Vəkil: “Bu halda Xədicə İsmayılın yaxınları ilə görüşünə faktiki qadağa qoyulması tam qanunsuz və əsassızdır”
Həbsxana rəhbərliyi Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla yaxınları ilə görüşməyə icazə vermir.
Jurnalistin vəkili Yalçın İmanov Meydan TV-yə bildirib ki, Xədicə İsmayılın ailə üzvləri ilə görüşə icazə verilməməsi tam qanunsuzdur, əsassızdır və qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Çünki “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması” haqqında qanuna görə təqsirləndirilən şəxsin ailə üzvləri və yaxınları ilə ayda 4 dəfə görüşünə icazə verilir. Bu, qanunun tələbidir. İkinci, yalnız müstəntiqin görüş hüququnun məhdudlaşdırılması qərarı ola bilər, amma belə bir qərar da yoxdur. Bu halda Xədicə İsmayılın yaxınları ilə görüşünə faktiki qadağa qoyulması tam qanunsuz və əsassızdır.
Təəssüf ki, Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovla əlaqə saxlamaq cəhdimiz alınmadı.
Jurnalist Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Xədicə İsmayılova həbsinin qanunsuz olduğunu bildirib.