İtaət etmək azadlığı…

“Mən pis müxalifətçiyəm. Çünki, heç nə etmirəm və bacarmıram…”

Source:

Əlbəttə, vaxt gələcək, rejim dəyişəcək və onda söhbətlər də, davranışlar da başqa olacaq. O vaxt zavallı insanlara Bənəniyarda, Sulutəpədə, Hökməlidə, Qubada, İsmayıllıda… divan tutanlar başqa cür danışacaqlar. Bütün bu işgəncə verən polislər, mitinq dağıdan mülki geyimlilər, günahsızları həbsxanaya dolduran prokurorlar və hakimlər, yolda sürücüləri döyən nəqliyyat qoçuları, evləri insanların başına uçuran şirkət çinovnikləri, insanları intihar həddinə çatdıran faktik cəlladlar həmin vaxt xorla təkrarlayacaqlar: “Biz nə edə bilərdik ki?”

Həmin vaxt onlar yazıqlaşmış sifətləri, yalvaran gözləri ilə poza verib “Ümumiyyətlə, biz çox yaxşı və yumşaq adamlarıq. Heç pişiyi də incitmirik, toyuğa da daş atmırıq. Mənfur rejim bizi məcbur edirdi” söyləcəyəcəklər. Və inandırım sizi – nəinki salamat qalacaqlar, hətta mövqelərini də itirməyəcəklər.

Çünki, bu gedişlə indiki qeyri-insani rejimin məhz insani quruluşla əvəzlənəcəyi şansı cüzi görünür. Zombiləşdirilmiş, debilləşdirilmiş, əxlaqi dəyərləri bir qarın çörəyə qurban vermiş toplumun sabahı da işıqlı görünmür. Bu mənfi tiplər – ideal ifaçılar isə hər bir qeyri-insani rejimə gərəklidirlər, onlar rejimlərin həm özülü, həm sütunudurlar.

Sovet kəşfiyyatçısı Leonid Şebarşin xatirələrində (“Sovet kəşfiyyatı rəhbərinin qeydləri”) oxşar ssenarinin İran inqilabından sonra necə reallaşdırıldığını təsvir edib. Qəddarlıqda Düvalyenin tonton-makutlarını və Pinoçet faşistlərini geridə qoyan qorxulu SAVAK-ın kadrlarından yalnız 10 faizi monarxiyanın çöküşündən sonra layiq olduğu cəzanı aldı. Onların da əksərini gözü qızmış kütlə inqilab günlərində linç etdi. Bəs qalanları? Qalanları yeni rejimə xidmətə keçdi. Şah dövründəki əməllərini ayətollaların hakimiyyətində davam etdirdi. Elə “Evin” həbsxanasında da bir şey dəyişmədi – antişah inqilabçıların yerini Sol inqilabçılar tutdu.

SAVAK başkəsənlərinin “alibi”si vardı – onlar hakimiyyətin əmrini yerinə yetirirdilər. Necə yerinə yetirdikləri də bəllidir. Rışard Kapuşinski “Şahənşah” kitabında yazırdı: “SAVAK-ın pəncəsinə keçib birdəfəlik yoxa çıxmaq üçün heç bir səbəb lazım deyildi”. Necə də 21-ci əsr Azərbaycanına bənzəyirmiş şah İranı…

Eynilə nasist caniləri etdikləri bütün amansız cinayətləri əmrə tabe olduqlarından, yəni, nümunəvi kadr imicini qorumaq üçün etdiklərindən dəm vururdular. Hitler canidir, Klaus Barbye və Adolf Eyxman isə yox – həmin məntiqdən bu nəticə çıxır.

Ancaq yenə də nasist caniləri ilə bu gün Azərbaycandakı dövlət terrorunun ifaçıları arasında fərq var və ən kədərlisi – həmin fərq nasistlərin xeyrinədir. Nasistlər hərbi əmri yerinə yetirirdilər və müharibə gedirdi, icra olunmayan əmrə görə müharibə dövrünün qanunlarına uyğun olaraq bir hərbçi kimi cavab verməliydilər. Yəni, itaətsizlik – edam deməkdi. Azərbaycanda isə müharibə getmir və hərbi əmrlər (o əmrlər ki, müzakirə olunmamalıdır) verilmir. Burada özünü sivil adlandıran hakimiyyət öz vertikalı ilə aşağıya, çinovniklərinə “Əz!” əmri verir. Bu əmri yerinə yetirməyəni edam gözləmir.

İcradan imtina edəni rüşvət almamaq, xalqı soymamaq və əzməmək şansı gözləyir. Yəni, adam olmaq şansı. Ancaq adam olmaq istəyən yoxdur.

İcraçılar “Ailəmiz, övladlarımız üçün edirik” deyirlər. Nə murdar bəhanə! Kanniballar, siz ailənizə insan əti yedizdirirsiz. Siz övladlarınızı özünüz kimi kölə, qorxaq, sırtıq, vəhşi, bütün etik-mənəvi dəyərlərdən məhrum heyvan kimi böyüdürsüz. Siz səhər Sulutəpədə insanları evsiz qoyub, günorta Yadigar Sadıqova 6 il həbs cəzası verib axşam övladlarınıza atalıq hisslərindən danışırsız. Və siz adam kimi qalmağınızın yeganə şansını – bu hakimiyyətin qeyri-insani əmrlərinin icraçısı olmamağı – ironiya ilə qarşılayaraq buna lağ edirsiz.

“Qaranlıq dövrlər”də insanlıqdan danışmaq sadəlövhlük kimi görünür, deyilmi? Onda davam edin. Və sürücüdən rüşvət alarkən cəmisi 1 saat əvvəl həmin sürücünün təkərləri altında bütün ailəsinin qırıldığından xəbərsiz olan polis işçisinin misalını öz üzərinizdə ölçün…

***

Ölkə isə neqativin içində çabalamadan boğulur. Bu status nə düşüncəyə, nə də Əmələ təkan olur.

Azəri mentalitetində tarix boyu vəziyyəti dəyişmək yox, vəziyyətə uyğunlaşıb birtəhər baş girləmək tendensiyası hakim olub. İdarə olunan xaosu yaradanlar bunu çoxdan nəzərə alıblar. Nə qədər pisdirsə, bir o qədər sakitlikdir.

Deqradasiya çökəkliyinin elə bir dərinlik nöqtəsi olur ki, oraya çatanlar oradan çıxmaq üçün ifrat böyük enerji tələb olunduğunu əsassız bəhanə gətirərək elə düşdükləri yerdə qalmağı daha asan sayırlar. Hələ böyür-başlarına dekorativ dəyişikliklər edərək çirkabı gözəllik, düşdükləri yeri az qala cənnət kimi qələmə verməyə çalışırlar.

Burada bir çox psixoloji plastlar üst-üstə düşür. Birincisi, uyğunlaşmaq savaşmaqdan təhlükəsizdir. İkincisi, hamı eyni gündədir və hamı bir-birindən sadəcə zibillikdə qura bildiyi komfortun dərəcəsi ilə fərqlənir. Üçüncüsü, madam ki, hamı eyni batan gəmidədir, başqalarının dərdi mənəmi qalıb? Etiraz etsəm, ilk növbədə elə öz qismət ortaqlarım kəndiri boynuma keçirəcək və edamımda əl çalacaq. Necə ki, sınan buzların bumbuz suya itələdiyi dekabristlərə baxan rus mujiki “Ura!” qışqırırdı.

Bir sözlə, zibillikdə yaşayanlar sakitlik istəyir. Kim ki istəmir – deməli, əfəldir, uyğunlaşa bilmir, şıltaqlıq edir və başqalarının da həm rahatlığını, həm təhlükəsizliyini zərbə altına qoyur.

Status, ranq, sərvət və siyasi-mədəni baxışlarından asılı olmayaq, hamının eyni təhlükə ilə qarşılaşdığı və heç kəsin şəxsi fəlakətdən sığortalanmadığı isə veclərinə də deyil. Kəsilmək növbəsinə düzülmüş qurbanlıq qoyunlar kimi, növbənin hələ ona çatmadığını və daha bir neçə dəqiqə edam növbəsində dayanmağın mümkünlüyünü xoşbəxtlik sayırlar.

Qardaşına atılan daşı saman çuvalına dəyən daşla eyniləşdirənlər boyunlarına almaq istəmirlər ki, hamı növbədədir və növbə ümummillidir. Polis şöbəsində təkcə orta statistik azəri yox, hakimiyyətə it sədaqəti ilə yalmanan səlahiyyətlilər də ölür. Evindən təkcə şəhərin mərkəzində və ya Sulutəpədə yaşayan sakinlər zor gücünə qovulmur – sabah-birigün növbə onların indi susan qonşularına da çatır. Ərzaq bahalaşır – kiminsə onu almağa gücü yoxdur, olmasın, mənim pulum bu gün bəs edir, sabaha isə hələ bir sabah var.

Və bununla da yırtıcı kapitalizmin Marks tərəfindən müfəssəl analiz olunmuş mərkəzi anlayışlarından biri – Yadlaşma totallaşır, atomlaşma fərdləri bir-birindən ayırıb bir-birinə qarşı qoyur. Çünki, sərvətlər məhduddur, namizədlər çox. Və bir qulun çörəyi o biri qulun aclığından keçir.

“Kimdir günahkar” sualı yersizdir. Çünki, dərketmə prosesi getmir.

Halbuki, aydın olmayan bir nəsnə də yoxdur. Xəyal qurub təsəvvür edək:

Müxalifət lideri evinin aynabəndindən plakat asır: “Mən pis müxalifətçiyəm. Çünki, heç nə etmirəm və bacarmıram”.

Jurnalist redaksiyasının qapısına yazır: “Mən pis jurnalistəm. Çünki, analiz edib yol göstərmirəm. Reketlik edib pul alıram. Hakimiyyətə yalmanıram, onun əlindən pay – mənzil, pul… nə versə, götürürəm. Öz ölkəmi yazmıram”.

TV-bossları boyunlarına plakat asıb şəhərə çıxır: “Biz pisik. Çünki, ölkəni göstərmirik. Debilizator rolunu oynayırıq. TV-ni savadsız aparıcılara və səviyyəsiz qonaqlara təslim etmişik”.

Evləri uçurulanların qonşuları binalarından qışqırır: “Biz pis qonşularıq, çünki, küçəyə atılan günahsızları, 5 dəqiqəsiz səfilləri müdafiə etmirik. Çünki, növbəmizə hələ var”.

“Qaç, Lola, qaç” şüarı ilə ölkədən qaçanlar yalançı yüksək bəhanələr uydurmaq əvəzinə “Mən qorxaqam və başqalarının təqibini özümün xaricə sığınmaq bəhanəmə çevirirəm” deyir (Zatən, deməsə də, bunu hamı bilir).

Xırda çinovnik oğluna deyir: “Sənin atan əclafdır, çünki pislik üstündə pul qazanır, ədaləti basdırmaqla səni yedirir”.

Hakim, prokuror, müstəntiqlər deyir: “Biz pis qanunçularıq. Çünki pulumuz qanunu pozmaqla qazanılır. Günahsızları məhbəsdə saxlayırıq. Hələ saxlayacağıq da. Əslində isə onların yerində özümüz olmalıydıq”.

Satıcı, fəhlə, çörəkçi, sürücü, evdar qadın, həkim, müəllim… hamı-hamı-hamı bu xora qoşulur və deyir: “Biz hamımız pis vətəndaşlarıq. Çünki, pisliyi tirajlayırıq, adiləşdiririk, ondan bəhrələnirik”.

Və sonunda da yeganə birləşmə nöqtəsi pasportlarındakı ölkənin adından ibarət olan bütün toplum yekun olaraq deyir: “Əslində isə təbiətimiz etibarilə biz yaxşıyıq. Dövr pisdir. Dövr bizi pisliyə məcbur edir. Yaxşı zamanlarla biz də yaxşı olacağıq. Görərsiz”.

Görməyəcəksiz…

Ana səhifəMənim Fikrimcəİtaət etmək azadlığı…