“Kazaryan rus sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar”

Aramyan: “Qubadlının Azərbaycan ərazisi olduğunu bilirdim, amma…”

Source: Report.az


Aramyan: “Qubadlının Azərbaycan ərazisi olduğunu bilirdim, amma…”

Azərbaycanla Ermənistan arasında müharibənin dayanması barədə razılaşmadan təxminən bir ay sonra Xocavənd rayonu ərazisindəki meşəlik ərazilərdə saxlanıldığı deyilən Ermənistan vətəndaşlarından ibarət ayrı-ayrı qrupların işi üzrə Bakıda məhkəmələr davam edir. İyulun 1-də 13 nəfərlik qrupun işi üzrə məhkəmə istintaqı başlanıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, proses Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, noyabrın 10-da tərəflər arasında müharibənin başa çatmasına dair razılaşma imzalanmasına baxmayaraq, təqsirləndirilən şəxslər silahlanaraq, Azərbaycanın işğaldan azad etdiyi ərazilərinə gizli şəkildə gəliblər. Meşələrdə gizlənib, terror-təxribatlar törədiblər. Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra təqsirləndirilən şəxslər ifadə verib.

Robert Qevorkyan bildirib ki, müharibə başa çatsa da, noyabrın 26-da onları hərbi hissəyə çağırıblar. Orada təxminən 100 nəfərə silah verib, yola salıblar. Səhərə yaxın Laçında olduqlarını görüblər. Elə həmin vaxt yolda rus sülhməramlıları ilə qarşılaşıblar: “Komandirlərimiz sülhməramlılarla danışdılar. Onların razılığı ilə yolumuza davam elədik. Bir az gedəndən sonra maşından düşdük, piyada getdik. Biz çatanda o biri erməni əsgərlər dağdan düşürdü, biz onların əvəzinə qalxırdıq. Bizə də demişdilər ki, növbə dəyişikliyidir. 24 gündən sonra da biz qayıdacağıq. Dekabrın 13-də əmr gəldi ki, biz dağdan düşək. Düşəndə Azərbaycan hərbçiləri bizi saxladı. Bizdən silahları yerə qoyub təslim olmağımızı tələb elədilər. Demişdilər ki, bizi rus sülhməramlılara verəcəklər. Biz də təslim olduq”.

Təqsirləndirilən şəxs dindirmə zamanı bildirib ki, olduqları yerin Laçın ərazisi olduğunu bilib. Həmin vaxt onlara polkovnik Arsen Kazaryan rəhbərlik edib.

Qevokyan istintaqa ifadəsində isə deyib ki, həmin vaxt məqsəd o ərazilərdə mövqelərini qorumaq idi: “Arsen həmin ərazilərin Ermənistana aid olduğunu demişdi, biz də ona inanmışıq. Bizə yaxınlaşan əsgərlərə silahlı müqavimət göstərmək tapşırılmışdı”.

Təqsirləndirilən Karen Aramyan deyir ki, onların mühafizə etdikləri ərazidə yaşayış yox idi. Aramyanın sözlərinə görə, onu hərbi komissarlığa çağırmayıblar, noyabrın 27-də birbaşa hərbi hissəyə gətirib, silah və zirehli geyim verərək, dağa göndəriblər.

Karen Aramyan bildirib ki, o, Hadrut meşələrinə gəlməkdən imtina edə bilməzdi. Çünki bundan imtina edənləri fərari kimi həbs eləməklə hədələyirdilər. Onun sözlərinə görə, Hadrut kimin harada hansı işi görməsi məsələsində qərarverən şəxs Kazaryan idi.

Karen Aramyan onu da bildirib ki, 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət edib və oranın Azərbaycan ərazisi olduğunu bilirdi: “Amma etiraz edə bilməzdim. Çünki orada ermənilər yaşayırdı”.

Təqsirləndirilən şəxs Kazaryanın onları Hadruta gətirəndə aldatdığını da vurğulayıb. Onun sözlərinə görə, Kazaryan deyib ki, sülhməramlılar Azərbaycanla Ermənistanın yeni sərhədlərini müəyyənləşdirib, onların dayandığı yer də ermənilərdə qalıb: “Biz orada olduğumuz müddətdə hər gün bir nəfər atla düşüb aşağıdan ərzağı gətirirdi. Bizə deyirdilər ki, ərzaq Xocavənddədır. Mən müharibəyə çağrılmamışam. Müharibədən sonra bizə dedilər ki, siz ehtiyatda saxlanmısınız, ona görə də müharibədən sonra təyin olunan sərhədləri qoruyacaqsınız”.

Hakim Faiq Qəniyev deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər var. O, istintaqdakı ifadəsində deyib ki, Kazaryanın tapşırığı ilə Hadrutda yerləşdiriliblər. Onlara tapşırılıb ki, Azərbaycan hərbçiləri əraziyə yaxınlaşa, vursunlar.

Təqsirləndirilən Andranik Manukyan ifadə verərkən özünü qismən təqsirli bilib. Etiraf edib ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyini bilirdi: “Amma biz əmr icra edirdik, özbaşına deyildi axı. Kazaryan rus sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar. Bizdən bir neçə kilometr aralıda Azərbaycan postları idi. Amma nə onlar bizə atəş açırdı, nə də biz onlara. 14 gün orada qalandan sonra bizə zəng etdilər ki, düşün aşağı. Biz qida göndərilən yerə düşdük, orada bizi erməni komandir qarşılamalı idi. Amma düşəndə gördük ki, komandir orada yoxdur, qaçıb. Təxminən yarım saat yol gedəndən sonra Azərbaycan əsgərləri ilə rastlaşdıq. Azərbaycan əsgərləri bizə dedi ki, təslim olun və silahları təhvil verin. Biz də silahlarımızı təhvil verdik”.

2015-2017-ci illərdə hərbi xidmətini Tərtər rayonunun Tonaşen kəndində çəkdiyini deyən Manukyan 10 noyabrda müharibənin dayanması haqda razılaşma imzalanmasından xəbərdar olduğunu desə də, həmin vaxt bəyanatın detallarından məlumatsız olduğunu bildirib: “Bu aktın hansı şərtlərlə imzalandığını, Azərbaycanın hara qədər torpaqları azad etdiyini bilmirdik”.

Digər təqsirləndirilən şəxslər də oxşar məzmunlu ifadələr veriblər. Məhkəmə prosesi iyulun 5-də davam edəcək.

Ana səhifəXəbərlər“Kazaryan rus sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar”