“Laissez-faire”
fransızcadan tərcümədə bu ifadə
“qoyun
,
etsinlər”
deməkdir, əsasən sosial-darvinizmin və kapitalizmin bünövrəsini təşkil edir. Sosial-darvinizm Ç. Darvinin “təbiətdə yaşamaq uğrunda mübarizədə güclülər həyatda qalır, zəiflər məhv olur” hipotezini cəmiyyətə tətbiq olunmasının tərəfdarı olan cərəyandır. Sosial-darvinizm də, kapitalizm də rasist cərəyanlardır və yuxarıda qeyd olunan fikirdəki kimi güclülərin, ya da yuxarı təbəqənin var-dövlət içində yaşadığı, alt təbəqəninsə bir qarın çörəyə işləmək məcburiyyətində olduğu, üst təbəqələr tərəfindən istismar edildiyini əks etdirən mənzərəni normal, gözəl, ədalət kimi qəbul edirlər. Necə ki, feodalizm şəraitində xalq kütlələrinin aclıq çəkməsinin fonunda hansısa nəslin davamçıları olan feodalların təmtəraqlı həyat sürməsi rasist bir tablodursa, bacarıqlarından asılı olaraq insanları siniflərə bölən kapitalizm də tipik rasizmdir. Böyük depressiyadan sonra Keynesin nəzəriyyəsinə uyğun olaraq kapitalist dövlətlər böhranların faciəvi həddə çatmasından yayınmaq üçün iqtisadiyyata müdaxilə etmək qərarına gəldilər. Bu gün dünya bazarında rəqabətə ən çox davamlı mallara baxsanız, görərsiniz ki, həmin mallara ixrac olunan dövlət tərəfindən rəqabətə davamlılığını qorumaq üçün müdaxilə olunur. Yəni azad bazar heç də tam azad deyil. Nəzarət olunmayan kapitalizm insanlara yaşamaq hüququ vermir. Laissez-faire – nə edirsən elə… Nə qədər çox pulun varsa o, qədər hüququn var. Başqa sözlərlə, bazarda ala biləcəyin qədər hüquqa sahibsən.
Kapitalizmin adının söz azadlığının və demokratiyanın təminatçısı kimi çəkilməsi daha maraqlıdır. Kapitalizmin ilk dövrlərində bu, bəlkə də mümkündür. Lakin günümüzün neoliberalizm və imperializm şəraitində bu iddia sadəcə absurddur. Kapitalizm inkişaf etdikcə varlılar daha da varlanır, kasıblar isə daha da kasıblaşır. Bugün ABŞ mediasına 2, ümumi olaraq dünya mediasına isə 4 nəhəng şirkət rəhbərlik edir. Əgər media çoxlu sayda azad media quruluşları yox, çoxlu sayda media quruluşlarının sahibi media-maqnatlar idarə edirsə, orada azad mediadan, demokratiyadan danışmaq yersizdir. Necə ki, Azərbaycan kimi ölkədə diktatura şəraitində azad media süni şəkildə (vergilərlə, jurnalistlərin həbsi ilə) marginallaşdırılıbsa, neoliberalizm şəraitində də bu, nəhəng media kampaniyalarının daha da böyüməsi, çox ciddi maliyyə ehtiyatlarına sahib olmaları, böyük media kampaniyalarının getdikcə daha az əldə toplanması nəticəsində azad media rəqabət nəticəsində (məhz maliyyə ilə əlaqəli olaraq) marginallaşdırılır.
Bu gün New York Times, Washington Post kimi kampaniyalar çap formasında satışa çıxardıqları qəzetlərdən bir qəpik də gəlir götürmürlər, əksinə (həm də satış artıqca daha da çox) itirirlər, çünki buraxdıqları qəzetin maya dəyəri qəzetin bazar dəyərindən daha çoxdur. Aldıqları reklamlar vasitəsilə bu zərəri kompensasiya edirlər. Məqsəd isə sadəcə azad medianı marginal saxlamaqdır. Bu gün sol medianın magjinallıq səviyyəsinə görə ABŞ dünyanın ən qabaqcıl yerlərindən birini tutur. Medianı bu cür manipulyasiya etməklə böyük kütlələri idarə etmək, onların passiv və apolitik qalmasına nail olunur. Məhz buna görə ABŞ dünyanın ən böyük kütlə mədəniyyəti idxalçısıdır. Və bununla rejimin gərçək müxalifətlərini asanlıqla marginallaşdıra bilir. “Mən sol propoqanda aparacam” deyib, General Motors-dan maliyyə dəstəyi ala bilməzsiniz. Ona görə də, kitab çap etdirmək istəyirsinizsə, bunu minimal tirajla edəcəksiniz. Çünki bu, “demokratiyadır”.
Dövlət nədir?
Dövlət insanlar arasında müəyyən bir əlaqə formasıdır, bir insanın davranış tərzidir, vəziyyətdir. Dövlət gəlirin bərabər paylanması səbəbi ilə yaranıb, lakin sonradan cəmiyyətin siniflərə bölünməsi prosesində aktiv rol oynayıb və ali məqsədə – erroziyaya uğrayıb. Tarixdə baş verən ilk akt ağa-kölə münasibətidir. Müasir insan qanunlar və başqa köməkçi vasitələrlə dövlətlə ağa-kölə münasibəti yaşayır. Kölə öz köləliyinə üsyan qaldırdığı və azad olduğu an avtomatik olaraq ağa institutu da ləğv olunur. Kölə kölə olması üçün ağadan nə qədər asılıdırsa və nə qədər yadlaşmağa uğrayıbsa, ağanın da ağa olması üçün kölədən eyni dərəcədə asılıdır, və eyni dərəcədə yadlaşmağa uğrayıb. Müasir dövlət yadlaşma məfhumunu müşahidə edə biləcəyimiz pik həddir. Etatistlərlə anarxistlər arasındakı ən böyük fərq insanlara inanmaqdır. Etatistlər insanların özlərinin özlərini idarə edə biləcəklərinə inanmırlar. Buna görə, fərqli idarəçilik formaları təsis edərək insanları başqa insanların idarəçiliyinə həvalə edirlər. Yəni milyonlarla insanın bir qrup insan tərəfindən idarə olunması prosesinə normal bir şey kimi baxırlar, bu prosesi dəstəkləyirlər.
Anarxistlər isə insanların öz həyatlarına aid qərarları özlərinin qəbul etmələrini, öz həyatları üzəridə idarəçiliyi özlərinə həvalə edilməsi ideyasını müdafiə edirlər.
İnsan münasibətlərindəki problemlərin həlli azadlıqdır. Əgər dövlətin başında duranlar hiss etsələr ki, siz onlarsız lap yaxşı keçinə bilərsiniz, bu onların xoşuna gəlməyəcək. Məsələnin kökü buradadır. Sağ ya sol idealogiyanın daşıyıcısı olmasından asılı olmayaraq, bütün dövlətlər cəmiyyəti siniflərə bölür və avtoritetlər yaradır. Anarxizm məhz budur – avtoriteti, hər cür sinif fikrini rədd etmək. Məhz bərabərhüquqlu cəmiyyət yaratmaq. Dövlətlərsə buna qarşıdır. Adda hamımız bərabərhüquqluyuq, amma insanın insan tərəfindən idarə olunmasına alternativ təklif etmək cinayət sayılır. Anarxizmin təklif etdiyi şey aşağıdan yuxarı təşkilatlanmış formada qərarların qəbul edilməsidir. Dövlət isə ierarxik təşkilatlanıb və qərarlar yuxarılarda qəbul olunub, aşağılara tətbiq olunur.
Müasir dövlətin ən demokratik tapıntılarından sayılan nümayəndəli demokratiya formasını tədqiq etsək, görərik ki, vəziyyət tragikomikdir. Russo deyir ki, demokratiya şəraitində insanlar ancaq səsvermə zamanı azad olurlar. Bugün nümayəndəli demokratiya ideyası qərarlar üzərində yox, fərdlər üzərində mərkəzləşib deyə, özünü doğrultmur. Bütün ölkələrdə 5-10 deputatdan başqa parlamentin digər üzvlərini insanlar heç tanımırlar da. Və heç tanımadıqları insanlar tərəfindən idarə olunurlar. Qərarlar üzərində cəmiyyətin təsirindən isə danışmaq mənasızdır. Deputatlar əsasən müəyyən partiyalara bağlıdırlar və həmin partiyaların siyasi kursuna uyğun olaraq qərarlar qəbul edirlər.
Kapitalist dövlətdə azadlıq haqqında nə demək olar? Kapitalist dövlətin mərkəz fiquru liberalların boş sayıqlamalarındakı kimi – fərd yox, sərmayədir. Fərdiyyətçilik fərdin tam azadlığını tələb edən, “mən”dir. Dövlət azadlıq, köləlik olmadan təsəvvür edilə bilməz. Dövlət içəridəkilərin hamısının ağası olmaq məqsədi güdür və buna “dövlətin iradəsi” deyilir. Deməli, azad fərdin iradəsi dövlətin iradəsinin düşmənidir. Fərd öz iradəsinin təntənəsi üçün dövlətdən qurtulmalıdır. Əks təqdirdə, əbədi dövlətin mülkiyyəti olaraq qalacaq.
Dövlətsizlik və bərabərlik bir-birindən ayrı olaraq düşünülə bilməz.