Jurnalistin apelyasiya şikayəti rədd edildi

Cəmil Məmmədli. Mənbə: Media Hüququ İnstitutu

“Jurnalistin yazdığı məqalələrə görə cəzalandırılması yolverilməzdir”

Mayın 17-də Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlinin işi üzrə Xaçmaz Rayon Məhkəməsinin hökmündən şikayətə baxılıb.

Xaçmaz Rayon Məhkəməsinin hökmündən hər iki tərəf apelyasiya şikayəti verib.

Jurnalistin vəkilləri hökmün qanunsuz olduğunu bildirərək onun ləğv olunmasını, Cəmil Məmmədliyə bəraət verilməsini tələb edib.

Xüsusi ittihamçı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev isə jurnalistə daha ağır cəza verilməsini, onun azadlqıdan məhrum edilməsini tələb edib.

Aşağı məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası hər iki apelyasiya şikayətini rədd edib.

Jurnalistin vəkili Nemət Kərimli məhkəmənin qərarı ilə razı olmadıqlarını bildirib:

“Ümumiyyətlə, jurnalistə yazdığı məqalələrə, məzmuna görə cinayət cəzasının verilməsi yolverilməzdir. Bu işdə vəziyyət tamamilə jurnalistin xeyrinə idi. O, böhtan və təhqirdə təqsirli bilinsə də, əslində, belə əməllərə yol verməyib”.

Vəkil əlavə edib ki, məhkəmə çəkişməsinə icra hakimiyyəti başçısının qanunsuz əməlləri ilə bağlı video proqram səbəb olub: “Həmin proqramda 200-dən artıq vətəndaşın ifadəsinə əsasən, bildirilmişdi ki, guya icra başçısı onları xəbərləri olmadan işə qəbul edib, maaşlarını özünə götürüb. Şahidlərin arasında maaş kartlarının onda olduğunu, hər ay maaşları çıxarıb icra başçısına verdiyini söyləyənlər də var. Ancaq məhkəmə şahidlərin heç birini dindirməyə çağırmadı”.

Nemət Kərimli bildirib ki, həmin vətəndaşlar məhkəmənin qarşısına toplaşsa da, dindirilməyiblər. Odur ki, qərar əsasızdır.

Vəkil Nemət Kərimli
Foto: Nemət Kərimlinin şəxsi arxivindən

Vəkil çıxışının sonunda Ali Məhkəməyə şikayət edəcəklərini bildirib.

Bu il martın 4-də Xaçmaz Rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə 1 il 6 ay islah işlərinə məhkum edib.

Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 fazi dövlətin nəfinə tutulmalıdır.

İcra hakimiyyəti başçısı məhkəmədən jurnalistin böhtan və təhqirə görə azadlıqdan məhrum edilməsini xahiş edib.

Şikayət Cəmil Məmmədlinin müəllifi olduğu “Qədim Qubanın müasir günü”, “Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı verilib.

Əvvəllər isə Azadlıq Radiosunun bölgə müxbiri olub.

Ana səhifəXəbərlərJurnalistin apelyasiya şikayəti rədd edildi