Azadxeber.az saytının baş redaktor əvəzi xuliqanlıqda təqsirləndirilir
Azadxeber.az saytının baş redaktor əvəzi İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edilib. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Jurnalist xuliqanlıqda təqsirləndirilir.
Dekabrın 1-də gecə saatlarında İlkin Məmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən naməlum şəxslər tərəfindən aparılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, jurnalist bazarlıq edib evə gəlirmiş: “Mağazaya düşdü, gözlədik, gəlmədi. Aldığı ərzaqlar həyətin ortasında idi. Öyrəndik ki, həyətdə zorla maşına mindirilərək aparılıb. Kimin hara apardığını bilmirik. Güman edirik ki, polislər aparıb”.
Sabunçu rayon Polis İdarəsindən İlkin Məmmədlinin atasına oğlunun saxlanıldığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildiriblər.
Azadxeber.az saytı əsasən dini mövzular işıqlandırır. Saytın baş redaktoru Nicat Əliyev hazırda həbsdədir. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır. 1 ay öncə sayt hakkerlər tərəfindən dağıdılmışdı.