Cahid Rüstəmov Nərimanov metrosunun çıxışında limon və naringi satır. Polis əməkdaşı ona yaxınlaşaraq əmr edir ki, əşyalarını yığışdırıb buradan getsin. O isə digər satıcılara niyə eyni cür davranılmadığını soruşur. Polis əməkdaşı deyir ki, qanunla küçə ticarəti qadağandır. Polis işçisi bizim bu danışıqları videoya çəkdiyimizi görüb sərt reaksiya verir. “Məni niyə çəkirsən?” “Sən kimsən ki,məni çəkirsən”deyib jurnalistin vəsiqəsinə baxandan sonra ərazidən uzaqlaşır.
Satıcı deyir ki, onu küçədə satış apardığına görə bir neçə dəfə Nərimanov rayon Polis İdarəsinə aparıblar. Amma onun borcları olduğuna görə məcbur qalıb yenə burada mallarını satıb.Satıcı Cahid Rüstəmov “Dünya düzəlsə də…” adlı şeir kitabını dərc edib. Kitablarının çoxu satılmayıb deyə nəşriyyata borclu qalıb. Borcunu ödmək üçün küçədə satış etdiyini deyir.
Satıcı universitet bitirdiyini və hazırda Bakı meri olan Hacıbala Abutalıbovla işlədiyini əlavə edir.
Satıcı polislərin ondan pul umduğunu və o pulu vermədiyinə görə işləməyə qoymadıqlarını deyir. Bu söhbətdən sonra başqa polis işçisi gələrək çəkilişə mane olur. O jurnalistin vəsiqəsini əlindən alaraq qaçır. Digər polis işçiləri də jurnalisti mühasirəyə alaraq Nərimanov rayon Polis İdarəsinə gətirirlər. Bir azdan satıcı da idarəyə gətirilir. Jurnalisti idarənin rəisi Muradəli Babayev jurnalistə üzrxahlıq edərək ona qarşı kobudluq etmiş Azər adlı polis işçisinin cəzalandırılacağını deyir. Bundan sonra jurnalistə vəsiqəsi təqdim olunaraq sərbəst buraxılır. Amma satıcı Cahid Rüstəmov polis idarəsində saxlanılır.
Sevinc Vaqifqızı
Meydan TV