Jurnalistikanın “qətli” qanunu

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

Hakimiyyət yeni məhkəmələrə hazır olsun!

Etirazlara səbəb olan “Media haqqında” Qanun layihəsi qəbul edildi. Daha doğrusu, üçüncü cəhddə (oxunuşda) təsdiqləndi. Azərbaycan parlamentinin fəaliyyəti mərkəzi icra hakimiyyətindən göndərilən layihələri təsdiqləməkdir. Amma bu qanun digərlərindən fərqli olaraq yeni problemlər və məhdudiyyətlər yaradacaq.

Ona görə də gəlin öncə bu qanun layihəsinin müzakirəsi zamanı hökumətin güddüyü hiyləgər siyasətə diqqət çəkək.

Müzakirə nə üçün idi?

İki oxunuşdan keçən qanun layihəsini ictimai müzakirəyə çıxarmaq cəmiyyəti ələ salmaqdan başqa bir şey deyil. Çünki III oxunuşda dəyişikliklər etmək parlamentin daxili nizamnaməsinə ziddir. Elə isə bu müzakirələr nə üçün idi? Bir çox mütəxəssis bu müzakirələrə bir ümidlə qatılmışdı ki, hər hansısa dəyişiklik ola bilər.

Amma hökumət bu addımı sırf beynəlxalq ictimai rəyi qısa müddətə aldatmaq üçün atırdı. Bu “məsləhətləşmələr”ə qatılan dostlar orada ürəklərini boşaltmaq və təkliflərini vermək imkanına görə ünvanlı təşəkkürlərini ifadə edəndə hökumət tam məqsədinə çatdı. Göstərdi ki, ictimai müzakirə var və tərəflər bundan məmnundur. O ki qaldı qanunun necə qəbul ediləcəyinə, o da parlamentin müstəsna səlahiyyətindədir.

Avropa Konvensiyası və məhkəməsi ilə toqquşma

Azərbaycanda onsuz da “ifadə azadlığı” ilə bağlı durum ürəkaçan deyil, hətta media azadlığı indeksində də digər Qafqaz ölkələrin ilə müqayisədə sonuncu yerdəyik. Avropa Şurasına (AŞ) üzv olan ölkə kimi heç vaxt azadlıqlar cədvəlində 100-cü pilləyə düşə bilməyən Azərbaycan üçün bu qanun yeni pozuntular və məhkəmələr perspektivi açır. Faktiki həm Konstitusiya ilə, həm də qoşulduğumuz beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edən bu qanun ölkəni “boğulanlar” sırasında lider edəcək.

Azərbaycan bir tərəfdən Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişi üzərində işləyir, başqa tərəfdən belə bir qanun qəbul edirsə, deməli, ölkə ya yeni alverə hazırlaşır, ya da AŞ-dan da çıxarılmaq üçün əlindən gələni edir. Belə bir perspektivin olub-olmaması indi mübahisəli görsənə bilər. Amma şübhə yoxdur ki, bu qanun qüvvəyə mindiyi andan Azərbaycanla beynəlxalq birlik arasında daha kəskin qarşıdurmalar olacaq. Bundan sonra söz və fikir azadlığının boğulmasına dair əsas gətirməyə ehtiyac olmayacaq. Bu gün Azərbaycan parlamenti dünyanın gözü qarşısında bu əsası özü yaratdı.

Sözü boğmaq üçün…

Azərbaycanda, demək olar ki, əksər müstəqil jurnalistlərin yolu ən azı bir dəfə polisdən keçib. Uzun həbslərdə vaxt keçirənlərin də xüsusi siyahılarını təqdim edə bilərik. Amma ən başlıcası budur ki, Azərbaycanda jurnalist susdurulmaq üçün güllələnib. Bu qətlin isə kimin tərəfindən, necə planlaşdırıldığına dair cəmiyyətə inandırıcı hər hansı bir məlumat verilməyib. Heç inandırıcı istintaq hərəkətləri də olmayıb. Hökumətin bu prosesə yanaşması bütün şübhələri onun üstündə saxlamağa əsas verirdi. Bu gün isə artıq jurnalistləri deyil, medianın özünü qətl etmək qərarına gəldilər. Bu qanunun necə işləyib-işləməməsini zaman göstərəcək. Amma fakt budur ki, bu gün hakimiyyət jurnalistika peşəsini rəsmən müstəqil şəxslər üçün qadağan etdi.

Ana səhifəMənim FikrimcəJurnalistikanın “qətli” qanunu