Keçmiş FHN işçisinə hökm oxundu

Etibar Əliyev dələduzluqda ittiham edilir

Source:


Etibar Əliyev dələduzluqda ittiham edilir

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fövqəladə Hallar Nazirliyininin əməkdaşı Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Meydan TV-nin məlumatına görə, E.Əliyev Bakı sakini Nəsimi Əsədova qarşı dələduzluq əməli törətməkdə ittiham olunur. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin inspektoru vəzifəsində çalışmış Etibar Əliyev Nəsimi Əsədovdan 11500 manat pul alıb. Bunun qarşılığında isə Etibar Əliyev Nəsimi Əsədovu FHN-ə işə düzəltməyə söz verib.

Məhkəmə prosesində elan olunub ki, zərərçəkmiş Nəsimi Əsədov şikayətini geri götürüb. Buna səbəb Etibar Əliyevin dəymiş zərəri ödəməsi olub. Bununla da tərəflər arasında barışıq əldə edilib.

Hazırda həbsdə olan Etibar Əliyevin Nəsimi Əsədova qarşı törətdiyi cinayət əməli Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılarkən ev dustaqlığında olub. Amma iki gün əvvəl Etibar Əliyev həbs edilib. Onun həbs edilməsinin səbəbi başqa şəxslərə qarşı da dələduzluq əməli törətməsidir. Hazırda Etibar Əliyevin digər əməlləri ilə bağlı istintaq davam etdirilir.

Martın 13-də baş tutan məhkəmədə isə Etibar Əliyevə Nəsimi Əsədova qarşı tutduğu cinayət əməlinə görə hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, E.Əliyev dəymiş zərəri ödədiyi, zərərçəkmiş tərəfin şikayətinin olmaması və onun ilk cinayət əməli olması yüngülləşdirici hal kimi qiymətləndirilməlidir.

Məhkəmənin hökmü ilə E.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, 2 il sınaq müddətinə azadlıqdan məhrum edilib. Lakin onun barəsində başqa cinayət işi olduğundan və həmin işə görə həbs edildiyindən, o, azadlığa buraxılmayıb.

Ana səhifəXəbərlərKeçmiş FHN işçisinə hökm oxundu