Mənbə: newtimes.ru

Kadırov, “birlik” və böyük siyasət

Çeçen lideri Fransa prezidentinin ünvanına kəskin ifadələr işlətməyi özünə rəva bilir, Kreml buna etiraz etmir

Noyabrın 2-i axşam Avstriyada terror aktı baş verdi –bir neçə adam Vyananın mərkəzində yoldan ötənlərə nizamsız atəş açıb. Dörd nəfər onların qurbanı olub, onlarla insan ağır yaralanıb.

Rusiyada çoxu ölkənin tərkibində olan Şimali Qafqaz Respublikası Çeçenistanın liderlərinin bu faciəni diqqətdən kənarda qoyduğuna fikir verib. Halbuki eyni şeyi son həftələrdə Avropanın digər şəhərlərində baş verən öncəki terror aktları haqqında söyləmək olmaz. Həmin olaylardan sonra əvvəlcə çeçen, sonra federal liderləri kəskin ifadələr söyləmişdilər.

Oktyabrın 16-sı Fransada şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturalarını göstərən müəllim Samuel Pati qətlə yetirildi. O, Çeçenistandan olan 18 yaşlı Abdullah Anzorov tərəfindən öldürüldü. Qatil hücumdan az sonra polislər tərəfindən öldürülüb.

Oktyabrın 21-i qətlə yetirilmiş Patinin dəfn mərasimində Prezident Emmanuel Makron bəyan etdi ki, Fransada bu cür karikaturaların dərcindən imtina etməyəcəklər. Həmin vaxt Ramzan Kadırov “V Kontakte” sosial şəbəkəsində Fransa prezidentinə ünvanlanmış post yazdı:

“Dünyanın az qala iki milyard müsəlmanına qarşı təhqiredici hərəkətləri (Emmanuel Makron) “söz azadlığı” adlandırır. Üstəlik Makron onların dinini dəyişmək və Fransada “maarifləndirici islam” yaratmaq qərarına gəlib. Mən Makronun bu bəyanatı edərkən hansı vəziyyətdə olduğunu bilmirəm, lakin bu cür reaksiyanın nəticələri faciəli ola bilər. Fransa prezidentinin özü hazırda terrorçuya oxşamağa başlayır. O, provokasiyanı dəstəkləməklə müsəlmanları üstörtülü şəkildə cinayətə sövq edir”, – Kadırov yazıb.

Respublika liderinin bu cür coşğun reaksiyasının Rusiyanın mərkəzi hakimiyyətini karıxdırdığını ehtimal etmək olar. Hər bir halda onun qəzəbli cavabına Prezident Putinin mətbuat katibi Dmitri Peskov münasibət bildirərək xatırladıb ki, Rusiyanın xarici siyasətinə görə Kadırov o qədər də cavabdeh deyil:

“Bildiyiniz kimi, bizim qanunvericilikdə ölkəmizin xarici siyasətinin müəyyənləşdirilməsində prezidentin əsas rolu nəzərdə tutulub. Subyektlərin rəhbərləri xarici siyasətlə məşğul ola bilməz, onlar nə xarici siyasəti formalaşdırır, nə müəyyənləşdirir, nə də hər hansı bir qərar qəbul edirlər”, – Dmitri Peskov qeyd edib. “Odur ki, yalnız dövlət başçısının formalaşdırdığı xətti istiqamət götürmək lazımdır”, – Peskov deyib.

Lakin çeçen məmuru sakitləşməyib: “Fransa hakimiyyətinin ünvanına rəyimi siyasətçi kimi deyil, müsəlman kimi bildirmişəm”, – Kadırov öz “Telegram” kanalında yazıb.

O deyib ki, “yenidən bir müsəlman kimi” Makrona münasibətdə sözlərini təkrarlayır və “bunu daha min dəfə etməyə hazırdır”. “Lazım gələrsə, bu mövqeyimə görə vəzifəmdən getməyə, zərər çəkməyə və ya hətta həyatımı qurban verməyə hazıram! Lakin allahsızların dinimizi necə ələ saldığına susaraq baxa bilmərəm, heç baxmaram da!” – Kadırov deyib.

Çeçenistan Respublikasının ruhani lideri də kənarda qalmayıb. Çeçenistan müftisi Salax Mejiyev “Fransa Prezidenti Emmanuel Makronun ən dahi adamlardan birinin, Məhəmməd peyğəmbərin karikaturalarını ölkənin bütün hökumət binalarından asılması göstərişi ilə bağlı” Makronun ünvanına tənqidlə çıxış edib, oktyabrın 26-sı Çeçenistan Müsəlman Ruhani İdarəsi xəbər verib.

“O, dünyanın ən dahi insanlarından biri Məhəmməd peyğəmbərin karikaturalarını ölkə ərazisindəki bütün hökumət binalarından asmağı göstəriş verib. Bu sadəcə bütün mənəvi və etik hədləri aşan məsuliyyətsiz hərəkət deyil, həm də İslam və müsəlman icmasına qarşı dəqiq planlaşdırılmış hücumdur ki, bu da yeni insan qurbanlarına səbəb ola bilər. Makron, sən dünyanın bir nömrəli terrorçususan. Sən bizim peyğımbərimizi təhqir etməklə bütün peyğımbərləri (Allah onlara rəhmət etsin) və bütün dinləri təhqir edirsən. Makron, sən ən rəzil məxluqsan, Allahın düşmənisən, bəşəriyyətin düşmənisən, bütün müsəlmanların düşmənisən, sənin heç bir əxlaqi dayaqların və dəyərlərin yoxdur”, – müftiliyin “Insatgram” səhifəsindəki mətndə Mejiyevin sözləri misal gətirilir.

Ancaq ən sərt reaksiya tanınmış Dağıstan idmançısı, güləşçi Həbib Nurmaqomedovdan gəlib. “Qoy Allah söz azadlığı şüarları altında milyard yarımdan çox müsəlmanın hisslərini təhqir edən bu məxluqun və onun bütün ardıcıllarının cəzasını versin. Qoy Allah həm bu, həm sonrakı həyatda onları alçaltsın. Allahın hesabı gecikmir, siz bunu görəcəksiniz”, – Nurmaqomedov özünün “Instagram” səhifəsində yazıb.

Noyabrın 4-də Kadırovu və Fransanın miqrasiya siyasətini dəyişməyə çağıran digərlərini Rusiya prezidenti də faktik dəstəkləyib. Dini icmaların nümayəndələri ilə videokonfrans zamanı Vladimir Putin dindarların hisslərinin təhqir olunması ilə bağlı qanun qəbul etmiş Rusiyanın təcrübəsi ilə bölüşməyi vacib sayıb və digər ölkələri də bu təşəbbüsə qoşulmağa çağırıb: “Mən bilmirəm, dindarların hisslərinin istənilən formada təhqir olunmasına qadağa qoyulmasına qarşı kim çıxa bilər”, – Rusiya prezidenti söyləyib. Vladimir Putin həmçinin Rusiya Konstitusiyasında “ənənəvi dəyərlərin müdafiəsi” anlayışının təsbit olunduğunu xatırladıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l54z5r

Ən çox baxılan