketi”ni təsis etdi. O, hər iki şirkətə 200 min lirə yatırım edib. Əmlak müşavirliyi xidmətləri sahəsində fəaliyyət göstərən birinci şirkət sonradan media sektoruna keçib və “Apricum Medya Prodüksiyon Hizmetleri A.Ş” adı altında fəaliyyətini davam etdirir. 2018-cu ilin dekabrından o, “Göyezen Medya Prodüksiyon Hizmetleri Ticaret A.Ş.” adını daşısa da, biznesdə Apricum ticarət nişanından istifadə etməkdədir. Bədii filmlər, seriallar və reklam çarxları çəkməklə məşğuldur. İndi film çəkilişləri ilə məşğul olan İ.Çəndirli bu sektorda İskəndər Hüseyinoğlu kimi

tanınır

.

İskəndər Çəndirli Milli Məclisin İqtisadiyyat Daimi Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin bacısı oğludur.

Ana səhifəAraşdırmaKeçmiş məmur Türkiyədə film çəkilişlərində özünü sınayır