Kamran Əliyev yenidən Baş prokuror təyin edilib

Kamran Əliyev. Foto: Baş Prokurorluq

Onun Baş prokuror vəzifəsinə namizədliyi İlham Əliyev tərəfindən irəli sürülüb

Bu gün Milli Məclisin iclasında Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Kamran Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatırdı.

Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Kamran Əliyev yenidən Baş prokuror təyin edilib.

O, Baş prokuror təyin edilənə qədər 6 il həmin qurumda birinci müavin postunu tutub.

Kamran Əliyev 1965-ci il noyabrın 18-də Balakən şəhərində doğulub. 1987-ci ildə Rusiyanın İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək bir müddət orada çalışıb.

1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb. Həmin institutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunub. Kadrlar idarəsinin prokuroru və başqa vəzifələr tutub. 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Onun fəaliyyəti ilə bağlı cəmiyyətdə birmənalı rəy  fikir yoxdur. Kamran Əliyevin adı “Tərtər işi”ndə hallanır. Bu işi ədalətli araşdırmamaqda ittiham olunur.

Ancaq hakimiyyətdə bu kimi fikirləri qəbul etmirlər.

Ana səhifəSiyasətKamran Əliyev yenidən Baş prokuror təyin edilib