Kanadanın Baş naziri və ABŞ-nin Birinci xanımı Ukraynada olub

Foto: Aleksandr Markuşinin “Facebook” səhifəsindən

Cill Bayden məcburi köçkünləri məskunlaşdırdıqları məktəbdə olub.

Mayın 8-də Kanadanın Baş naziri Castin Trüdo Kiyev vilayətinin İrpin şəhərinə gəlib.

Bu barədə İrpinin meri Aleksandr Markuşin “Facebook” səhifəsində məlumat yayıb.

“Baş nazir rus işğalçılarının şəhərimizə etdikləri bütün dəhşətləri öz gözləri ilə görmək üçün İrpinə gəldi. Və təbii ki, o, şokda idi. Axı, o, yanmış və tamamilə dağılmış hərbi obyektləri deyil, yaxın vaxtlara qədər həyatdan zövq alan və gələcək üçün öz planları olan sakinlərin evlərini görüb”, – deyə mer Markuşin yazıb.

Aleksandr Markuşin qeyd edib ki, qələbədən sonra Ukrayna şəhərlərinin bərpası məsələsində ölkələr arasında gələcək əməkdaşlığa inanır:

“Mən İrpində infrastruktur obyektlərinin bərpası ilə bağlı Kanadadakı Ukrayna diasporunun səylərinin təşkilində cənab Castin Trüdonun dəstəyinə ümid edirəm”.

Foto: ТСН.ua

Elə bu gün ABŞ-ın Birinci xanımı Cill Bayden Ukraynanın Ujqorod şəhərinə səfər edib. Məlumatı Zakarpatye Vilayət Şurası “Telegram” kanalında yayıb.

Xanım Baydenin Ukraynanın Birinci xanımı Yelena Zelenskaya ilə görüşdüyü bildirilir.

C.Bayden Ujqorodda hərbi əməliyyatların davam etdiyi Ukrayna bölgələrindən olan məcburi köçkünləri məskunlaşdırdıqları məktəbdə olub.

Ana səhifəDünyaKanadanın Baş naziri və ABŞ-nin Birinci xanımı Ukraynada olub