Rejissor: “Bununla Ukrayna xalqına tam dəstəyimi bildirirəm”
“Kann” Kino Festivalının açılış mərasimində nümayiş olunacaq “Comme Z” filminin adında dəyişiklik edilib.
Ekran işinin rejissoru Mişel Hazanaviçus Ukraynaya dəstək məqsədilə “Z” hərfini ixtisara salaraq, filmi “Coupé” adlandırıb.
“Filmin çəkilişləri bir neçə ay əvvəl yekunlaşıb. Həmin vaxt filmin adı gülməli idi, amma indi vəziyyət dəyişib. Çəkdiyim kino insanlara sevinc bəxş etməlidir. Filmimin Ukrayna ərazisində baş verənlərlə əlaqələndirilməsini istəmirəm. Ona görə də adını dəyişməklə Ukrayna xalqına tam dəstəyimi bildirirəm”, – rejissor deyib.
Filmin adının dəyişdirilməsinə səbəb Ukrayna İnstitutunun müraciəti olub.
Ukrayna İnstitutu bu ölkənin mədəniyyətini dünyada təmsil edən təşkilatdır.
Müraciətdə bildirilir ki, “Z” hərfi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının simvoluna çevrilib. Amma Fransada film eyni adla təqdim olunacaq.
Mişel Hazanaviçusun sözlərinə görə, onu dəyişdirmək artıq gecdir.
“Comme Z” filmi Yaponiya istehsalı “One Cut of the Dead” komediyasının remeykidir.
Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb.
Qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.
75-ci Kann Film Festivalı mayın 17-dən 28-dək keçiriləcək.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.