Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verib

K.Abdulla isə bu iddiaları təkzib edib, ondan şikayətçi olanların əslində, öz işlərinin öhdəsindən gələ bilmədiklərini, bu üzdən ona böhtan atdıqlarını bildirib.

Source: Day.az


Rektor daha üç nəfərin də cəzalandırılmasını tələb edir

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla "Xural" qəzetinin və "xural.com" saytının baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib. K.Abdulla Ə.Zeynallıdan üzr istəməsini, 10 min manat da təzminat tələb edir.

Ə.Zeynallının rəhbərlik etdiyi saytda yayımlanan, Azərbaycan Dillər Universiteti və şəxsən onun özü haqqında yazıların böhtan olduğunu iddia edən K.Abdulla baş redaktorla yanaşı, daha üç nəfərin də cəzalandırılmasını tələb edir. Bunlar universitetin filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı Vüsalə Ağabəyli, bir müddət əvvəl işdən çıxarılmış müəllim Pərvin Mürsəlova və uzun illər bu universitetin kadrlar şöbəsində işləmiş Elmira Baxşəliyevadır. Yazılar adları çəkilən şəxslərin müxtəlif dövlət orqanlarına, o cümlədən Təhsil Nazirliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktubları, müsahibələri əsasında hazırlanıb.K.Abdulla V.Ağabəylidən 5 min manat, P.Mürsəlova və E.Baxşəliyevanın hər birindən 3 min manat təzminat tələb edir. O, həmçinin Ə.Zeynallının üzərinə yazıların silinməsi, cavabdehlərin hər birinin üzr istəməsi tələbinin qoyulmasını istəyir.

Avqustun 1-də Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyilə rektorun iddiası üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Aylardır ki, Azərbaycan Dillər Universitetilə bağlı qalmaqal davam edir. Rektorun iddia ərizəsində cavabdeh kimi adı olan işçilərin üçü də hələ aylar öncə onu məhkəməyə verib.

Müəllimlər bildirir ki, K.Abdullanın bu universitetə rəhbər təyin olunmasından sonra təhsil müəssisəsində normal iş mühiti pozulub. Onlar iddia edir ki, K.Abdulla Slavyan Universitetindən özünə yaxın adamları gətirib, onların savadına, iş bacarığına əhəmiyyət vermədən yerləşdirib.

"Müəllimlərdən onun qanunsuz göstərişlərinə əməl etmək tələb olunur. Buna tabe olmayanlar cəzalandırılır. Əsl diktatura rejimi yaradıb. Tələbələri, müəllimləri azad fikirli adamlara qarşı kampaniyaya qoşulmağa məcbur edirlər", – deyə müəllimlər bildirir. Məhkəmələr müəllimlərin şikayətlərini təmin etməyib.

Onlar hesab edir ki, məhkəmələr onların işinə obyektiv baxmayıb, K.Abdullanın təzyiqləri üzündən ədalətli qərar çıxarmayıb. K.Abdulla isə bu iddiaları təkzib edib, ondan şikayətçi olanların əslində, öz işlərinin öhdəsindən gələ bilmədiklərini, bu üzdən ona böhtan atdıqlarını bildirib.

Ana səhifəXəbərlərKamal Abdulla Əvəz Zeynallını məhkəməyə verib