“Kimin ağlına gələrdi ki, yeni tikilmiş çoxmərtəbəli binada kanalizasiya xətti yoxdur?”
Abşeron rayonunun Məhəmmədi kəndində son bir neçə ildə yüzlərlə ev tikilib. Amma kanalizasiya xətti olmadığından evlər, yol kənarındakı mağaza və kafelər su altında qalıb. Sakinlərin sözlərinə görə, havalar istiləşəndə üfunət iyindən nəfəs almaq çətinləşir.
Hazırda hektarlarla ərazidə yaranan çirkab su magistral yola qədər gölməçələr yaradıb. Onlarla sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Sakinlərin sözlərinə görə, əvvəllər də çirkab su evlərin həyətinə, oradan da küçəyə axıb. Lakin 2013-cü ildən təhlükəli vəziyyət yaranıb. Hər tikilən yeni ev yanındakı evi təhlükədə qoyub.
Kəndin mərkəzində çoxmərtəbəli binalar tikilib. Amma bina təhvil veriləndən sonra kanalizasiya və qrunt suların toplanması nəticəsində binaların həyəti də su altında qalıb.
Bina sakini Zaur Quliyev deyir ki, tikintisən əvvəl gölməçə qurudulub.
“Kimin ağlına gələrdi ki, yeni tikilmiş çoxmərtəbəli binada kanalizasiya xətti yoxdur? Sonradan öyrəndik ki, yeni salınmış heç bir məhəllədə kanalizasiya yoxdur. Yağış yağan kimi ərazidən keçmək mümkün olmur. Yayda isə həşəratlardan qapı-pəncərəni aça blmirik”,-deyə Zaur şikayətlənir.
Binanın yaxınlığında da yeni binaların özülü qazılıb, tikinti gedir. Rezin çəkmələr geymiş fəhlələr elə suyun içində tikintini davam etdirirlər.
Sakinlərin sözlərinə görə, Abşeron Rayon İcra Hakiiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Onlara “Azərsu” ASC-yə müraciət etməyi məsləhət biliblər. Bu qurum isə problemlərə diqqət yetirmir.
“Söylədiklərindən belə başa düşdük ki, şikayət etməklə problemlərimizə çarə tapa bilməyəcəyik”, sakinlərdən biri Ruhiyyə Hüseynova belə söyləyir.
“Azərsu”dan Meydan TV-yə bildirdilər ki, əraziyə kanalizasiya çəkilməsi dövlət planına salınmalıdır. Abşeron Rayon İcra Hakimiyyətindən isə problemdən xəbərdar olduqlarını, evlərin əksəriyyətinin qanunsuz tikildiyini söyləməklə kifayətləndilər.
Məhəmmədi kəndindəki bu evlərin əksəriyyətinin üzərinə “satılır” elanı vurulub. Ruhiyyə xanım deyir ki, ikimərtəbəli, 10 otaqlı evi 20 minə alan yoxdur. Çünki payız-yazda suyun hündürlüyü bir metrə çatır…