Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının əmlakları da müsadirə olunub
Həbsdə olan keçmiş icra başçılarından daha birinin məhkəməsi yekunlaşıb. 2018-ci ilin fevralından 2020-ci ilin dekabrına qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olmuş Namiq Zeynalov 12 il azadlıqdan məhrum edilib.
İyulun 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyilə ona hökm oxunub. Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının əmlakları da müsadirə olunaraq, yeyinti nəticəsində dəymiş ziyanın ödənilməsinə yönəldilib.
Namiq Zeynalovun vaxtilə rəhbərlik etdiyi qurum – Cəlilabad Rayon İcra Hakimiyyəti ondan 3 milyon manat ödəməyi tələb edir. Məhkəmə prosesində ona qarşı 3 milyonluq mülki iddia qaldırıb. Eyni zamanda, Dayanıqlı və Operativ Sosial Təminat Agetntliyi (DOST Mərkəzi) də ona qarşı 50 min manatlıq ayrıca mülki iddia qaldırıb.
İddia olunur ki, Namiq Zeynalov icra başçısı vəzifəsində işlədiyi dövrdə yeyinti, vəzifə səlahiyyətlərindən sui-istinfadə nəticəsində icra hakimiyyətinə, DOST Mərkəzinə bu qədər ziyan vurub.
Hökm elan olunmamışdan əvvəl Namiq Zeynalov məhkəmədən himanist yanaşma xahiş edib.
“Dövlət ttihamçısının tələbiylə razı deyiləm. Özümü qismən təqsirli bilirəm. Məhkəmədən də barəmdə humanist hökm çıxarılmasını xahiş edirəm”, – Namiq Zeynalovun məhkəmədə son sözündə bildirib.
Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2020-ci il dekabrın 7-də keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Cəlilabadın icra başçısı təyin edilməmişdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.
Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.
Həbs olunanlardan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il azadlıqdan məhrum edilsə də, hökmdən az sonra koronavirusa yoluxub və sentyabrın 5-də vəfat edib.
Yevlaxın keçmiş icra başçısı Qoca Səmədova Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 3 ay həbs cəzası kəsilsə də, sonradan Şəki Apellyasiya Məhkəməsi müddəti 6 ilə endirmişdi.
Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev və Kürdəmirdə eyni vəzifəni tutmuş Ceyhun Cəfərova da hökm oxunub. Ceyhun Cəfərov 8 il 6 ay, Mahir Quliyev isə 11 il azadlıqdan məhrum edilib. Mahir Quliyevin cəzası apelyasiya məhkəməsində 6 ay azaldılaraq, 10 il 6 aya endirilib.
Keçmiş məmurlar məhkəməyə ifadələrində verilmiş ittihamlar üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir, prokuror ona 13 il həbs cəzası istəyib.
Şəmkirin sabiq icra başçısının işi üzrə istintaq isə hələ yekunlaşmayıb.