İcra başçısı jurnalistin böhtan yazdığını deyir
Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən jurnalist Cəmil Məmmədliyə hökm oxunub. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında martın 4-də Xaçmaz Rayon Məhkəməsində onun haqqında ittiham hökmü çıxarılıb.
Hakim Anar Sadıqovun sədrliyilə çıxarılan hökmə əsasən, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (böhtan) maddələrilə təqsirli bilinib. Jurnalist 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Eyni zamanda, bu müddətdə hər ay qazancının 20 faizini dövlət hesabına köçürməlidir.
İcra başçısı iddia ərizəsində göstərib ki, Cəmil Məmmədli onun 200 nəfərin adını işçi kimi rəsmiləşdirərək, bu şəxslərin əməkhaqqı kartlarına köçürülən vəsaitləri özü alması haqda məlumat yayıb. Əslində isə bu barədə məlumatlar böhtandır, onun nüfuzuna zərbə vurur.
Məhkəmə də bu materialı böhtan, nüfuzu zədələyən məlumat kimi qiymətləndirib.
Lakin Cəmil Məmmədli hökmlə razı deyil və apelyasiya şikayəti verəcəyini bildirib. Onun sözlərinə görə, yazdıqlarını təsdiqləyən faktlar var.