”İtlərin hamısı acdır, heç kim onlara baxmır”

Yelena Simakina Balaxanıda yerləşən Sahibsiz Heyvanlarla Mübarizə İdarəsindən şikayətçidir. O, itlərin baxımsız, antisanitar şəraitdə saxlanıldığını deyir. Yelena Simakina 2 ildən çoxdur heyvanlara könüllü şəkildə yardım edir. O, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin də heyvanlara münasibətindən narazıdır.

“Bütün itlər acdır. Xəstədirlər, heç kim onları müalicə etmir. Antisanitar vəziyyət yaranıb. Bəzi itlərin heç içmək üçün suyu yoxdur. Orada çalışanlar Departamentə itlərə baxdıqlarını söyləsələr də, əslində maraqlanmırlar.”

Yelena xanım deyir ki, noyabrın 27-də 5 nəfərdən ibarət qrup onu döyüb, telefonunu, planşetini, evin açarını götürüblər. O, Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə buraxılmadığını, idarənin müdiri Eldəniz Məmmədov tərəfindən belə göstəriş olduğunu deyir-

“Polisə şikayət etdim, amma müstəntiqlər dəyişsə də, heç nə dəyişmədi. Onlar işə obyektiv baxmadılar. Biz istəyirik gedib rəhbərliklə danışaq ki, belə heç nə davam edə bilməz. Dövlətin maliyyə dəstəyi yoxdur. Hansı pulla onlar itləri saxlayacaqlar?”

“Turan” Klinikasının həkimi Emin Şahverdiyev isə deyir ki, Yelena Simakina heyvansevərləri idarəyə buraxmadığı üçün mübahisə yaranıb. O, Sahibsiz Heyvanlarla Mübarizə İdarəsində vəziyyətin kafi olduğunu söyləyib.

Bakı Şəhər İcra Hakimiyyəti Meydan TV-nin zənglərinə cavab verməyib.

İdarənin rəisi Eldəniz adlı şəxs isə bildirib ki, heyvansevərlər arasında ciddi münaqişə olduğu üçün heç birini idarəyə buraxmırlar:

“Bizim öz işçilərimiz var, itlərə də yaxşı baxırlar. Hazırda şikayətlər Sabunçu Polis bölməsində araşdırılır”.

I Avropa Oyunları ərəfəsində də Sahibsiz Heyvanlarla Mübarizə İdarəsində itlərin yandırılması ilə bağlı şikayətlər vardı. Meydan TV həmin idarədən çəkiliş apararaq, deyilənlərin həqiqət olduğunu ortaya qoymuşdu.

Ana səhifəVideo”İtlərin hamısı acdır, heç kim onlara baxmır”