Jurnalist anasının həkim səhlənkarlığı nəticəsində öldüyünü deyir

Foto: Fərahim İlqaroğlunun arxivindən

O, “Stimul Hospital”ın həkimi İlham Hüseyni günahlandırır

Jurnalist Fərahim Qasımov anası Bahar Qasımovanın həkim və tibb bacısının səhlənkarlığı nəticəsində həyatını itirdiyini iddia edir.

O, bu barədə sosial şəbəkədə yazıb.

Jurnalistin sözlərinə görə, 2024-cü il martın 18-də anası Bahar Qasımovaya venadaxili infuziya edildikdən bir müddət sonra vəfat edib.

O, hadisədə “İstanbul NS” klinikasını və “Stimul Hospital”ın həkimi İlham Hüseyni günahlandırır:

Anam Bahar Qasımova bu gün (18 mart) “İstanbul NS” klinikasından sistem köçürülməsi üçün “Stimul Hospital”a gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. “Stimul Hospital”a gedərkən, tibb bacısı Mələk Abbasovaya (ya da Məleykə, adını tam xatırlamıram) deyib ki, qızım, qızdırmam var. Bəlkə dərman verəsiniz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib”.

Jurnalist bildirir ki, həmin vaxt hospitalın dəhlizində gözləyən atasına, bacısına və onlarla birgə xəstəxanaya gələn qonşusuna xəstənin vəziyyətinin ağır olduğu bildirilib:

“Qonşum deyir ki, anamı heç bir aparata qoşmayıblar. Həmin vaxt, sadəcə, vaxt qazanmaq üçün onların başını qatmağa çalışıblar. Üstəlik, anamı görmək istəyəndə onları xəstəxanadan bayıra çıxarıblar”.

Fərahim Qasımovun dediyinə görə, anasının həkimi İlham Hüseyn atasına deyib ki, Bahar Qasımova keçinib:

“Həkim deyib ki, gəlin təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İlham Hüseyn hospitalda olub”.

Fərahim Qasımovun paylaşdığı videoda həkim İlham Hüseyn mərhumun yaxınları ilə söhbətində deyib ki, Bahar Qasımovanı üç gündür görmür:

Müalicəni yazıb, vermişəm. Bura gəlib, sistem qoyublar. Durub, çıxıb, gedib. Bundan sonra xəstənin vəziyyəti qarışıb. Sadəcə, xəstəyə hörmətim olduğu üçün, ilk dəfə yönəltdiyim üçün mən gəldim ki, bir yerdə söhbət edək. Xəstə pisdir, xəstə yoxdur”.

“İstanbul NS” klinikasından Meydan TV-yə bildirilib ki, onların Bahar Qasımova adlı pasiyentləri olmayıb.

“Stimul Hospital”dan Meydan TV-yə bildirilib ki, Bahar Qasımovanın ölüm faktı qəfil baş verib.

Səbəbləri aidiyyəti üzrə araşdırılır.

Səhiyyə Nazirliyi Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Həkim-terapevt İlham Hüseyn zəngləri cavablandırmayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəSağlıqJurnalist anasının həkim səhlənkarlığı nəticəsində öldüyünü deyir