Jurnalistin işi üzrə ibtidai istintaq yekunlaşıb

Fikrət Fərəməzoğlu işgəncə faktı ilə bağlı artıq Baş Prokurorluqda ifadə verib

Source:
Fikrət Fərəməzoğlu foto sosial şəbəkə
Fikrət Fərəməzoğlu foto sosial şəbəkə


Fikrət Fərəməzoğlu işgəncə faktı ilə bağlı artıq Baş Prokurorluqda ifadə verib

Həbsdə olan Jam.az saytının redaktoru Fikrət Fərəməzoğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib.

Təqsirləndirilən şəxs və vəkil iş materialları ilə tanış olmağa başlayıb.

Vəkil deyib ki, DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq zamanı jurnalistdən işgəncə ilə ifadə alıblar. Onu “Nardaran işi” üzrə təqsirləndirilən şəxslərin də şikayət etdikləri əməkdaşlar – İbrahim Kazımov və İslam Ağabəyov dindiriblər.

Fikrət Fərəməzoğlu işgəncə faktı ilə bağlı artıq Baş Prokurorluqda ifadə verib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi məhkəmədə jurnalistin cinayət təqibinə bəraət əsasında xitam verilməsində israr edəcək.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib. O, tutulandan az sonra vəkildən imtina etmişdi.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə xəbərdarlıq olunmuşdu.

Ana səhifəXəbərlərJurnalistin işi üzrə ibtidai istintaq yekunlaşıb