İtaliya 10 ildən sonra Suriyaya yenidən səfir göndərəcək

İtaliyanın xarici işlər naziri Antonio Tayani. Foto: Reuters

Baş nazirin müavini Rusiyanın Yaxın Şərqin monopolyaya almaması üçün bu addımı atdıqlarını deyir

İtaliyanın 10 illik fasilədən sonra Suriyaya səfir göndərəcəyi deyilir.

Bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani məlumat verib.

Qərarın Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə iyulun 25-dəki görüşündən sonra verildiyi bildirilir.

Tayani deyib ki, bu addım Rusiyanın Yaxın Şərq ölkəsində diplomatik əlaqələri monopoliyaya almasının qarşısını önləmək məqsədi daşıyır.

Kremlin məlumatına görə, Putin Əsədə Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğunu bildirib.

Bütövlükdə regionda vəziyyət pisləşməyə meyllidir, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir”, – Putin Əsədə müraciət edərək Yaxın Şərqdəki vəziyyətlə bağlı deyib.

Moskva Suriyada 2011-ci ilin martında vətəndaş müharibəsi başlayandan bəri Qərbin geniş təcridinə və mülki əhalinin itkilərinə baxmayaraq, hakimiyyətdə qalan Əsədin əsas dəstəkçisi hesab olunur.

Yarım milyona yaxın insanın ölümünə səbəb olan və ölkənin müharibədən əvvəlki 23 milyon əhalisinin yarısını köçkün vəziyyətinə salan müharibə hazırda dondurulub. Yalnız aşağı səviyyəli döyüşlər gedir.

Ölkə faktiki olaraq Dəməşqdə yerləşən Əsəd hökumətinin, müxtəlif müxalifət qruplarının və Suriya kürd qüvvələrinin nəzarətində olan ərazilərə bölünüb.

İtaliyanın Dəməşqdəki səfirliyi təhlükəsizlik məqsədilə 2012-ci ildən dayandırılıb.

Ana səhifəDünyaİtaliya 10 ildən sonra Suriyaya yenidən səfir göndərəcək