İsrail və İslam dünyası

İsrail də bir yəhudi dövləti kimi “İsrail İudaizm Dövləti” adlandırıla bilər.

Source:

Çoxları İsrail dövlətinin şəriət dövləti olduğunu bilmir.

İsrail şəriət dövlətidir. Yəni ki, İsraildə qəbul edilən bütün qanunlar Tövrat Məhkəməsi formasında bir qurum tərəfindən yoxlanılır, bu qanunların Tövrata zidd olmadığı təsdiqləndikdən sonra qanunlar qüvvəyə minir.

Başqa sözlə, məsələn, Pakistan İslam Respublikası necə islam dövləti sayılırsa, İsrail də bir yəhudi dövləti kimi “İsrail İudaizm Dövləti” adlandırıla bilər.

Bütün bunlar öz yerində, mənim diqqətinizi çəkmək istədiyim tərəf odur ki, hansısa bir islam dövlətinin və ya müsəlmanın etdiyi yanlış şeyləri dərhal islamın ayağına yazanlar, niyə “İsrail İudaizm Dövlətinin” etdiyi terrorizmi iudaizmin ayağına yazmır? İslam ölkələrinin və ya müsəlmanların hansısa xətasını İslamın ayağına yazmaq, ancaq İsrailin etdiyini iudaizmin ayağına yazmamaq ikili standart deyilmi?

Əslində buna ehtiyac yoxdur, İsrailin etdiyini iudaizmin ayağına yazmağın xətalı olacağını, sizin kimi, mən də bililərəm. Sadəcə, bu nümunəni verməklə, islam ölkələrinin etdiyi xətaları islamın adına yazan ağzıgöycəklərin məntiqini ifşa etməyə çalışıram.

Ümumiyyətlə, bugün islam dünyası adlı bir dünya olduğuna inanmıram. İslam dünyası adına boy göstərən dövlətləri tək-tək incələsək, görərik ki, “islam dünyası”, “islam ölkələri” anlayışları əslində mövcud deyil.

Məsələn, Səudiyyə Ərəbistanını götürək: Səudiyyə Ərəbistanı Səud sülaləsi tərəfindən idarə edilir. Səud Kralı və onun ailəsi hakimiyyətə gəlmək üçün vaxtilə Qərb ilə ittifaqa girmişdi. İndi də hakimiyyətdə qalmaq üçün Qərb ilə tam əməkdaşlıq edir. İkicə nüansı göstərməklə bunu sübut etmək olar:

1. Corc Buşun Səudiyyə səfərində Səudlər 12 milyard dollarlıq ABŞ silahının alışına imza atdılar. ABŞ-da böhran zamanı iqtisadi problem yaşayan bir sıra silah şirkətləri əllərində qalmış malları satmaq üçün xam alıcı axtarırdı, bu xam alıcı Corc Buşun təzyiqi ilə Səudiyyə oldu. Təsəvvür edin, təzyiq ilə Səudiyyə dövlətinə silah aldıra bilirsə, görün, təzyiq ilə bu dövlətə başqa nələr etdirər, etdirir.

2. Qərb Liviyanı vuranda, Səudiyyə də buna dəstək verdi. Qərb Səddamı vuranda da dəstək vermişdi. Qərb Misirdə Mursini devirəndə də Səudiyyə dəstək verdi. Qərb Əsədi devirmək istəyəndə də dəstək verdi.

Dolayısı ilə, görünən odur ki, İslam ölkəsi adına iddia edən Səudiyyə Ərəbistanı Qərbin diqtəsi ilə hərəkət edən Səud sülaləsi tərəfindən idarə olunur.

Bir başqa islam ölkəsi, İrandır. İran dövləti özünü islam dövləti kimi təqdim edir. Ancaq bu ölkədə islam inqilabını edən Xomeyni inqilabdan öncə Fransada siyasi sığınacaq almışdı və orada yaşayırdı. İnqilab olduqdan sonra da İrana məhz Fransaya məxsus “AirFrance” təyyarəsi ilə geri gəlmişdi. Bunları qısaca dedim ki, biləsiniz, çox uzadıb bəzi ağzıgöycəklərin “konspirologiya edir” deməsinə şərait yaratmaq istəmirəm.

İran dövlətinin bir başqa problemi isə bölgədə tamamilə məzhəbçi siyasət yeritməsidir. Bütün gücünü bölgədəki şiələri təşkilatlandırıb istifadə etməyə yönəldib. Məsələn: Livan şiələrini Hizbullah adı altında təşkilatlandırıb silahlandırır. Vəziyyət o yerə gəlib ki, Hizbullah təşkilatı Livanda öz ordusunu saxlayır, Livan dövlətinə tabe olmur, Livanda özünə müstəqil telekommunikasiya qurumu, partiya, biznes şəbəkəsi, tv-kanallar qurub. Livandakı şiə məscidlərinin hamısını idarə edir. Hətta Hizbullahın Livan parlamentində partiyası var və təqribən 4-5 il öncə Livan hakimiyyəti ilə yola getməyəndə parlamentdən deputatlarını çəkərək hökümətin istefaya getməsini təşkil etmişdi. Bugün bölgədə Hizbullahın varlığı Livan dövlətini seperatizm təhlükəsi ilə üz-üzə qoyub və bu dövlətin ərazisi, əhalisi və səlahiyyətləri faktiki olaraq Hizbullah tərəfindən qəsb edilib.

İranın Suriyadakı təşkilatlanması da son “Suriya vətəndaş müharibəsi”ndə tam özünü biruzə verdi. Həmin ərəfədə, Suriyada azlıqda olan şiə-ələvi-nüsayri qruplar İran tərəfindən dəstəkləndi, silahlandırıldı və müxalif qüvvələrə qarşı savaşa soxuldu. Bu da bəs etmədikdə, Livandakı Hizbullah təşkilatı Suriyaya girib müxalifətə qarşı savaşacağını elan etdi. Hazırda, qeyri-rəsmi rəqəmlərə görə Suriyada 4000-dən çox Hizbullah savaşçısının döyüşdüyü bildirilir.

İran eyni səbəblərlə Azərbaycanda da təşkilatlanıb. Hazırda, İranın Azərbaycanda təşkilatlanmaq üçün istifadə etdiyi metod biraz fərqlidir: məscidlərdə təbliğat vasitəsilə, müxtəlif web-saytlar quraraq öz maraqlarını və ideologiyasını Azərbaycanda təbliğ etməklə, İrandan yayımlanan Azərbaycan dilli “Səhər tv” vasitəsilə, dini bayramlarda Bakıda və regionlarda müxtəlif tədbirlər keçirib bayramları öz siyasi maraqlarına xidmət etdirmək vasitəsilə, Azərbaycan gənclərini İrana aparıb orada dini təhsil verib Azərbaycana göndərərək öz məqsədləri üçün istifadə etməklə, “Azərbaycan İslam partiyası” adlı İranmeyilli bir partiya vasitəsilə siyasi bəyanatlar verməklə və siyasi tədbirlər həyata keçirməklə və.s

Bir sözlə, İran həm islam dünyasında, həm də Azərbaycanda məzhəbçi siyasət yeridərək güclənmək istəyir və buna qismən nail olur. Ancaq İranın məzhəbçi siyasətinin islam dünyası üçün fəsadları da artıq özünü göstərir.

Hələ ki, Azərbaycanda İranın silahlı təşkilatı yoxdur. Hələ ki, Azərbaycanda İranın kontrolundakı partiya parlamentdə təmsil olunmur. Hələ ki, Azərbaycanda İranın kontrolunda telekommunikasiya şirkəti, tv-kanal və ya deputat ordusu yoxdur. Ancaq heç kim qarantiya vermir ki, İran ölkəmizdə buna hazırlaşmır və ölkəmizdə dövlət mexanizmi zəifləyən kimi İran bunları etməyəcək.

İdarəetmə forması baxımından islam dövləti olmasa da, islam çoğrafiyasının maraqlarını qorumağa çalışdığını iddia edən bir başqa ölkə də Türkiyədir. Ancaq Türkiyə də bir çox yanlışlar edib, edir. Məsələn, qulağının dibində dindaş və soydaşı olduğu Azərbaycanın torpaqları ermənilər tərəfindən işğal edildi, Türkiyə buna adekvat reaksıya verə bilmədi, bilmir.

Cənubi Azərbaycanda hüquqları tapdanan 40 milyonluq Azərbaycanlı kütləsi var və Türkiyə bunu görməzdən gəlməyə davam edir, İranla münasibəti pozmaq istəmədiyi üçün.

Uyğurustanda Çin tərəfindən vəhşicəsinə qətliama məruz qalan uyğurlara heç bir kömək edə bilmir. Təbii ki, Çin kimi supergücü qarşısına almaq istəmir, ancaq islam dünyasını qorumağa iddialı bir ölkə Çini qarşısına almamaq üçün uyğur qətliamına səs çıxarmayacaq qədər zəif olmamalıdır.

Qüdsdə, Fələstində İsrail terroru hər il minlərlə insanı qanına qəltan edir, ancaq Türkiyənin müdaxiləsi burada da yetərsizdir. Təbii ki, İsrail ilə bütün dünya bacara bilmir, Türkiyənin bacarmasını gözləmək sadəlövhlük olardı.

Suriyadakı vəziyyətə də müdaxilə etməyə cəhd edib bacarmayan bir Türkiyə görürük. Eyni şeyi İraqda da gördük. Bu nümunələri çoxaltmaq olar. Təbii ki, bunların hamısını Türkiyədən gözləmək sadəlövhlük olardı, ancaq madəm ki, Türkiyə özünü bu böyük missiyanın altına atır, belə bir iddianı daşıyır, o zaman bizim də Türkiyədən bəzi hallarda iddiasına adekvat hərəkət etməsini gözləmək haqqımız var.

Türkiyənin bölgədə və islam çoğrafiyasında iddiası böyükdür, ancaq bunu etmək üçün nə gücü, nə də hazırlığı var. Türkiyə öz gücünün üzərində olan bir missiyaya iddialıdır və bu iddiasını həyata keçirmək üçün tarixi keçmişindən başqa heç nəyi yoxdur. Söhbət o tarixi keçmişdən gedir ki, 400 illik xilafət tarixi var, 700 illik imperiya tarixi var, bütün müqəddəs məkanların idarəçiliyini həyata keçirmək tarixi var (Məkkə, Mədinə və Qüdsün idarəsi təxminən 400 il Osmanlıya aid olub), dünya müsəlmanlarının böyük əksəriyyətini idarə etmiş islami keçmişi var, böyük bir “islami elmlər və fiqh mərkəzi”nə sahib olub və.s.

Ancaq bütün bunlar Türkiyənin bugünkü iddiası üçün yetərli deyil. Bunun üçün güclü mədəni inkişaf, güclü ordu, güclü kəşfiyyat sistemi, güclü elmi mərkəzlər, güclü iqtisadi resurslar və.s lazımdır. Ancaq görünən odur ki, Türkiyə bunlara sahib deyil və uzun müddət də sahib ola bilməyəcək.

Ortada güclü və layiqli müsəlman dövlətinin olmaması bizə Uyğurustan qətliamı, Fələstin qətliamı, Qarabağ qətliamı, İŞİD, Suriya vətəndaş müharibəsi olaraq geri dönür.

Vəziyyət o yerə çatıb ki, bir dılğır təkfirçi təşkilat Xilafət elan edəcək qədər irəli gedə bilir.

Bircə nümunə deyim, Osmanlı zamanında da Ərəbistanda bir təşkilat ortaya çıxmışdı, bu təşkilat Məkkəni tutub öz liderini öncə mehdi və sonra xəlifə elan etmək istəyirdi. Ancaq o böyük Osmanlı dövləti belə şeyləri bağışlamadı, bu təşkilatın və onların üzvlərinin üstünə qoşun göndərdi, təşkilatın əsas üzvlərini tutub asdırdı. Və hadisə başlamadan bitdi.

İndiki dövrdə də, belə bir dövlətə, Osmanlı kimi bir nizam sisteminə ehtiyac var.

Yekun olaraq bu nəticəyə gəlmək olar ki, nə qədər ki, müsəlmanlar özlərini nizam, intizam, ədalət içində idarə edəcək bir dövlət sistemi ortaya qoya bilməyəcəklər, hələ çox Uyğurustan faciələri, Qəzza bombardmanları, Qarabağ qırğınları, Suriya-İraq vətəndaş müharibələri ilə üz-üzə qalacağıq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim Fikrimcəİsrail və İslam dünyası