İstintaq təcridxanasındakı məhbus aclıq aksiyası keçirir

”Nizami Rayon Prokurorluğunun apardığı istintaq qərəzlidir”

Source:
Həbsxana
Həbsxana


”Nizami Rayon Prokurorluğunun apardığı istintaq qərəzlidir”

Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında məhbus həyatı keçirən Amil Kazımov aclıq aksiyasına başlayıb. O, Nizami Rayon Prokurorluğunun barəsindəki işlə bağlı düzgün istintaq aparmadığını düşünür. Aclıq aksiyasına buna etiraz olaraq başlayıb.

Meydan TV-yə danışan Amil Kazımovun atası Rahim Kazımov deyir ki, oğlu aclığa avqustun 13-dən başlayıb. Onun sözlərinə görə, oğlu martın 6-dan həbs edilib.

“Oğlum cinayət törədib. Dava zamanı adam bıçaqlayıb. Bu, tamamilə qəza nəticəsində olub. Həmin şəxs oğlumu uzunmüddətli şantaj edib, ondan pul tələb edib. Məhəllədəki bütün pulsuz dayanacaqlara görə ondan haqq istəyib. O da verməyib, beləcə uzun müddət mübahisələri, davaları olub. Sonda aralarında dava düşüb. Dava zamanı hər ikisində bıçaq olub. Qarşı tərəfə bışaq zərbəsi dəyib. Davadan sonra o, evlərinə gedib. Qapını bağlayıb, içəridə qalıb, qanaxmadan dünyasını dəyişib”.

R.Kazımovun sözlərinə görə, ancaq Nizami Rayon Prokurorluğunun apardığı istintaq qərəzlidir və oğlu barəsindəki cinayət işini düzgün araşdırmağa başlamayınca aclığı dayandırmağı düşünmür:

“Ölən adamın bıçaq çəkdiyini, oğlumu şantaj etdiyini, pul tələbini filan saymırlar. Heç kamera görüntülərini də işə sübut kimi daxil etmirlər. Onların deməyindən belə çıxır ki, mənim oğlum durduğu yerdə, köməksiz bir insanı bıçaqlayaraq öldürüb”.

Rahim Kazımov deyir ki, prokurorluq məsələni istədiyi məcraya yönəldir. Onun fikrincə, buna səbəb ölən şəxsin qardaşının prokurorluq işçisi olmasıdır:

“Mən demirəm ki, oğlumun günahı yoxdur. Deyirəm ki, iş düzgün araşdırılmalıdır”.

Meydan TV məsələyə Nizami Rayon Prokurorluğundan münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlərİstintaq təcridxanasındakı məhbus aclıq aksiyası keçirir