“Anladıq ki, bizi burada endirib Rusiyanın daha ucqar guşələrinə deportasiya edəcəklər”
Katerina 20 il ərzində Mariupolda yaşayıb və işləyib. O, dağılmış Mariupol şəhərindən qaçmağa çalışarkən ailəsi ilə birlikdə zorla Rusiyaya aparılıb. Taqanroq dəmiryolu vağzalında ailə işğalçıların onları öz ölkələrinə sürgün etdiklərini anlayıb və qaçmağa cəhd göstərib.
“LRT.lt” onunla danışıb, başına gələnləri işıqlandırıb.
– Katerina, həyatda qalma hekayəni danışa bilərsənmi? Mariupoldan nə vaxt ayrıldınız?
– Ailəm və mən Mariupolda yaşayırdıq. Hərbi əməliyyatların başladığı gündən mart ayının 23-dək biz mühasirəyə alınmış Mariupolda olmuşuq. Evin içindən çıxıb zirzəmidə gizləndik. Orada çox qala bilmədik, çünki bombalama başladı, zirzəmi yandı və biz qonşu evin sığınacağına qaçmalı olduq. Biz yanğınlardan, yaralanmalardan sağ çıxdıq və bütün əşyalarımız, o cümlədən evimizin və sənədlərimiz məhv oldu. Yemək və içməli suyumuzun bitməsinə, tibbi və humanitar yardımların, yaşıl dəhlizlərin olmamasına baxmayaraq sağ qaldıq.
Rus işğalçılarının şəhəri dayanmadan bombalaması və hava zərbələri endirməsi nəticəsində sağlamlığımız və canımız bahasına şəhərdən çıxmalı olduq. Bu şiddətli yanğınlar olduğu halda biz piyada qonşu Nikolskoye kəndinə getdik, Mariupolun digər sakinlərindən aldığımız məlumata görə burada könüllülər yemək və su verirdilər.
Biz ora getdik. Beş nəfərdən ibarət olan ailəmi öz istəyimiz olmadan hərbi geyimli şəxslər qanunsuz olaraq oğurlayıb apardılar. Bu hadisə 23-25 mart tarixlərində baş verib. Bizi avtobusa mindirdilər və hara apardıqlarını bilmirdik. Bizi Ukrayna ərazisinə apardıqlarını düşünürdük. Elə bilirdik ki, Zaporojye gedəcəyik. Təxminən 20 saat yol getdik.
Digər insanlarla birlikdə bizi dəmiryolu stansiyanda endirdilər. Bura Rusiyanın Taqanroq şəhəri idi. Anladıq ki, bizi burada endirib Rusiyanın daha ucqar guşələrinə deportasiya edəcəklər. Oranı tərk etməyə çalışdıq. Biz bu dəmiryolu vağzalından qaçdıq və təsadüfi mindiyimiz avtomobillər, yük maşınları, elektrik qatarları ilə və piyada olaraq Rusiya-Latviya sərhədindəki Buraçki keçid məntəqəsinə gəldik. Aprelin 6-na keçən gecə biz işğalçının ərazisini tərk etməyi bacardıq. Latviyaya, daha sonra Litvaya daxil olduq. Biz indi Vilnüsdəyik.
– Mariupolun digər sakinləri də şəhəri tərk etməyə çalışdılar, yoxsa işğalçıların belə qəddar davranmasını gözləmirdilər?
– Sakinlərin çoxu orada qalıb və hələ də orda yaşayır. Ailəm və mən hadisələrin belə olacağını gözləmirdik. Biz son ana qədər tezliklə hər şey sakitləşəcəyini və razılaşma olacağını düşünürdük. Mariupoldan qaçmalı olacağımızı düşünmürdük. Sakinlərin çoxu orada qalıb. Əminəm ki, onlar şəhərdən çıxa bilmirlər.
– Mariupolda qalan qohumlarınız və dostlarınız var? Onların taleyi necə olacaq?
– Çox təəssüf ki, bəli. Xalam və nənəm Mariupolda qalıb. Bizim onlarla əlaqəmiz kəsilib. Hələ də orada işıq, qaz, su yoxdur. İnternetə qoşula bilən tanışlarımız bizə nənəm və xalamın sağ olduğunu deyib. Allaha şükür, onlar gizləniblər. Onlar hələ də bu qeyri-insani şəraitdə hansısa şəkildə sağ qalmağa çalışır. Mənim orada dostlarım, həmkarlarım da var idi, onlardan bəzilərini tapa bilmirik. Bəzi həmkarlarımız, tanışlarımız ölüb, digərlərindən isə xəbər ala bilmirik.
– Azad edilmiş Mariupola qayıtmaq üçün ümidiniz varmı?
– Ümid hər zaman var. Biz həqiqətən müharibənin tezliklə sona çatacağına ümid edirdik. Biz həmçinin qaçıb sağ qalacağımıza ümid edirdik, Allaha şükür ki, bunu bacardıq. Buna görə də ürəkdən bütün bunların tezliklə bitəcəyinə, ailəmlə birlikdə geri qayıda biləcəyimizə ümid edirəm. Mən buna çox ümid bəsləyirəm. Biz bütün dünyanın müharibənin bitməsinə hansısa şəkildə təsir göstərməsini və şəhərin mümkün qədər tez bərpa edilməsini istəyirik.
– Dağılmış evinizə qayıtmağa ümid edirsən…
– Təəssüf ki, bu gün, bu, mümkün deyil. Mənim evimin bir qismi dağıldı. Ailəmin evi yandı. Bugünlərdə geri dönəcəyimizi təsəvvür etmək çətindir. Ancaq müharibə bitdikdən sonra, gələcəkdə Mariupolda bərpa işlərinin başlayacağına ümid var. Bəli, biz Mariupola dönəcəyik. Bəli, biz öz vətənimizə qayıdacağıq.