İşsizlik dərdi

İşə düzəlmək tanışlıq, qohumluq əlaqələri, şəxsi simpatiya nəticəsində baş verir

Source:
İşsizlik şərti foto
İşsizlik şərti foto
İşsizlik şərti foto
İşsizlik şərti foto

İşə düzəlmək tanışlıq, qohumluq əlaqələri, şəxsi simpatiya nəticəsində baş verir.

Bu gün ölkənin Qarabağdan sonra ikinci ciddi problemi işsizlikdir. Hökümətsə düşünür ki, işsizlik ölkənin yox, məhz vətəndaşın şəxsi problemidir. Belə olmasa idi, hər il maaşlarından narazılıq edən deputatlar xalqa səfeh məsləhətlər verməzdilər. Deməzdilər ki, iş var, sadəcə millət işləmək istəmir. Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata görə, ölkədə 33000 adam işsizdir. Güman edirəm ki, bu rəqəmlər də qeyri-dəqiqdir və həqiqəti əks etdirmir. Həqiqət isə budur ki, ölkədə işsizlərin sayı bir neçə dəfə çoxdur.

Xalqın bu məsələyə reaksiyası, manatın ucuzlaşmasına, benzinin qiymətinin qalxmasına olduğu kimidir. Yəni lağlağı və qeyri-ciddi.

Sosial şəbəkədə işsizlik, qiymət artımıyla bağlı bolluca zarafat, video çarxlar var. Ümumiyyətlə, şəxsi müşahidəmə əsaslanıb deyə bilərəm ki, bizim qardaş iki şeydən yaman çəkinir. Biri kasıb görünməkdən, digərisi ciddi olmaqdan. Satira həqiqəti demək üçün ağıllı vasitədir. Ötən əsrin əvvəlində ziyalılarımız cahil kütləyə həqiqəti bu yolla çatdırırdı. Orta əsrlərdə, kral saraylarında təlxək həqiqəti dombalaq aşaraq deyirdi.

Amma təkcə düz sözü deməklə deyil, gərək çalışasan sonda təlxək rolunda qalmayasan. Yoxsa söylədiyin fikir ciddiliyni itirər. Ölkədə işsizliyin bir çox səbəbi var. İqtisadçılar onları daha müfəssəl yaza bilərlər.

Bəndəniz isə iqtisadçı deyil, ona görə üzdə olanları yazacaq. Əvvəla deyim ki, mən on ildən artıqdı neft sənayesində çalışıram. Bu illər ərzində yüzlərlə insan tanımışam. O adamların arasında öz peşəsi üzrə işləyəni çox az olub. Onlar həkim, hüquqşunas, müəllim, tərcüməçi, jurnalist, təyyarə pilotu, dizayner, baytar, iqtisadçı olub. Lakin hamısı xarici neft şirkətlərində, fərqli peşələrdə çalışıblar. Məsələn, tarix müəllimi çilingər, tərcüməçi ambardar, həkim yükqaldırıcı, jurnalist elektrik, təyyarə pilotu isə boruların müfəttişi vəzifəsində işləyib. İndi təsəvvür edin, neft ucuzlaşır, şirkət işçiləri ixtisar edir. Ömrünün yarısını həkim diplomu ilə çilingər işləmiş vətəndaş hara getsin? Hansı işin qulpundan yapışsın? Yaxşı, bəs niyə bu peşə sahibləri fərqli sahədə işləyir?

Cümhuriyyət dövründə hökumət ölkədaxili siyasi çəkişmələrə rəğmən iqtisadiyyatı dirçəltmək, ilk növbədə aqrar məsələni həll etmək istəyirdi. Həmin dövrdə yalnız bu yolla camaatın rifahın az da olsa yaxşılaşdırmaq olardı. O zaman üçün ADR hökuməti bundan artığını edə bilməzdi. Əvvəla, texnologiya və sənaye indiki kimi inkşaf etməmişdi. İkincisi, Rusiyada baş verən inqilab, iki ölkə arasında yaranmış soyuqluq neftin ixracını dayandırmışdı. Ambarlarda neft aşıb-daşır, büdcəyə pul gəlmirdi. Bəs görəsən iyirmi beş il siyasi sabitlik dövründə hökumət niyə qeyri-neft sektorunu inkişaf etdirə bilmədi? Sovet dönəmindən infrastruktur qalmışdı, peşəkarlar var idi. Yalnız zavod, fabrikləri təkmilləşdirib işlətmək gərək idi. Minlərlə baramaçı, aqranom, baytar, meliorasiya mütəxəssisi işsiz qaldı. Baş götürüb iş üçün qonşu ölkələrə getdi.

Müstəqil olandan sonra onlarla peşə məktəbi bağlandı. Mən yaşadığım qəsəbədə peşə məktəbinə müharibədən sonra məcburi köçkünlər girmişdi. İnsanlar məktəbin stadionunda qoyun otarır, idman zalında yaşayırdı.

Bu məktəbləri qeyri-rəsmi yox edib, gənclərə universitetlərdən savayı alternativ seçim qoymayan hökumət, sonradan tələbəni işə götürəndə üç il iş təcrübəsi istəyir. Amma peşə məktəbləri qalsa idi, tələbə həm oxuyar, həm də təcrübə yığardı. İndi isə dörd-beş il universitet oxumuş tələbə, gedib zavoda qaynaqçı köməkçisi işləyir. Ölkədə istehsalatda çalışanların yarıdan çoxu Sovet vaxtı peşə məktəblərini bitiriblər.

Dövlət idarəsinə işə düzələndə, işçinin savadına, təcrübəsinə baxan olmur. İşə düzəlmək tanışlıq, qohumluq əlaqələri, şəxsi simpatiya nəticəsində baş verir. Savadlı, bacarıqlı, işgüzar, dövlətə və dövlətçiliyə faydalı olacaq mütəxəssis qalır kənarda, icra ediləcək işdən uzaq bir insan gətirilir vəzifəyə. Bu proses ən aşağı idarədən, üzüyuxarı zəncirvari olaraq davam edir. Bu cür işə qəbul dövlət idarələrinin hamısında mövcuddur. Əslində iş tapmaqda çətinlik çəkən adam daxili bazarın tələblərinə uyğun olmayan, qeyri-peşəkar, səriştəsiz, savadsız olmalıdır. Bizim ölkədə isə əksinədir. Yuxarıda yazdığım üsulla gəlib rəhbər olan şəxs adətən idarə etmək, kollektivdə işləmək bacarığına malik olmur. O iş yerində şəxsi kompleksləri, ambisiyaları ilə işləyir. Komandada şəxsi ədavət, aqressiya, qeyri-sağlam mühit yaradır.

Ölkədə iri və xırda sahibkarlar olsa da, iş axtaranların tələbatını ödəmir. Adətən iş şəraiti, məvacib qaneedici olmur. Bu üzdən vətəndaş normal maaş və iş üçün xarici neft şirkətlərinə üstünlük verir.

Xarici neft şirkətlərində də vəziyyət ürəkaçan deyil. Dünya iqtisadiyyatında baş verən təlatümlar, neftin dəyərdən düşməsi şirkətləri büdcəni kəsməyə vadar edir. İşlərin azalması fonunda, vəsaitə qənaət etməyin ən produktiv yolu isə işçilərin ixtisarıdır. Hökumət ölkədə işləyən xarici şirkətlərə kadrların milliləşməsi proqramını tövsiyə edir. Əslində bu alqışlanan təklifdir. Milliləşmə siyasəti şirkətlərə qənaət etməyə kömək etməli, həm də yerli əhalinin işlə təmin olunmasına şərait yaratmalıydı. Şirkət əcnəbi işçini yerli işçiylə əvəz etdikdə, əcnəbiyə ödədiyi yüksək maaşdan əlavə, yol xərci, yaşayış yeri üçün sərf etdiyi vəsaitə qənaət etmiş olur.

Təəssüf ki, milliləşmə siyasəti əks təsir göstərdi. Xarici şirkətlər qohumbazlıq azarına tutuldu. “Balıq başdan iylənər” məsəli əbəs yerə deyilmir. Camaat dövlət idarələrindən işçi götürmək təcrübəsini mənimsəyib, xarici şirkətlərdə tətbiq etməyə başladı. Nəticədə minlərlə peşəkar, təcrübəli, bilikli, bacarıqlı insan işsiz qaldı və qalmaqdadır. Tanışlıqla işə götürülən insanlara isə məddahlıq və yaltaqlıq prioritet kimi göstərilir.

Çünki işini bilməyən, peşəkar olmayan insanın işdə qalması yalnız müdriyyətə necə yaltaqlıq etməyindən asılıdır.

Bir dəfə işlədiyim şirkətdə mübahisə düşmüşdü. Yaxşı vəzifəsi, maaşı olan, yaşı əllini adlamış iş yoldaşım məni otağına çağırdı. Fikirləşdim ki, yəqin deyəcək təmkinli ol, cavansan, hər xırda məsələyə görə hirslənmə, hər şey yaxşı olacaq. Fikirləşdim ki, həyat görmüş insan kimi, mənə dəyərli məsləhət, nəsihət verəcək. Amma otaqda onun dediklərini eşidib, az qaldım utandığımdan başımı yerin dibinə soxum. O yaşda insan çəkinmədən mənə yaltaqlığı təbliğ edirdi. Hələm utanmayıb dedi ki, özü də belə edib və buna görə bu vəzifədə oturub. İndi isə yaltaq olmayıb karyera qurmaq istəyən gənc görəndə koqnitiv dissonans (psixologiya nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə şəxs iki, bir-birinə əks mövqenin və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa, bu, onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə, bu, onu narahat edir) keçirir.

Adətən tapşırıqla işçi götürərkən, şirkətdə müsabiqələr gözdən pərdə asmaq üçün olur. Sonra absurd səbəblərə görə insanları götürmürlər. Məsələn, saqqalı uzun olduğuna görə, yaxud subay olduğu üçün. Mənə bir dəfə zəng edib dedilər ki, sizi işə götürə bilmərik. Çünki sizə alacağınız maaşı dedikdə, üzünüzdə sevinc hissini görmədik.

Ölkədə dayanmadan artan işsizlik, mənə üç filmi xatırladır. Bu filmlər işsizliyin törətdiyi problemləri daha aydın və dəqiq anlatmaq gücündədir. Vittorio de Sikanın “Velosiped oğruları”, Pyetro Djeriminin “Maşinist” və Ron Xovardın “Nokdaun” filmi.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİşsizlik dərdi