Ölkənin maşın bazarında durğunluq yaşanır. Aprelin birindən ölkəyə gətirilən avtomobillərə Avro 4 standartının tətbiqinə başlanması bazarda alıcılığı daha da aşağı salıb. Maşınlar getdikcə bahalaşdığından satıcılar gündən günə müştəri sayının azaldığından gileylənirlər.
“Benzin qalxandan sonra maşınların qiymətində azalma hiss olunur. Bu isə mühərrikinin həcmi az olan maşınlarda daha çıx hiss olunur.”
“Alıcı kasıbdır. Pulu yoxdur. Necə alsın?”
Maşın bazarında vəziyyət ötən ilin sonundan — benzin bahalaşandan kəskinləşib. AI-80 və AI-92 markalı benzinin bir litrinin qiyməti 36 faiz artaraq – 55 qəpikdən 70 qəpiyə, dizel yanacağı isə 33 faiz bahalaşaraq 60 qəpikdən 80 qəpiyə qalxıb. Həmin dövürdə qiyməti 20 qəpik yüksələn AI-95 markalı benzin, aprelin 4-də təkrar 13 qəpik bahalaşdı. Əvvəl 60 qəpik olan bu benzin növü hazırda 2 dəfə baha olmaqla 93 qəpiyə satılır. Bu sonuncu bahalaşma Tarif Şurasının qərarı olmadan baş verdi və artıq müştərilər bu benzini AI-95 adı ilə yox, Premium Euro 95 markası altında alacaqlar. Belə ki, Avro 4 standartının tətbiqi ilə bağlı bu benzin növünün xaricdən idxalına başlanılıb.
Benzinin qiymətinin qalxması mühərrikinin həcmi kiçik olan, eləcə də daha ucuz benzin növü ilə işləyən köhnə maşınlara təlabatı artıracaq. Lakin yeni Avro 4 standartının tətbiqindən sonra ölkəyə bu tip maşınların gəlməsinə qadağa qoyulub. Nəticədə onlara tələbat artdığından ölkə daxilində köhnə maşınların təkrar satış qiyməti də yüksələcək. Bir sözlə ölkədə kasıbların maşın almaq istəyi müşkülə döncək.
İqtisadçı ekspert Vüqar Bayramov: “2014-cü ildə ölkəyə gətirilən avtomobillərin strukturunda, sosial müdafiəsi və gəliri nisbətən aşağı olan əhalinin aldıqları avtomobillərin sayı kəskin azalacaq”
Hökümət kasıbları nəzərə almasa da, bahalı maşın sürənləri unutmayıb. Bir neçə gün öncə ölkədə ən bahalı marka benzin olan Aİ-98-in qiyməti 30 faiz enərək, 1 manat 50 qəpikdən 1 manat 3 qəpiyə düşüb.