İlham İsmayıl: ”Təl-Əvivin bu münasibəti Azərbaycanın zərərinədir”
İsrailin terrorla mübarizə qərargahı çoxlu sayda israillinin ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb.
“Report” “IzRus”a istinadən xəbər verir ki, xəbərdarlıq təhlükəsizlik məqsədilə vətəndaşların hansı ölkələrə getməməsinin daha yaxşı olacağıyla bağlıdır.
Qərargahın saytında dərc edilmiş yeni siyahıya əsasən, Türkiyə Pakistan və bir neçə Afrika ölkələri ilə yanaşı, səfər üçün ən təhlükəli yerlərdən biridir.
Bununla yanaşı, siyahıda hələ də Azərbaycan var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.
Eyni zamanda, qərargahın xəbərdarlığında qeyd edilib ki, hara getməkdən, harada olmaqda asılı olmayaraq, hətta Qərbi Avropada belə diqqətli olmaq lazımdır. Terrorla mübarizə qərargahı israilli vətəndaşlara ən təhlükəsiz saydıqları məkanlarda belə sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olduğu yerlərdən, o cümlədən stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edib.
Xəbərdarlığı Meydan TV-yə şərh edən keçmiş DTK-nin zabiti İlham İsmayıl hesab edir ki, İsrailin bu münasibəti “Multikultrializm ili” elan olunduğu bir zamanda dövlət olaraq Azərbaycanın zərərinədir. Çünki xəbəri yalnız israillilər oxumur, başqa dövlətlərin də informasiya mənbələri Təl-Əvivin yaydığı məlumatla tanış olurlar: “Hamısı olmasa da, bəziləri ehtiyatlanacaq”.
İlham İsmayıl bildirdi ki, İsrail ən çox bu cür bəyanatlarla çıxış edən yeganə dövlətdir: “Yeri gələndə, ABŞ, Fransa, Böyük Britaniya da oxşar bəyanatlarla öz vətəndaşlarına əvvəlcədən xəbərdarlıq edir. Məsələ ondadır ki, yəhudilik kompleksi dünyada birmənalı qarşılanmadığından İsrail bu cür bəyanatları tez-tez verir. Azərbaycan da müsəlman ölkəsidir, radikallar var, teokratik dövlət olan İranla qonşuyuq, bax, sonuncu məqam yəhudilərdə narahatlıq yaradır. Fikir verin, Malaziya da müsəlman dövlətidir, amma onlara xəbərdalıq etmirlər, çünki İranla qonşu bizik. Bəlkə də xüsusi bir təhlükə yoxdur. Sadəcə, yəhudilər müxtəlif zamanlarda terrorla qarşılaşdıqlarından çox ehtiyatlıdırlar, məsələn, ötən əsrin 70-ci illərində Münhen olimpiadasında İsrail idmançılarına qarşı terror olmuşdu. Başqa bir amil İsrail kəşfiyyatının çox yüksək səviyyədə işləməsidir. Məsələ ondadır ki, yəhudi getdiyi ölkədə başına bir iş gəlsə, dövləti nədən xəbərdarlıq etmədiyi haqda sorğu-suala tutacaq”.
Ancaq İlham İsmayıl düşünmür ki, Azərbaycanda bəyanatda göstərilən ölkələrdəki kimi yəhudilərə təhlükə var. Sadəcə, öncədən çəkindirici xəbərdarlıq edirlər.