“Bir neçə gündən sonra mənə kəsilən cəza çəkilməmiş sayılacaq”
Jurnalist Elçin Həsənov həbs təhlükəsi ilə üzləşib. O, iki aydan çoxdur məhkəmənin aylıq əmək haqqının 20 faizi tutulmaqla islah işlərinə cəlb edilməsi haqqında hökmünü yerinə yetirə bilmir. Buna səbəb işinin olmamasıdır. Bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, bü gün Sumqayıt şəhər Məşğulluq Mərkəzindən ona zəng edərək iş tapdıqlarını bildiriblər: “Sevincək ora getdim. Məlum oldu ki, mənə tapdıqları iş küçə süpürməkdir. Əmək haqqı da ayda 125 manat təklif etdilər. Bu pulla mən həm özümü dolandırmalı, həm də məhkəmə icrasına 25 manat rüsum ödəməliyəm”.
Elçin Həsənov bildirir ki, bu təklifi özünə təhqir hesab edərək, yox cavabı verib:
“İşdən imtina etdiyim üçün Sumqayıt məhkəmə icraçısı Anar Həsənova onların təklif etdiyi işlərdən heç birində işləmədiyim barəsində məktub göndərdillər. Bununla da bir neçə gündən sonra mənə kəsilən cəza çəkilməmiş sayılacaq. Nəticədə, bu 4 aydan 1 ilə kimi həbs cəzası ilə sonuclanacaq”.
Jurnalist ictimaiyyətdən ona rəsmi sənədləşmə və vergi ödənişi ilə işə düzəlməsində köməklik göstərilməsini xahiş edir.
İyunun 1-də Bakının Nizami rayon məhkəməsi Elçin Həsənovu 1 il islah işlərinə cəlb edib. Cinayət işi 2015-ci ilin fevralında baş vermiş hadisə ilə bağlı idi. Həmin vaxt jurnalist “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalmışdı.
Məhkəmənin qərarı ilə, Elçin Həsənov işə götürənlə elektron müqavilə bağlamalı, vergi ödəyicisinin identifikasiya nömrəsini və vergi ödənişi haqqında arayışı təqdim etməli idi. Amma o, iki aydır bu şərtlərə uyğun iş tapa bilmir, belə ki, bir çox kommersiya qurumları işçilərin qəbulunu rəsmi olaraq sənədləşdirmək istəmir.