İtalyan deputat Luka Volontedən çirkli pulların yuyulması ittihamı götürülüb

Xədicə İsmayıl: “Rüşvət ittihamı qalıb”

Source:


Xədicə İsmayıl: “Rüşvət ittihamı qalıb”

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan italiyalı parlamentari Luka Volontenin üzərindən Milan məhkəməsi çirkli pulların yuyulmasında iştirak ittihamını götürüb.

İtaliya mətbuatının verdiyi məlumata görə, bu barədə Volontenin vəkilləri bəyanat

veriblər.

Vəkillər bildiriblər ki, üç illik araşdırmalardan sonra məhkəmə Volontenin çirkli pulların yuyulmasında günahını sübut edən faktlar olmadığı qənaətinə gəlib.

“İnanırıq ki, bu qərar bizim müştərinin korrupsiya ittihamlarına da şamil olunacaq”, vəkillər deyiblər.

Xəbəri Meydan TV-ə İtaliyadan olan hüquqmüdafiəçisi Elena Gerebizza da təsdiqləyib. O bildirib ki, çirkli pulların yuyulması ilə bağlı ittiham götürülsə də, rüşvət ittihamı üzrə məhkəmə davam edir.

Məsələyə ilkin reaksiya verənlər arasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub.

“Azərtac” agentliyinə müsahibəsində Ə.Həsənov bəyan edib ki, Milan məhkəməsinin qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü

təsdiqlədi.

“Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.

Cəmil Həsənli
Cəmil Həsənli

Məsələyə şərh verən Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb ki, qərarda Luka Volontenin Azərbaycan rəsmilərindən pul almadığı yazılmayıb.

“Luka Volonte özü mətbuata etiraf edib ki, Azərbaycan tərəfindən iddia edilən 2 milyon 400 min avronu alıb və əvəzində bizim ölkəmizə kənd təsərrüfatı sahəsində böyük ehtiyac duyulan “məsləhət” verib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi isə təkzib edib ki, ümumiyyətlə dəvəçilikdən başqa ayrı bir kənd təsərrüfatı olmayan Səudiyyə Ərəbistanı istisna olmaqla heç bir xarici dövlətlə, təşkilatla, şəxslə bu “məsləhət” məsələsində danışıqlar aparmayıb və heç məsləhət də almayıb. İkincisi, Luka Volonteyə Azərbaycandakı “Baktelekom” MMC adlı telekommunikasiya şirkətinin kassasından pul köçürmələri haqqında “Danske Bank”ın qəbzləri var ortada və onlar açıqlanıb. Lap deyək Milan məhkəməsinin qərarı var, bəs bunları hara qoyacaqsınız?”

C.Həsənli vurğulayıb ki, bu adam özü dəfələrlə deyib ki, Azərbaycan hökumətindən qrant alıb və həmin qrantı necə xərcləməyinin büdcəsini də elan edib.

“Sevinmək tezdir. Siz onun izahatını verin ki, hər sentinə Azərbaycan vətəndaşının əşhəddü ehtiyacı olan bu qədər pulu Luka Volonteyə niyə vermişdiniz? Hətta olubsa belə Milan məhkəməsinin qərarı Volenta üçündür, sizin üçün deyil”.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı jurnalsit Xədicə İsmayıl isə öz Facebook səhifəsində yazıb ki, rüşvət ittihamı Volontenin üzərindən götürülməyib.

“Həmin maddə üzrə toxunulmazlığı da götürülüb. Elxan Süleymanov və Əli Həsənov həmişəki kimi yalan danışıblar. Milan Məhkəməsi qərar verib ki, Luka Volonte çirkli pulların yuyulması ilə məşğul olmayıb, onun cinayəti məhkəmə qərarı ilə təsdiq olunarsa, rüşvət alma maddəsinə uyğun gəlir. Yəni bu italyan deputat Azərbaycan hökumətinə yaxın adamlardan aldığı pulu ağardıb, özlərinə qaytarmayıb”.

2016-cı ilin dekabrında Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını dərc edib.

Bu araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemləri ifşa edilib.

Araşdırmada Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı parlamentari Luka Volontenin (Luca Volonte) adı

çəkilir.

Ana səhifəXəbərlərİtalyan deputat Luka Volontedən çirkli pulların yuyulması ittihamı götürülüb