9 Məşğulluq Mərkəzi 1 il ərzində cəmi 5 keçmiş məhkumu pe.ə kurslarına yönləndirib
“Hər il 700 nəfərə yaxın insan cəzaçəkmə müəssisələrini tərk edir. Onların cəmiyyətə adaptasiyasında iş vacib amildir. Layihə əsasında 2013-cü ildə Məşğulluq Mərkəzlərinə müraciət edənlərin sayını araşdırdıq. Bakının 9 – Yasamal, Xəzər, Xətai, Səbail, Sabunçu, Nəsimi, Nərimanov, Nizami və Binəqədi rayonlarındakı mərkəzlərə baş çəkdik. Məlum oldu ki, ötən il keçmiş məhbuslardan yalnız 90 nəfəri iş üçün müraciət edib. Onların 26-ı işlə təmin olunub. 26 nəfərin 3-ü qadın olub. Cəmi 5 nəfər keçmiş məhkum peşə kurslarına yönləndirilib, ümumiyyətlə onlardan heç biri işsizlik müavinəti almayıb” – Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin yaydığı məlumatda belə deyilir.
Növbəti şans adlanan layihənin mahiyyəti keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək vermək olub.
Monitorinq zamanı bəlli olub ki, keçmiş məhkumların Məşğulluq Mərkəzlərinə müraciət statistikası çox aşağıdır. Ölkədə 20 000-ə yaxın məhkum var. Məhkumların öz hüquqlarından xəbərsizliyi də problem yaradan məsələlərdəndir.
Rayonlar üzrə statistika da açıqlandı. Məlum oldu ki, Nizami rayonundan 28 nəfər, Binəqədidən 6 nəfər, Xəzər 6, Sabunçu 39, Yasamal rayonundan 11 nəfər keçmiş məhkum iş üçün Məşğulluq Mərkəzinə müraciət edib. Nərimanov, Nəsimi, Səbail, Xətai rayonlarından olan keçmiş məhkumların heç biri Məşğulluq Mərkəzinə müraciət etməyib.
2007-ci ildə məhkumluq həyatı yaşayanlar üçün dövlət adaptasiya mərkəzlərinin yaradılması haqda qanun qəbul edib. Ancaq indiyə qədər heç bir iş görməyib.
Layihə zamanı qanunvericilik də öyrənilib. Məhkumların bir sıra hüquqlarının pozulduğu müəyyən olunub. Belə ki, Məşğulluq Haqqında qanunun 19-cu maddəsinə, eləcə də Penitensiar Müəssisələrdə Cəzadan Azad Edilmiş Şəxslərin Sosial Adaptasiyası Haqqında qanunun 13-cü maddəsinə görə, işaxtaran keçmiş məhkumun peşə hazırlığı və əlavə təhsili həyata keçirilməlidir. Məşğulluq Haqqında Qanunun 4-cü maddəsinə görə işaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan ona münasib iş olmadığı halda müvafiq icra hakimiyyəti 11 iş günü ərzində həmin şəxsə işsiz statusu verilməsi haqda qərar qəbul edir. İşsizlik statusu almış vətəndaşa işsizlik müavinəti verilir. Ötən il isə heç bir keçmiş məhkuma nə işsiz statusu verilib, nə də işsizlik müavinəti.
Digər bir məsələ isə cəzaçəkmə müəssisələrini tərk etməyə 3 ay qalmış cəzaçəkmə müəssisələrinin müdiriyyəti həmin şəxslər haqda məlumatı müvafiq icra orqanlarına təqdim etməlidir. Siyahıya əsasən 3 ay sonra azadlığa çıxan keçmiş məhkum işlə təmin olunub, cəmiyyətə qayıtmalıdır. Monitorinq zamanı 9 rayonda məktubların vəziyyətinə də baxılıb. Bəlli olub ki, 9 rayondan yalnız 1-də – Sabunçu rayonunda vəziyyət qənaətbəxş olub.
“Bizdə ən böyük problemlərdən biri cəzaçəkən vaxtı cəzaçəkmə müəssisələrində reabilitasiyaya ailələrin də cəlb olunmamasıdır. Burada faktiki olaraq müəyyən işlər aparılmır. Ölkədə 20 000 məhkumun hər birinə gündə 8 avro xərclənir. İldə isə bu rəqəm 60 milyon manata yaxın vəsait edir. Orta yaş 32 yaşdır. Fiziki cəhətdən onlar möhkəm və gəncdirlər. Onların işlə təmin olunması üçün isə heç bir iş aparılmayıb. Cəzaçəkmə müəssisələrində məhkumların 99 faizi işlə təmin olunmur. Bir adam 8 il, 10 il cəzaçəkmə müəssisəsində işləmədən oturursa o azadlığa çıxdıqdan sonra bir neçə ay ərzində düzələ bilərmi?” – birliyin sədri Kamil Səlimov dedi.
K.Səlimov xarici ölkələrdən örnək də gətirdi. Avropa və Amerika arasında müqayisələr apardı. Onun sözlərinə görə, Amerikada 2013-cü ilin rəqəminə əsasən 1 milyon 260 min məhkum var:
“Hər il onların saxlanmasına 50 milyard dollar xərclənir. Onlar işi elə qurub ki, 50 milyard xərcləsələr də 72 milyard pul qazanılır. Bizdə cəzaçəkmə müəssisələrinin tabeliyində olan istehsalat sahələrinin 80 faizi işləmir. Onlar niyə işləmir – bu da digər sualdır”.
Təşkilatın sədri bildirdi ki, regionlarda məhsul yığımı zamanı məhkumların əməyindən istifadə etmək olar. Təbii ki, onlara aylıq maaş nəzərdə tutulmaqla. Sovetlər dönəmində müxtəlif mebellər, taxta ləvazimatların istehsal olunduğu müəssiələrin hazırda niyə işləməməsi də sual altındadır.
K.Səlimov keçmiş məhkumumların adaptasiyası sahəsində məsuliyyət daşıyan qurumlara təkliflər hazırladıqlarını, medianın bu məsələni gündəmdə saxlamasının vacibliyini də vurğuladı.