“Spotify” Rusiyada ofisini bağlayıb

Mənbə: Reuters

Səbəb kimi Ukraynaya hərbi müdaxilə göstərilib

İsveçin internet audiostriminq xidməti “Spotify” Rusiyadakı ofisini qeyri-müəyyən müddətə bağlayıb.

Səbəb kimi Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar göstərilib.

Xidmət həmçinin Rusiya dövlət mediasının materiallarını axtarmaq imkanlarını da məhdudlaşdırıb.

“Son bir həftə ərzində bizim əsas prioritetimiz əməkdaşlarımızın təhlükəsizliyi və hazırkı vəziyyətlə əlaqədar audiostriminq vasitəsilə qlobal və regional xəbərlərin mühüm mənbəyi kimi xidmət göstərməkdir”, – qurumun bəyanatında bildirilir.

“Spotify” audiostriminq xidməti 2008-ci ildə istifadəyə verilib və 2020-ci ilin yayından Rusiyada fəaliyyət göstərir.

Hazırda xidmətin 381 milyondan çox istifadəçisi, o cümlədən 178 ölkədə 172 milyon “”Spotify Premium” abunəçisi var.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Ana səhifəDünya“Spotify” Rusiyada ofisini bağlayıb