Keçəlin toyunun müqəddəsliyi

Amazon qadınları da e.ə. 8-10 cu minilliklərdə yaz aylarında xoşlarına gələn kişilərlə müvəqqəti evlənərmişlər…

Source:


Yazda niyə “qan qaynayır”?

Yazla bağlı deyimlərdən biri də “qan qaynayır” ifadəsidir. Belə düşünülür ki, yaz olanda yeniyetmələrdə, hələ evlənməmiş gənclərdə, əks cinsə olan maraq, sevmə istəyi hiss olunacaq dərəcədə artır, hardasa payızda bollaşan toyların təməli qoyulur. Əlbəttə ki, əks cinsə olan marağın, yaxud, birinə aşiq olmanın xüsusi “sezonu” olmur. Amma bu ifadəni də görməməzliyə vurmaq olmaz. Bəs onda yazda niyə “qan qaynayır”?

Bu deyimin ən azı beş min ildən çox yaşı var. Və o, bu gün Novruz bayramı adlandırdığımız bir bayramla, daha doğrusu, onun ilk variantı olan tanrı Dumuzi və tanrıça İnannanın müqəddəs toyu ilə paralel olaraq meydana gəlib.

Əkinçilik meydana gəldikdənsonrayaratma, törətmə, məhsuldarlıq qabiliyyətinə görə torpaq və qadın arasında əlaqə görülməyə başlandı. Ona görə də torpaq və qadın eyni dərəcədə müqəddəs sayılırdı. Bununla yanaşı, insanın dünyaya gəlməsiylə bağlı hər şey müqəddəs qəbul edilirdi: sevgi, seks, kultlaşmış qadın cinsi orqanı (daha sonralar patriarxatlıq nəticəsində, hətta bəzi ölkələrdə bu gün belə davam edən fallus kultu meydana gələcək), qadının menstruasiyası, hamiləliyi, doğması, uşağı əmizdirməsi və s. Beləliklə, təbiət ana, torpaq ana, doğan ana, tanrıça ana eyni idi.

(Aristotel və Platonun əsərlərində də təbiət və qadın identifikasıyası özünü göstərir. Sonralar qadına nifrətin kulminasiya dövrü olan Orta Əsrlər Avropasında qadın və təbiət şeytanın təmsilçisi kimi təqdim edildi).

Neolit dövründən başlayaraq, qədim insanlar min illər boyunca , torpağın bərəkəti və məhsuldarlığı artsın deyə, kütləvi evliliklər və bununla bağlı mərasimlər təşkil edirdilər.

(Ona görə də təkallahlı dinlərdə, əvvəlki paqanist dini bilikləri beyinlərdən silmək üçün ən güclü hücum seksə edildi. Təsadüfi deyildi ki, məsələn, iudaizmə görə ilk insanlar – Adəm və Həvva seks olmadan yaranmışdı, biri palçıqdan, biri də kişi qabırğasından!)

Seksi murdar sayan iudaist əxlaq məntiqindən çıxış edən islamçılar Babək və xürrəmilərə qarşı “əxlaqsız” damğasıyla hücum edirlər. İttihamın səbəbi xürrəmilərin yaz bayramında (martın 21-ndə) xüsusi içki içərək qadınlı-kişili seksual münasibətdə olmalarıyla bağlıdır. Seks-yaranma-bərəkət əlaqəsini yaz bayramında yaşadan xürrəmilərə, palçıq-qabırğa-insan əlaqəsinə inanan düşüncə sahiblərinin qarşı çıxması normaldır.

 Amazon qadınları da e.ə. 8-10 cu minilliklərdə yaz aylarında xoşlarına gələn kişilərlə müvəqqəti evlənərmişlər. Sonra öz yaşadıqları yerə geri qayıdar, müəyyən müddət sonra dünyaya gətirdikləri uşaq qız olsa özlərinə saxlayar, oğlan olsa atalarına verərmişlər.


Kosa niyə ölüb dirilir?

Novruz səhnəciklərində Kosanın yerə yıxılıb ölməyi, sonra dirilməyi çoxlarına məntiqsiz və şit görünsə də, bu Novruz elementinin minillərlə yaşı və özünəməxsus məntiqi var.

Qədim insanlar insan və təbiəti bir-birindən ayrılmaz hesab edir və payız aylarını təbiətin ölməsi, yaz aylarını isə dirilməsi kimi qavrayırdılar. Ona görə də ölümə inanmırdılar. (Monoteist dinlərdə insanların öləndən sonra dirilməsi də, bu dünyagörüşün fərqli biçimdə uzantısıdır.)

Misir miflərində Osirisin ölüb dirilməsindən fərqli olaraq, Şumer miflərində Dumuzinin payızda ölüb yazda dirilməsi toyla nəticələnir. (Bütün bunları detallarıyla göstərmək çox zaman alacağına görə yazmıram.)

Novruz qəhrəmanları olan Kosa, Keçəl və Keçinin prototipi bitkiçilk və heyvandarlıq tanrısı Dumuzidir. O, həm də çobandır. (O zamanlar üçün müqəddəs peşə sayılan cobanlıq xristianlığa qədər dəyərini qoruyub saxlayır: İsanın da özünü çoban adlandırmasını xatırlayaq).

Təbiətin simasında ölüb-dirilmə motivi mitraçılığın Roma versiyasında da özünü göstərir. İrandakı mitraçılıqdan fərqli olaraq Romada Mitra ölüb dirilir.O özünü insanlıq uğrunda fəda edir. Sonralar xristianlıqda İsanın timsalında biz bunu təkrar görürük. (Qeyb olmuş 12-ci imam Sahib əz Zamanın bir gün dirilib gələcəyi də bunun islami versiyasıdır).

Minilliklər boyu keçi (və buğa) Dumuzinin simvolu oldu. Qədim yunanlarda Dumuzi Dionis adlandırdı, onun da simvolu keçi idi. Şumer ətrafı bölgələrdə günah keçisi anlayışı var. Yunanlara da sıçramış bu anlayışa görə Dionis bütün insanların günahını öz ölümüylə yuyur. Və yunanlar onu təmsil edən keçini qurban edərdilər. Xristianlıqda İsanın bütün insanların günahlarını öz üzərinə götürərək qurban getməsi də həmin çevrilmədir. Bu baxımdan Novruz bayramındakı Keçi-Dumuzi əlaqəsi anlaşılandır. Kosa da Dumuzidir. Dumuzinin gəlişindən , daha doğrusu dirilişindən yaz doğulacaq. Ana təbiət onun simasında bahara hamilədir:

Mənum kosam canlıdır,

Qolları mərcanlıdır.

Kosama əl vurmayın,

Kosam ikicanlıdır

Kosa, keçəl, keçi, qədim şumer miflərindən bu günümüzədək gəlib çıxan prototiplərdir. Bu prototiplər bir zamanlar Mesopotomiyadan Finikiyaya, Yunanıstana, Anadoluya, və nəhayət Azərbaycana qədər yayğın olub. Sonralar monoteist dinlərin gəlişiylə bu prototiplər paqan ünsürü adlandırılaraq aradan qaldırılmağa çalışılıb. Bundan sonra bəzi xalqlarda bu tiplər tamamilə itib, bəzi xalqlarda isə (məsələn bizdə) modifikasiyaya uğrayıb.

Şumer ilahəsi İnanna Babilistanda İştar adlanır. Tanrı və tanrıçalarının göydə yaşadığına inanan şumerlər, onların hərəsinin bir ulduzda ifadə olunduğunu düşünürdülər. İnannanın ulduzu Zöhrə idi və onun gecə və səhər görünmələri müxtəlif cür mənalandırılırdı. Gecə görünən Zöhrə eşqi simvolaşdırırdısa, quldarlıq quruluşunun meydana gəlməsiylə və müharibələrin yayğınlaşması səbəbiylə, səhər görünən Zöhrə müharibəni təmsil edirdi. Bu gün Hind-Avropa dillərində ulduz mənasını verən Star (bizlərdə farslardan keçmə Sitarə adı həmin stardır) bütün Yaxın Şərqə yayılmış İştarın adındandır. Finikiyada Astarte adlanan İştar Yunanıstanda Afrodita olur.

Tanrıça İştar Avropada Ester şəklinə salınaraq dini çalarda bayramlaşdırılıb. Araşdırmaçılara görə, bu söz “yenidən doğulma” deməkdir. İnanna ilə Dumuzinin toyu Azərbaycanda atəşpərəstlik zamanı Novruza, islamçılıq zamanı isə imam Əlinin taxta çıxan gününə “çevrildiyi” kimi, (bu “çevrilmə”ləri uzatmaq olar) Xristianlıqda da İsanın çarmıxa çəkilmiş meyidinin göyə qaxması, dirilməsi, yenidən doğulmasına “çevrilib”. “Yenidən doğulma” avropalılarda Dumuzi ilə deyil, İnanna (İştar) ilə əlaqəlidir. Almanlarda bu bayram Ostern adıyla qeyd edilir.

Azərbaycanda yaz şənliklərində Dumuzinin üç simvolu varsa, İnannanın simvoluna rast gəlinmir, yəni, qadın cinsində obraz yoxdur. Sadəcə bir dəfə Kosanın Dərbənddən gətirdiyi qoz-fındığı satıb arvad almasından, sonra da həmin arvadın ölməsindən bəhs olunur. Burada da ölüm motivinin mövcudluğu təbiidir, amma kosanın dirilməsindən fərqli olaraq kosanın arvadının dirilməsi məsələsi yoxdur. Səbəb son dərəcə məntiqidir: yarandığı dövrdən üzü bəri patriarxallaşa-patriarxlaşa yol gələn bu bayram, bir çox dinlərin içindən keçib günümüzə çatıb. Xüsusilə, qadınlara bürünməyi əmr edən islamın gəlişindən sonra Novruzda kim öz arvadına, qızına İnanna obrazında tamaşa göstərməyə icazə verərdi? Şübhəsiz ki, məhz patriarxal düşüncənin nəticəsi kimi bu şənliklərdə qadın obrazı tarixin keçidlərindən sağ-salamat qurtula bilməyib və yarı yolda qalıb. Sovet dövründə baş katib işləmiş Şıxəli Qurbanovdan sonra ilk dəfə Novruz bayramı rəsmi olmasa da, bayram kimi keçirilməyə başladı və Novruz tamaşasının ssenarisinə bahar qız əlavə olundu. Deyim ki, bu əlavə sonradan artırılsa da, əsla onun strukturuna və mahiyyətinə zidd deyil, əksinə tamamlayıcı ünsürdür.


Müqəddəs toy

Torpağın bərəkəti və məhsuldarlığı artsın deyə qədim şumerlilər torpağı simvollaşdıran tanrıça İnanna ilə yağışı simvollaşdıran tanrı Dimuzinin müqəddəs toyunu edirdilər. Hər iki tanrı bərəkət kultunun simvollarıdır. Qadın və kişinin evliliyindən insanlar yarandığı kimi yağışla torpağın təmasından (torpağın yağışla mayalanması kimi) təbiət yaranır (canlanır). Ona görə də Şumer mətnlərində yaz şənlikləri özünü tanrıların müqəddəs toyu kimi ifadə edir. Yəni bərəkət, eşq tanrıçası İnanna və bitki (həm də heyvandarlıq) tanrısı Dumuzinin bahar gələndə müqəddəs evliliyi. (Dumuzinin yeraltından çıxıb dirilməsindən sonra) Şumer kralları və kraliçaları özlərinin timsalında bu evliliyi hər bahar xüsusi mərasim şəklində qeyd edirdilər. Yeri gəlmişkən, bugünkü Yaxın və Orta Şərq xalqlarının əksəriyyətinin davam edən toy ənənələri ilə də biz ilk dəfə şumer mətnlərində rastlaşırıq. Bu mətnlərində toydan qabaq Dumuzinin İnannaya toy hədiyyələri – müxtəlif bitki məhsullarını gətirməsindən bəhs olunur. Bundan başqa, yazılı tabletlərdə yazılan: gəlinin (İnannaın) toyqabağı xüsusi olaraq hamamda yuyunması, gəlin otağının təmizlənməsi və bəzənməsi, gəlinini özünün bəzənməsi, toydan qabaq bəyin gözünə görünməməsi, bəyin (Bəy evinin) xonçalarda xüsusi hədiyyələrlə gəlməsi, hədiyyələrin düzülməsi, təqdim və nümayişi, toyun rəqslər, mahnılarla müşayət olunması, toyda böyük ziyafətlərin verilməsi, hər kəsin qarnını doyurulması və s. adətlər indiyədək qalır.

Novruz mətnlərində gördüyümüz bu parcanın yaşını indi təyin edə bilərsiniz:

“…Yığar bayram xonçasın

Keçəlin toyun eylər.”

“Müqəddəs toy”un Novruz şənliklərində indiyədək salamat qalmış izləri çoxdur: həyət-bacaların bəzənməsi, bayramı təmiz, yuyunmuş halda, təzə paltarla qarşılamaq, evin bəzədilməsi, xonça bəzədilməsi, süfrəyə bəzi nemətlərin qoyulması, dadlı xörəklərin hazırlanması, ellikcə müxtəlif oyunların, yarışların təşkil edilməsi, bayramın musiqi ilə müşayət olunması və s.

İnnanna və Dumuzinin toyunun izləri, bəzi araşdırmaçılara görə Xristianlıqda da məzmunu dəyişərək saxlanılır. Məsələn, xristianlıqdakı vaftiz (xaç suyuna salınma, yəni yuyunma) və İsanın kilsə ilə (İnannanın timsalında) evlənməsi birbaşa dediklərimizə sübutdur.


Donuz piri?!

Şumerlilərin hansı xalqın əcdadı olması məsələsində mübahisələr bu gün də davam edir, amma onları prototürk sayanlara qatılıram. Şumerlilər özlərinə Kəngər deyirdilər və bu gün Azərbaycanda özünü Kəngər tayfalarından sayanlar var. Hazırda dilimizdə 800-ə yaxın şumer sözlərindən istifadə edirik. İnannanın adını İoanna, Anna, Yohanna, Hannah, Nina, Nana və s. kimi adlarla başqa xalqlar yaşadır, bizdəki variantı isə Nanə adıdır. Türkiyədə aylardan biri Dumuzinin adını daşıyır: Temmuz, iyul ayı. Dumuzi bir zamanlar müqəddəs heyvan olan vəhşi donuzla eyniləşib. Dilimizdəki donuz kəlməsinin Dumuzinin adıyla əlaqəli olduğunu qeyd edən türkdilli şumerşünaslarla həmfikirəm. (Türklər donuza domuz deyirlər.) Əlavə olaraq Azərbaycanda müqəddəs hesab edilən Donuz piri var. Donuzu murdar hesab edən bir islam ölkəsində necə ola bilər ki, donuz adlı müqəddəs pir olsun? Bu pirin Dumuzinin adı ilə bağlı olması ağlabatan deyilmi?

Dilimizdəki başqa bir söz, damazlıq sözü də heyvandarlıq tanrısı və çoban olan Dumuzinin adının bir törəməsi kimi görünür.

Və nəhayət, mən bu yazı vasitəsilə sevgi, bərəkət, bilik, yaz tanrıçası İnannanı sizlərə təqdim etməklə həm də təxəllüsümün mənasını açmış oldum.

Ana səhifəMənim FikrimcəKeçəlin toyunun müqəddəsliyi