Jirinovskini Kreml danışdırır? Siyasi icmalçılar fərqli düşünür

Elxan Mehdiyev: Vitse-spiker keçmişi müqayisə edərək belə fikirlər söyləyir və dediklərinin reallığı əks etdirdiyini düşünmür

Rauf Mirqədirov: Onun açıqlamalarının çox ciddi ideoloji bazisi var, bu, rus elitasının şovinist təfəkkürü ilə bağlıdır

Source:
Vladimir Jirinovski foto sosial şəbəkə


Elxan Mehdiyev: Vitse-spiker keçmişi müqayisə edərək belə fikirlər söyləyir və dediklərinin reallığı əks etdirdiyini düşünmür


Rauf Mirqədirov: Onun açıqlamalarının çox ciddi ideoloji bazisi var, bu, rus elitasının şovinist təfəkkürü ilə bağlıdır

Konfliktoloq Elxan Mehdiyev hesab edir ki,  Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin  “Tsarqrad TV” kanalının “Çay s Zaxarom” müəllif proqramındakı məlum çıxışı Kremlin tapşırığı ilə deyil, özbaşına hərəkətidir.

Bu barədə Meydan TV-yə danışan Elxan Mehdiyev xatırladıb ki, Jirinovskinin özünəməxsus baxışları var, müəyyən mənada səmimi danışır və həmişə də vəziyyətə uyğun dəyişir, heç kimlə düşmən münasibətdə qalmır:

Elxan Mehdiyev

“Məsələn, Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda, Jironovski hər gün yerli kanallarda deyirdi ki, İstanbulu bombalamaq lazımdır. Amma vəziyyət dəyəşəndən sonra Ankaraya getdi və bu gün az qala Türkiyənin müdafiəçisi rolunda çıxış edir. Eyni yanaşmanı Azərbaycana qarşı da sərgiləyib. Ona görə həmin müsahibədə dediklərini xüsusi fərqləndirməyə gərək yoxdur. Sadəcə, vitse-spiker keçmişi müqayisə edərək belə fikirlər söyləyir və dediklərinin reallığı əks etdirdiyini düşünmür. Yəni qeyri-standart, primitiv danışıqlarıyla fərqləndiyindən bunu Kremlin fikri kimi qəbul etmək ciddi olmazdı”.

Siyasi icmalçı Rauf Mirqədirov isə fərqli düşünür.

Onun fikrincə, Jirinovskinin açıqlamaları Kreml elitasının əhval-ruhiyyəsinin nümayişidir və bu, LDPR sədrinin ilk bəyanatı deyil:

Rauf Mirqədirov foto sosial şəbəkə

“Jirinovski bu yaxınlarda Belarus haqqında demişdi ki, əgər hər şeyi Rusiyanın daxili qiymətlərilə almaq istəyirsinizsə, o zaman müstəqillikdən əl çəkib Moskvanın nəzarətinə daxil olun. Yaxud Putin 2007-ci ildə demişdi ki, SSRİ-nin dağılması XX əsrin ən böyük faciəsidir. Təsəvvür edirsiniz, bolşevizmin hakimiyyətə gəlməsi, 1918-ci ilin vətəndaş müharibəsi, Stalin repressiyaları, 70 il insanları qapalı bir rejimdə saxlamaq faciə sayılmır, amma imperiyanın dağılmasıyla xalqların müstəqil dövlətlərinə sahib olması faciə hesab olunur. Onun ardınca Putin “müstəqil Ukrayna dövləti nonsensdir” demişdi. Bunları ona görə xatırladıram ki, Jirinovskinin açıqlamalarının çox ciddi ideoloji bazisi var, bu, rus elitasının şovinist təfəkkürü ilə bağlıdır. İkinci amil Rusiyada yaxınlaşan seçkilərdir, aparılan sorğular Kremlin istədiyi mənzərəni təlqin etsə də, ölkədə ərzaq kartlarının bərpası barədə müzakirələr gündəmə gəlib və bu, ölkədə sosial-iqtisadi durumun nə dərəcədə gərgin olduğunun göstəricisidir. Artıq rusların qənaət etməyə imkanları yoxdur. Narahatlığın həlli yollarından biri -qubernatorların dəyişilməsi prosesi başlayıb, çünki əhalinin ən çox nifrət etdiyi onlardır. Bu dəyişiklik Rusiya əhalisinin əhval-ruhiyyəsinə az  təsir edər”.

R.Mirqədirovun sözlərinə görə, Rusiya əhalisinin düşüncəsinə  yalnız xarici qələbələr təsir edə bilər:

“Təəssüf ki, xarici qələbələr, xarici məğlubiyyətlər qədər ölkənin siyasi mənzərəsini dəyişə biləcək bir amil yoxdur. Bu, şovinst təfəkkürlə bağlı məsələ olduğundan ondan istifadə olunur. Putinin xarici siyasətə önəmli diqqəti də onunla bağlıdır. Baxın, postsovet məkanına nüfuz edir, iddialarını gizlətmir. Bəs bacaracaqlarmı? Qısa uğurlar əldə oluna bilər. Amma sosial-iqtisadi problemlər nəticə etibarıyla məğlubiyyət gətirəcək. Çünki xarici qələbələr üçün böyük pul lazımdır. Ona görə Rusiya elitası aparılan siyasətin amansız faciəyə gətirəcəyini bilməlidir”.

Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jironovski  “Tsarqrad TV” kanalına SSRİ sərhədlərinin bərpa ediləcəyi barədə müsahibə verib. O, SSRİ-nin bərpa ediləcəyi təqdirdə daxili münaqişələrin də həll olunacağını deyib: “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”.

Ana səhifəAnalitikaJirinovskini Kreml danışdırır? Siyasi icmalçılar fərqli düşünür