SSRİ və İraq arasında hələ 1959-cu ildə imzalanan müqaviləyə əsasən Moskva Bağdada dinc məqsədlərlə izotop laboratoriyasının tikintisində, kadrların hazırlanmasında kömək edəcəkdi. 1968-ci ildə sovetlərin köməyilə əl-Tuvayte səhrasında 2 MVt gücündə tədqiqat reaktoru işə başladı.
1975-ci ilin aprelində İraqın vitse-prezidenti (əslində hakimiyyəti əlində cəmləmiş) Səddam Hüseyn Moskvaya səfər etdi. O, ruslardan daha güclü, plutonium əldə etməyə imkan verəcək reaktor istəyir. Sovet hökuməti isə şərt kimi işlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency – İAEA; bizdə daha çox ruslardan eşitdiyimiz MAQATE abbreviaturası məşhurdur) nəzarəti altında getməsini irəli sürür. Bu da S. Hüseynin ürəyincə olmur.
Amma elə həmin ilin noyabrında İraq vitse-prezidentinin Fransaya səfəri zamanı Jak Şirakın başçılıq etdiyi hökumətlə 40MVt gücündə “Osiris” tipli reaktorun alınması barədə razılığa gəlindi. Bundan əlavə, fransızlar İraqa “İsis” tipli daha kçik reaktor və reaktor üçün yanacaq kimi 72 kq zənginləşdirilmiş (93%) uran verəcəkdilər. Üstəlik, işlər Bağdadın istədiyi kimi İAEA-nın nəzarəti olmadan həyata keçiriləcəkdi. Layihənin ümumi dəyəri 3 milyard dollar idi.
1976-cı ildə isə İraq “isti kameralar” almaq üçün İtaliya ilə müqavilə imzaladı. Bu kameralar reaktorun yanacaq elementlərindən plutonium əldə etmək üçün lazım idi.
Bu avadanlıqların nüvə silahı istehsal etmək üçün yetərli olub-olmaması ətrafında mütəxəssislərin mübahisəsi indi də davam edir. İsrail isə bundan dərhal narahat oldu və Fransa, İtaliya ilə danışıqlara başladı. Amma Altıgünlük müharibədən sonra İsrailin Fransa ilə münasibətləri yaxşı deyildi, bu barədə “Yəhudilərin katerləri qaçırması” adlı məqaləmdə bəhs etmişəm.
1974-cü ildə Valeri Jiskar d`Estenin Fransa prezidenti seçilməsindən sonra Parislə Tel-Əviv münasibətləri bir az soyuqlaşdı. İki il sonra ABŞ prezidenti olan Karter d`Estenlə görüşündən sonra onun haqqında yazırdı: “Parlaq, güclü və özündən əmin insandır. Biz bütün məsələlər haqqında ümumi dil tapdıq. Onun təkcə İsrailə aşırı mənfi münasibəti məni bir qədər çaşdırırdı”.
***
1977-ci parlament seçkilərindən sonra İsrailin 29 illik tarixində ilk dəfə olaraq sağ qüvvələr hakimiyyətə gəldilər. Likud blokunun lideri Menaxem Begin on səkkizinci İsrail hökumətinin başçısı oldu. Bu hökumət İraqın nüvə proqramına qarşı daha radikal mövqe tuturdu.
İki il sonra, 1979-cu ilin aprelin ilk günlərində İsrail kəşfiyyat Fransanın hazırladığı iki reaktorun İraqa göndərilmək üçün Tulon yaxınlığındakı La Sen-sur-Mer limanına gətirildiyi və burada anbarda saxlanıldığnı xəbər verdi. “Mossad” agentlərinin 10 nəfərlik dəstəsi üç qrupa bölünərək dərhal Tulona yollandılar. Aprelin 6-da reaktorlar saatlı bomba vasitəsilə partladıldılar. Məsuliyyəti xəyali “Fransa ekoloji qrupu” üzərinə götürdü.
Amma bu, nə İraqı, nə də Fransanı dayandırmadı. Baş nazir Jak Şirak reaktorların İraqa göndərilənə qədər təhlükəsizliyinə Fransanın cavabdeh olduğunu etiraf etdi və yeni reaktoru öz hesablarına hazırlayacaqlarını bildirdi. Amma müqaviləyə bir bənd əlavə edildi. Həmin bəndə əsasən, Fransa İraq reaktoruna 10 il nəzarət edəcəkdi.
İsrail isə işləri pozmaq üçün başqa yola baş vurdu. İraq nüvə proqramına rəhbərlik edən Yəhya əl-Meşad 1980-ci il iyunun 14-də Parisin Meriden otelindəki otağında ölü tapıldı. Bütün şübhələrə yenə İsrailə yönəldi, amma Tel-Əviv bunu inkar etdi. Qatilə kömək etdiyi ehtimal olun seks işçisi Mari Katrin Maqal isə bir neçə gündən sonra naməlum avtomobil tərəfindən vurularaq öldü.
***
Sonrakı aylar ərzində İsrail həm Fransa və İtaliya ilə, həm də onlara təzyiq göstərmək üçün ABŞ-la danışıqlar aparır, amma faydası olmur. Artıq prezident olan Səddam Hüseynin ardınca Qərb də İraqın nüvə proqramının dinc məqsədlər güddüyünü iddia edir. Amma yəhudilər böyük neft ehtiyatlarına malik ölkənin milyardlarla dolları dinc atom enerjisi üçün xərclədiyinə şübhə edirlər.
Bu zaman artıq reaktor İraqa gətirilmişdi və əl-Tuvayte səhrasında, Bağdaddan 17 kilometrlik məsafədə tikilən obyektdə yerləşdirilmişdi. Fransızlar reaktora Osirak (Osiris+İraq) adını vermişdilər, iraqlılar isə hakim BƏƏS partiyasının 1968-ci ilin iyulunda hakimiyyətə gəlməsi şərəfinə Temmuz adlandırırdılar.
Danışıqların faydasız olduğunu görən Begin hökuməti reaktoru sıradan çıxarmaq üçün əməliyyat keçirməyi müzakirə etməyə başladı. Qeyd etmək lazımdır ki, əməliyyatla bağlı ölkə rəhbərliyində fikir birliyi yox idi. Baş nazir əməliyyata tərəfdar idi, müavini Yigael Yadin isə yox. Müdafiə naziri əleyhinə idi, Baş qərargah rəisi və hərbi kəşfiyyatın rəisi lehinə. Hətta “Mossad” daxilində ixtilaf vardı. İdarənin rəisi əleyhinə idi, müavini isə lehinə.
Əməliyyatın keçirilməsini istəməyənlər İraqın nüvə silahı yaradacağına şübhə etmirdilər. Onlar, sdəcə, belə bir əməliyyatın beynəlxalq rezonansından çəkinir və İsrailin başının ağrıyacağını düşünürdülər.
Tel-Əvivdə bu müzakirələr gedərkən, reaktora ilk hücumu İran etdi. 1980-ci il sentyabrın 22-də İran-İraq müharibəsi başlayandan sonra İraqın nüvə silahı Tehranın da qorxulu yuxusuna çevrildi. Buna görə də Osirakı bombalamaq qərara alındı. Amma iranlıların kəşfiyyat məlumatları az idi və onlar reaktorun nüvə yanacağı ilə doldurulub-doldurulmamasından xəbərsiz idilər. Əgər doldurulmuşdusa, nüvə fəlakəti baş verərdi və radioaktiv bulud İrana tərəf gələ bilərdi. Buna görə də reaktorun özünün deyil, yaxınlıqdakı köməkçi obyektləri bombalamaq qərara alındı.
“Odlu qılınc” adı verilən əməliyyat sentyabrın 30-da iki F-4 təyyarəsi ilə həyata keçirildi və qoyulan məqsədə nail oldu. Amma reaktorun özü bombalanmadığından dəyən zərər bir neçə ay ərzində aradan qaldırıldı. Əməliyyatın nəticələrindən biri reaktorun hava hücumundan müdafiəsini gücləndirmək oldu, bu da israilliləri heç məmnun etmədi.
***
Əvvəlcə “Sayaret Matkal” xüsusi təyinatlılarının vasitəsilə yerüstü əməliyyat ehtimalını da nəzərdən keçirən yəhudilər sonda hava hücumuna üstünlük verdilər. Amma problem onda idi ki, İsraildən Osirak reaktoruna qədər təxminən 1600 km məsafə vardı. İsrail ordusundakı F-4 və Skayhok təyyarələri ilə bu qədər məsafəni qət edib geri qayıtmaq mümkünsüz idi. Bu zaman israilliləri iranlılar xilas etdilər, doğrudur, dolayısı ilə.
ABŞ 1978-ci ildən etibarən o dövr üçün ən müasir F-16 təyyarələrinin istehsalına başlamışdı. İsrail bu uçuş aparatlarına müştəri çıxan ilk dövlətlərdən olsa da, Karter administrasiyası bu ideyaya, yəqin ki, ərəblərin reaksiyası üzündən, müsbət yanaşmırdı. Amma İrana satılması nəzərdə tutulan təyyarələr İslam inqilabı səbəbindən satılmadı və İsrailə qismət oldu. İlk F-16-lar 1980-ci ilin iyulunda ölkəyə gətirildi. İsrail pilotları sürətlə bu təyyarələri mənimsəməyə başladılar.
Amma hətta bu təyyarələrin də Osiraka qədər uçub geri qayıda biləcəkləri şübhə altında idi. Məsafə F-16-ların maksimum uçuş məsafəsindən bir qədər artıq idi. Üstəlik, İraqa tərəf gedərkən İordaniyanın, ya da Səudiyyə Ərəbustanın ərazisindən istifadə olunacaqdı və radarlara düşməmək üçün aşağı hündürlükdə (40-100 metr) uçulacaqdı. Aşağıda isə havanın sıxlığı və müqaviməti çox olduğundan yanacaq da çox işlənilir.
Pilotlar tapşırığı, özlərinin verdikləri rəyə görə, “demək olar ki, mümkün”dən mümkünə çevirmək üçün müxtəlif sınaqlar keçirirlər, hətta F-16-ların təlimatına və texniki xarakteristikasına uyğun olmayan sınaqlar. Sonda qərara alınır ki, taxılma çənlərindəki yanacaq istifadə olunduqdan sonra onlar atılsınlar və bununla da havanın müqaviməti azalsın. Hərçənd, təlimatda bu qadağan edilirdi, çünki çənlər bombalara, ya da təyyarənin özünə toxunub zərər verə bilərdilər.
İsrail Osirakı nə çox tez, nə də çox gec bombalamaq istəyirdi. Reaktora maksimum ziyan vermaq, maksimum zəhməti puç etmək və tez bərpa olunmaması üçün tez bombalamamaq lazım idi. Digər tərəfdən, əməliyyatı reaktor yanacaqla doldurulmamış həyata keçirmək gərəkirdi ki, nüvə qəzası baş verməsin. İranlılardan fərqli olaraq israillilər reaktorun 1981-ci ilin iyulunda yanacaqla doldurulacağı barədə məlumatlara malik idilər.
Bundan əlavə, sadə işçilər arasında itkilərin çox olmaması üçün əməliyyat bazar günü keçiriləcəkdi. Həm də İraq vaxtı ilə saat 18.00-dan sonra ki, hər hansı səbəbdən bazar günü işə gələn işçilər də daha orada olmasınlar. Həm də fövqəladə hal baş verərdisə və pilotlardan kimsə İraq və ya üçüncü ölkənin ərazisində yerə enərdisə, onu səhərə qədər tapıb xilas etmək üçün çox vaxt olacaqdı.
Vaxt seçiminə iyunun 30-da keçiriləcək parlament seçkilərinin də təsiri vardı. Beginin əleyhdarları hesab edirlər ki, uğurlu əməliyyat vasitəsilə hökumət öz reytinqini artırmaq istəyirdi. Tərəfdarları isə seçkinin təsirini başqa kontekstdə izah edirlər: Begin qorxurdu ki, solçular hakimiyyətə gəlsə, reaktor bombalanmayacaq.
“Opera” adı veilən əməliyyat üçün ilk gün 1981-ci il mayın 10-u təyin olundu. Amma bir gün qalarkən baş nazir Begin müxalifət lideri Şimon Peresdən məktub aldı. Peres bildirirdi ki, əməliyyat keçiriləcəyindən xəbərdardır və buna qəti etiraz edir. Begin təkcə Peresin deyil, başqalarının da xəbərdar ola biləcəyini nəzərə alaraq əməliyyatı dayandrdı.
Növbəti gün mayın 31-i seçildi. Amma daha sonra iyunun 4-nə Begin ilə Misir prezidenti Ənvər Sadatın görüşü salındı. Israil ilə sülh sazişi imzalayandan sonra ərəb dünyasında onsuz da izqoya çevrilən Sadatı bir az da pis vəziyyətə qoymamaq üçün “Opera” daha bir həftə təxirə salındı.
Bəzi iddialara görə, əməliyyat ərəfəsində İsrail və İran arasında əməkdaşlıq mövcud olub. İranlılar yəhudilərə Osirakın yerləşdiyi ərazinin xəritəsini, təyyarədən çəkilən fotoşəklini təqdim ediblər. Əməliyyat gününə az qalmış isə, təyyarələrin İsrailə qayıtması mümkün olmadığı halda Təbriz hava limanına enməsinə razılıq verilib. Amma bu iddiaların sübutu hələ ki, tapılmayıb.
***
Bombalamada səkkiz F-16 təyyarəsi iştirak edəcəkdi, onları müşayiət və mühafizə etmək üçün isə altı F-15 təyyarəsi ayrıldı. Onlar Altıgünlük müharibədən sonra İsrailin işğalı altında olan, Misirlə sülh sazişinə əsasən artıq qaytarılmaq üzrə olan Sinay yarımadasında yerləşən Etsion aviabazasından havaya qalxacaqdılar.
Təyyarələr iyunun 7-də havaya qalxmazdan əvvəl onların uçacağı marşrut üzrə “Bölmə 669” adlı xilasedici-təxliyə hissəsinin qüvvələri yerləşdirildi. Onlar təyyarələr gedərkən və qayıdarkən hər hansı səbəbdən pilotların katapult edəcəyi halda onları xilas etməli idilər.
Saat 15.00-dan sonra pilotlar təyyarələrin mühərriklərini işə saldılar, müəyyən göstəriciləri yoxladılar. Bu zaman yanacaq sərf edildiyindən daha bir qayda pozuntusuna yol verildi: mühərriklər işləyə-işləyə çənlərə yanacaq vuruldu və proses bitən kimi təyyarələr dərhal havaya qalxdılar. Bu zaman İsrail vaxtı ilə 15.55, İraq vaxtı ilə 16.55 idi.
14 təyyarə Əqəbə körfəzinin üzərindən keçərək Səudiyyə Ərəbistanın ərazisinə daxil oldular. Onlar buradan İraq sərhədinə qədər uzun bir məsafəni aşağı hündürlükdə və ən az benzin sərfi tələb edən sürətlə uçdular. Bu, olduqca çətin tapşırıq idi, amma seçilən pilotlar da ən yaxşılar idilər. Səudiyyə Ərəbistanı radarları bu uçuşu tuta bilmədilər. Qanad altındakı çənlər də boşaldıqda səhraya atıldılar.
İraq ərazisinə daxil olan təyyarələr bir müddət aşağıdan uçmaqda davam etdilər. Hədəfə 20 km qaldıqda isə 2100 metr hündürlüyə qalxdılar. Onların hədəfi tapmaq üçün qısa vaxtları və bombalamaq üçün bir cəhdləri vardı. Əks halda həm İraq hava hücumundan müdafiə silahları işə düşə bilərdi, həm də dönüş üçün yanacaq çatmazdı.
Amma havaya qalxan təyyarələr reaktoru dərhal gördülər. Onlar 35 dərəcə bucaq altında aşağıya enməyə başladılar və 1100 metr hündürlükdə hər birinin 900 kq-dan çox çəkisi olan iki Mark 84 bombasını reaktora atdılar. Təyyarələr arasında interval beş saniyə idi. Bombalama baş verəndə yerli vaxtla saat 18.55 idi.
İsrail təyyarələri dərhal dövrə vuraraq geriyə qayıtmağa başladılar. İraqlılar yalnız atıcı silahlarla atəş açmağa macal tapdılar. Amma təyyarələr tezliklə 12 min metr hündürlüyə qalxdılar. İraq qırıcıları havaya qalxanda israillilər artıq uzaqda idilər. Onların atdığı 16 bombanın isə 14-ü reaktor zalına düşərək partladı. Osirak yerlə yeksan oldu.
Təyyarələr gəldikləri marşrutla geri qayıtdılar və Etsionda yerə endilər. “Opera” əməliyyatı təxminən 3 saat çəkdi. Heç kəsi xilas etməli olmayan “Bölmə 669” da az sonra geri qayıtdı. Ertəsi gün İsrail bəyanat yayaraq İraq atom reaktorunu məhv etdiyini və bunu özünümüdafiə üçün həyata keçirdiyini elan etdi.
Əməliyyat zamanı 10 İraq hərbçisi, eləcə də qeyri-iş günü və qeyri-iş saatı olmasına baxmayaraq, bir fransız həlak oldu. Hərçənd bəzi iddialara görə, həmin fransız yəhudi kökənli “Mossad” agenti idi və reaktora təyyarələri istiqamətləndirəcək mayak qoymaq üçün orada idi, amma ərazini tərk etməkdə gecikmişdi. Casus idi, ya yox, İsrail onun ailəsinə kompensasiya ödəməyə razılıq verdi.
***
Əməliyyata beynəlxalq reaksiya olduqca kəskin oldu. Aydın məsələdir ki, İraq və digər ərəb ölkələri bu yöndə daha irəlidə idilər. SSRİ də geri qalmırdı. Osirak sovet istehsalı olan zenit-raket kompleksi ilə mühafizə olunurdu və həyata keçirilən əməliyyat Möskva üçün tərs şapalaq idi.
BMT Təhlükəsizlik Şurası artıq iyunun 19-da İsraili qınayan 487 saylı qətnamə qəbul etdi və hətta ABŞ da lehinə səs verdi. Noyabrda isə BMT Baş Assambleyası analoji sənəd qəbul etdi. Qərb mətbuatı geri qalmırdı. “Los Angeles Times” əməliyyatı hətta “dövlət tərəfindən maliyyələşdirilən terrorizm” adlandırdı.
Reyqan administrasiyası İsrailə yeni F-16-ların satışını dayandırdı, amma bu embarqo cəmi 2 ay sonra ləğv edildi. ABŞ kəşfiyyatı aylarla hazırlanan bu əməliyyatdan xəbər tutmamasından bərk pəjmürdə olmuşdu.
Səddam Hüseyn Osirakın qısa müddətə bərpa olunacağını vəd etdi. Amma İranla müharibə ağır xərclər tələb ediridi. Tərəflər inadla və uğurla bir-birlərinin neft sənayesini dağıdaraq iqtisadi cəhətdən tükətməyə çalışırdılar. Buna görə də yeni reaktor üçün pul tapılmadı. Fransanın yeni prezidenti Fransua Mitteran isə Bağdada nisyə reaktor satacaq qədər altruist deyildi.
“Opera” əməliyyatında iştirak edən ən gənc pilot 27 yaşlı İlan Ramon idi. O, 2003-cü ildə kosmosa uçan ilk israilli oldu. Amma 16 günlük uçuşdan sonra Yerə qayıdan “Kolumbiya” kosmik gəmisi atmosferə daxil olarkən qəzaya uğradı və içindəki 7 kosmonavtın hamısı həlak oldu.