Jurnalistə hökm oxundu

Elçin Sadıqov: ”Hökmdən apelyasiya şikayəti verəcəm, tamamilə qanunsuzdur”

Source:


Elçin Sadıqov: ”Hökmdən apelyasiya şikayəti verəcəm, tamamilə qanunsuzdur”

Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə prosesi başa çatıb.

Hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən E. İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil Elçin Sadıqov hökmdən apelyasiya şikayəti verəcəklərini deyir:

“Kobud qanun pozuntuları ilə keçirilən məhkəmə bu gün yekunlaşdı. Hökmdən apelyasiya şikayəti verəcəm, tamamilə qanunsuzdur. Elçin İsmayıllı heç bir cinayət törətməyib və bu məhkəmədə də sübut olunub”.

Vəkil ondan Vəkillər Kollegiyasına edilən şikayəti də qanunsuz və əsassız hesab edib:

“Müraciətin səbəbi hakimin müdafiə hüququnu kobud şəkildə pozması, məndən etdiyi qanunsuz tələbi (orderin tarixini dəyişməməyimdir) yerinə yetirməməyimdir”.

Dövlət ittihamçısı İsmayıllıya 10 il həbs istəmişdi.

Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri A.Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı M.Sadıqov verib və Elçinə çatdırmasını istəyib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb.

Ana səhifəXəbərlərJurnalistə hökm oxundu