“Kanal 13” internet televiziyasının direktoru Anar Orucov sosial media hesabında yazıb ki, qardaşı Əziz Orucov saxlanılıb:
“İndicə Bakıda evimizlə danışdım. Vəkil Bəhruz Bayramov da məlumat verdi. Qardaşım, keçmiş siyasi məhbus Əziz Orucov saxlanılıb və evdə axtarış aparılır.”
Səbail Rayon Məhkəməsi axtarış üçün qərar çıxarıb
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun evində noyabrın 27-də axşam saat 18 radələrindən axtarış başlayıb. Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkilin Meydan TV-yə bildirdiyinə görə, axtarışa gələnlər məhkəmə qərarını təqdim ediblər. Səbail Rayon Məhkəməsi Əziz Orucovun evində axtarış aparılması haqda qərar verib.
“Axtarışın aparılmasının səbəbi barədə heç nə məlum deyil”, – Bəhruz Bayramov bildirib.
Əziz Orucovun saxlanmasına gəlincə, vəkil bildirib ki, “Kanal 13” rəhbəri saxlanılmayıb.
Əziz Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı. Bu cəza bitdiyi gün – iyunun 1-də onun barəsində cinayət işi başlanmış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılıb.
Əziz Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı noyabrın 20-də saxlanılıb. Hər iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Jurnalistlər bu ittihamı rədd edir, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.