İsrail dövlətinin yaranması

Yadigar Sadıqlı

Foto: Meydan Tv

Yəhudilər maliyyə və silah problemini də uğurla həll edə bildilər

İkinci dünya müharibəsindən sonrakı illərdə Britaniya hökuməti Fələstin məsələsinin həlli üçün bir sıra cəhdlər etdi. Xarici işlər naziri Bevin problemi araşdırmaq üçün ABŞ ilə birgə komissiyanın yaradılması təklif etdi. Belə komissiya 1946-cı ilin yanvarında formalaşdı. Qurumda hər ölkədən 6 nəfər olmaqla 12 nəfər vardı.

Komissiya əvvəlcə Avropadakı yəhudi köçkünlər üçün düşərgələrə baş çəkdi və müəyyən etdi ki, Holokostdan sağ çıxan Avropa yəhudilərinin 98 faizi Fələstinə köçmək istəyir. Daha sonra Qahirədə ərəblərlə, Fələstində isə Britaniya administrasiyasının, ərəb və yəhudi icmalarının nümayəndələri ilə görüş oldu.

ABŞ-Britaniya birgə komissiyası 1946-cı ilin aprelində öz tövsiyələrini açıqladı. Bu tövsiyələr Fələstinə dərhal 100 min yəhudinin köçməsinə icazə verilməsini, yəhudilərə torpaq alışını qadağan edən qanunun ləğvini və başqa müddəaları nəzərdə tuturdu. Qeyd olunurdu ki: Fələstində bir icmanın digəri üzərində dominantlığı yolverilməzdir; Fələstin gələcəkdə birmənalı ərəb və ya yəhudi dövləti olmamalıdır; Fələstin üzərində BMT himayəsi altında mandat ərəb-yəhudi düşmənçiliyi zəifləyənə qədər davam etməlidir, çünki hazırkı vəziyyətdə bir və ya iki dövlətin yaradılması vətəndaş müharibəsinə səbəb ola bilər. 

İyulda Britaniya tərəfindən Herbert Morrisonun, ABŞ tərəfindən isə Henri Qreydin hazırladığı və buna görə Morrison-Qreyd planı adlandırılan layihə müzakirəyə çıxarıldı. Plana görə, Fələstində 4 muxtar qurum yaradılmalı idi. Bunlardan ikisi – Qüds və Neqev səhrası (ərazinin 43 faizi) Britaniyanın nəzarətində qalırdı. Ərəb zonası 40%, yəhudi zonası isə 17 faiz təşkil edəcəkdi. Yəhudilərin zonasına dərhal 100 min yəhudinin köçünə icazə veriləcək və burada torpaq alışına qoyulan qadağa qüvvədən düşəcəkdi. Bu planı həm yəhudilər, həm ərəblər rədd etdilər. 

1947-ci ilin yanvarında Britaniya xarici işlər nazirinin adını daşıyan Bevin planı irəli sürüldü. Əslində bu plan da Morrison-Qreyd planının müəyyən korrektələrə məruz qalmış versiyası idi və yenə rədd olundu. Bundan sonra London məsələni həll etməyi BMT-nin ixtiyarına verdi. Amma bu, mandatdan imtina deyildi. Koloniyalar üzrə nazir Kriç Cons deyirdi: 

“Biz BMT-yə mandatı vermək üçün deyil, onu daha işlək etmək üçün gedirik”

***

1947-ci il mayın 15-də BMT-nin Fələstin üzrə xüsusi komitəsi – UNSCOP (United Nations Special Committee on Palestine) yaradıldı. Komitə Fələstin problemini araşdırmalı, onun həlli üçün tövsiyə verməli idi. Quruma 11 ölkənin (Avstraliya, Çexoslovakiya, Hindistan, İran, İsveç, Kanada, Qvatemala,  Niderland, Peru, Uruqvay və Yuqoslaviya) hərəsindən 2 nəfər – nümayəndə və müavini – daxil idi.

UNSCOP  yaranmasından bir ay sonra, iyunun 16-da Fələstinə gəldi. Burada Yəhudi agentliyinin və digər yəhudi təşkilatlarının, eləcə də Britaniya administrasiyasının nümayəndələri ilə görüşlər keçirdi, fikirlərini öyrəndi. Amma Ali Ərəb Komitəsi UNSCOP-u boykot etdi. AƏK rəhbərliyi hesab edirdi ki, araşdırılası bir şey yoxdur, Fələstin ərəblərindir, vəssalam. Bütün ərəb əhalisinə, ictimai xadimlərə xəbərdarlıq edildi ki, gələnlərlə görüşməsinlər.

Yəhudilər isə bu səfərdən maksimum faydalanmağa çalışdılar. Nümayəndələr getdikləri yerlərdə gül-çiçəklə qarşılanırdılar. Daha səmimi ab-hava yaratmaq üçün nümayəndələrin doğma dilini (fars, isveç, niderland, ispan və s.) bilən yəhudilərlə görüşlər təşkil olunur. Ben-Qurion komitə üzvləri görüşündə hələ 1933-cü ildə səsləndirdiyi “Nə Böyük Britaniya, nə ərəb dünyası Fələstinə malik olmadıqda dünya xəritəsindən silinməyəcəklər. Bizim mövcudluğumuz isə tamamilə bundan asılıdır. Bu məsələ bizim üçün həyat və ölüm məsələsidir” fikrinin inkişaf etdirirdi. 

Haqananın daxilində fəaliyyət göstərən Şay təhlükəsizlik və informasiya xidməti UNSCOP üzvlərinin qaldıqları hotel nömrələrinə, iclas keçirdikləri zallara dinləmə qurğuları yerləşdirdi. Təmizlikçi qadınları Şay agentləri əvəzlədi. Nəticədə yəhudi nümayəndələri özlərinə veriləcək suallardan qabaqcadan xəbər tutur, daha yaxşı cavablar hazırlayırdılar.

Amma bunu gizlətmək mümkün olmadı. Komitənin isveçli sədri Emil Sandström dedi: “Təmizçilər olduqca qəşəng və savadlıdırlar. Onlar görüşə hazır cavablarla gələn sionist liderlərin qulaqları və gözləridir”. Amma sadəcə duyuq düşdülər, əllərində sübut yox idi.

UNSCOP ilə görüşən britaniyalılar isə mandatın davam etməsinin, Fələstində hərbi bazalarının saxlanılmasının tərəfdarı idilər. Onu da demək lazımdır ki, fövqəladə polis tədbirləri, eləcə də hərbi məhkəmənin üç “İrqun” üzvünü edama məhkum etməsi nümayəndələrdə mənfi təəssürat oyatdı. Ötən məqalədə haqqında danışdığım “Exodus” hadisəsi də komitə Fələstində ikən baş verdi. Təsadüfi deyil ki, Qvatemala nümayəndəsi Britaniya mandatını “polis dövləti” adlandırdı. 

İyulun 21-dən etibarən UNSCOP Livana getdi və buranın baş naziri, xarici işlər naziri ilə, eləcə də Ərəb Dövlətləri Liqasının nümayəndələri ilə görüşdü. Ərəblər “Fələstinə qanunsuz gələn yəhudilər”in qovulmalı olduğunu bildirdilər. UNSCOP üzvlərinin onların mövqelərini yumşaltmaq cəhdləri faydasız oldu. Gələnlərdən biri qeyd etdi ki, ərəb dünyasının nümayəndələrini bir yerə yığmaq ağıllı iş deyil, çünki bu zaman biri digərindən daha radikal olduğunu göstərməyə çalışır. 

Livanın xristian maronit icması iki dövlətin yaranmasına müsbət yanaşdı. Ammanda komitə üzvləri ilə görüşən Transiordaniya kralı Abdullah bölünmənin ərəblər tərəfindən qəbulunun “ağlabatan olmadığını” söylədi və ancaq yenə də bildirdi ki, əgər bölünmə baş tutarsa, ərəblərə ayrılan ərazilər ayrıca dövlət olmamalı, Transiordaniyaya qatılmadır.

Avqustun 8-də Avropaya gedən və qaçqın düşərgələrindəki yəhudilərlə görüşən UNSCOP sentyabrın 3-də öz hesabatını açıqladı. Nümayəndələr yekdilliklə Britaniya mandatına son verilməli olduğunu bildirdilər. Digər məsələdə isə fikirlər haçalandı. Hindistan, İran və Yuqoslaviya Qüdsün paytaxt olduğu federal dövlət yaradılmasını təklif etdilər. Çoxluq isə (Çexoslovakiya, İsveç, Kanada, Qvatemala,  Niderland, Peru və Uruqvay) ayrı-ayrı ərəb və yəhudi dövlətinin yaradılmasına tərəfdar çıxdılar (Avstraliya heç bir təklifi dəstəkləməyərək bitərəf qaldı). Bu zaman Qüds və onun ətrafı – xristianlar üçün müqəddəs Betlehəm şəhəri də daxil – BMT himayəsi altında azad ərazi olacaqdı. Qalan ərazinin isə 62 faizi yəhudi dövlətinə, 38 faizi ərəb dövlətinə çatmalı idi.. Qüds və ətrafında yaşayanlar istəklərinə uyğun olaraq iki dövlətdən birinin vətəndaşı sayılacaqdılar. Yəhudilər bölünməyi qəbul etdilər, ərəblər isə hər iki təklifi rədd etdilər.

Sentyabrın 23-də BMT daha bir qurum – Fələstin məsələsi üzrə xüsusi komitə təsis etdi. Daha sonra komitənin iki alt komitəsi yaradıldı. Birinci alt komitə UNSCOP çoxluğunun təklifi üzərində işləyirdi, ikinci alt komitə isə azlığın təklifinin həyata keçirilməsi planını hazırlayırdı. 

Hər iki alt komitə öz məruzələrini noyabrın 19-da komitəyə təqdim etdilər. Səs çoxluğu ilə birinci alt komitənin planı qəbul edildi, ikinci alt komitənin unitar dövlət yaradılmasını tövsiyə edən planı isə rədd edildi. Beləcə, xüsusi komitə birinci planı BMT Baş Assambleyasına təqdim etdi. Bu plan bəzi dəyişikliklərlə (yəhudi dövlətinə çatan ərazi azalır, ərəblərə çatan artırdı) əsasən UNSCOP çoxluğunun təklifi ilə üst-üstə düşürdü.

Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsini nəzərdə tutan 181 saylı qətnamə BMT Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli iclasında müzakirəyə çıxarıldı. Sənədin qəbulu üçün bitərəflər nəzərə alınmamaqla 2/3 səs çoxluğu tələb olunurdu.  O zaman BMT-yə üzv olan 57 dövlətdən 33-ü lehinə, 13-ü əleyhinə səs verdi, 10-u bitərəf qaldı, 1-i (Tailand) iştirak etmədi. Beləliklə, qətnamə qəbul olundu.

Planın lehinə ABŞ, Avstraliya, Belarusiya, Belçika, Boliviya, Braziliya, Cənubi Afrika, Çexoslovakiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Filippin, Fransa, Haiti, İslandiya, İsveç, Kanada, Kosta Rika, Qvatemala, Liberiya, Lüksemburq, Niderland, Nikaraqua, Norveç, Panama, Paraqvay, Peru, Polşa, SSRİ, Ukrayna, Uruqvay, Venesuela və Yeni Zelandiya səs verdi.

Əleyhinə səs verənlər Əfqanıstan, Hindistan, İraq, İran, Kuba, Livan, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, Yəmən və Yunanıstan oldu. Argentina, Böyük Britaniya, Çili, Çin, Efiopiya, Honduras, Kolumbiya, Meksika, Salvador və Yuqoslaviya bitərəf qaldı. 

Qətnaməyə görə, Britaniya mandatı 1948-ci il avqustun 1-dən gec olmayaraq aradan qaldırılmalı idi. Çoxlu müqəddəs yerləri olan Qüds, Betlehəm və ətrafları  (mandat altındakı ərazinin 1, əhalinin 11 faizi) azad zona olacaqdı. Buradakı 205 min əhalinin 105 mini ərəb (51%), 100 mini isə yəhudi (49%) idi. 

Ərəb və yəhudi dövlətlərinə ayrılan ərazilər ucları kəsişən üç parçadan ibarət idilər. Ərazinin 56 faizi (20,77 kv km) yəhudi dövləti üçün ayrılırdı. Burada mandat altındakı əhalinin 49 faizi (905 min) yaşayacaqdı. Üstəlik, yaxın illərdə xeyli yəhudinin köçəcəyi də gözlənilirdi. Onu da qeyd etmək lazımdır ki, ərazinin yarısından çoxu Neqev səhrasından ibarət idi. Yəhudi dövləti üçün nəzərdə tutulan ərazidəki əhalinin 498 mini (55%) yəhudi, 407-mini isə (45%) ərəblər idi.

Qətnaməyə görə ərəb dövlətinə çatacaq ərazi mandat altındakı ərazinin 43 faizini təşkil edəcəkdi. Burada əhalinin 725 mini (99%) ərəb, 10 mini (1%) isə yəhudi idi.

181 saylı qətnamənin qəbulunun ertəsi günü birinci ərəb-yəhudi müharibəsi başladı. Britaniyalılar əvvəlcə 1948-ci il avqustun 1-ə qədər Fələstindən çıxacaqlarını bildirsələr də, ərazini bürüyən xaos üzündən tarixi daha əvvələ çəkdilər. 1948-ci ilin əvvəllərində London BMT-ni xəbərdar etdi ki, mayın 15-də mandatı təhvil verəcək. 

Üstəlik, ingilislər əsasən Qüds və Hayfada ciddi kontingent saxladılar. Onlar ərəblər və yəhudilər arasında müharibəyə, demək olar, qarışmırdılar. Bununla belə, onların mövcudluğu qonşu ərəb dövlətlərinin müharibəyə müdaxiləsinə imkan vermirdi. Yalnız könüllülər gələrək Fələstin ərəblərinə dəstək verməyə çalışırdılar.

Mayın 14-də günorta saatlarında Ümumdünya sionist təşkilatının və Yəhudi agentliyinin sədri David Ben-Qurion yəhudi dövlətinin Müstəqillik Bəyannaməsini elan etdi. Bu dövlətin adının necə olması ilə bağlı yekdillik yox idi. Yəhudiyə, Sion və başqa təkliflər vardı. Ben-Qurion “İsrail” adını təklif etdi və səs çoxluğu ilə qəbul olundu.

Gecə saat 24:00-da Britaniya mandatının bitməsi ilə İsrail dövləti yarandı. Ben-Qurion ilk hökumətdə həm baş nazir, həm də müdafiə naziri oldu. 

*** 

BMT-nin Fələstində ərəb və yəhudi dövlətinin yaranması barədə 181 saylı qətnaməsinin qəbulunun ertəsi günü, 1947-ci il noyabrın 30-da Ali Ərəb Komitəsi üçgünlük tətil elan etdi. Həmin gün başqa bir məşum hadisə baş verdi.

Səhər saatlarında Qüdsə gedən yolda pusqu quran üç nəfər ərəb əvvəlcə Netanya-Qüds avtobusunu atəşə tutdular və 5 yəhudi öldürüldü. Bir neçə dəqiqədən sonra Haderadan Qüdsə gedən avtobusda daha 2 yəhudi qətlə yetirildi. Bir ehtimala görə, bu hadisə 10 gün əvvəl Lehi tərəfindən ərəb Şubaki ailəsindən 5 nəfərin öldürlüməsinə (ailənin bir üzvü ingilislərə çuğulluq etməkdə günahlandırılırdı) cavab idi, amma bu, dəqiq deyil. Yəhudi tarixşünaslığında iki avtobusun gülləbaran edilməsi “Müstəqillik uğrunda müharibə”nin ilk hadisəsi, öldürülənlər də ilk qurbanlar sayırlar. Bununla Birinci ərəb-yəhudi müharibəsi başladı. 

Müharibənin ilk, Fələstinin hələ Britaniya mandatı altında olduğu və İsrail dövlətinin yaranmasına qədərki dövrü vətəndaş müharibəsi kimi səciyyələndirilir. Bu zaman yəhudilərin silahlı Haqana, İrqun, Lehi təşkilatlarına qarşı fələstinlilərin Müqəddəs Cihad Ordusu və Ərəb Dövlətləri Liqasının yaratdığı Ərəb Qurtuluş Ordusu vuruşurdu. 

Britaniya mandatı bitəndən və İsrail dövləti yaranandan sonra isə Misir, İraq, Transiordaniya, Livan və az miqdarda Səudiyyə Ərəbistanı, Yəmən, Sudan qoşunları İsrailə qarşı müharibəyə qoşuldular. Öz növbəsində yəhudi təşkilatları da birləşərək İsrail müdafiə ordusunu – Tsahalı yaratdılar.  

 Döyüşlər strateji nöqtələrdə yerləşən yaşayış məntəqələri uğrunda gedirdi. Müharibənin ilk aylarında ərəblər 100 min yəhudinin yaşadığı Qərbi Qüdsi blokadaya almağa çalışdılar, buna bir müddət nail oldular. Amma apreldə yəhudilər Qüdsə gedən yoldakı bir sıra məntəqələri tutaraq blokadanı qaldırdılar. Bu zaman Deyr-Yasin kəndində baş verən qətliam nəticəsində yüzdən çox ərəb öldürüldü. Ərəblər də buna Hadassa xəstəxanasına tibbi avadanlıqlar və ləvazimatlar aapran qafiləni gülləbaran edib 79 yəhudini öldürməklə cavab verdilər. Ümumiyyətlə savaş boyu hər iki tərəf kütləvi qətllər və terror aktları törətməkdən, etnik təmizləmə aparmaqdan çəkinmirdi. Bunların hamısını sadalamaq mümkün deyil.

Bir neçə ərəb dövlətinin savaşa qoşulmasına, Fələstindəki ərəb əhailisinin yəhudilərdən iki dəfə çox olmasına baxmayaraq, müharibənin sonunda say üstünlüyü İsrailin tərəfində idi. 1947-ci il dekabrın 5-də verilən fərmanla 17-25 yaşlı bütün yəhudi kişi və qadınlar hərbi mükəlləfiyyətli hesab edilirdilər. Martın 30-da bu öhdəlik 26-35 yaşlı bütün kişilərə və subay qadınlara şamil olundu. Beş gün sonra kişilərin hərbi mükəlləfiyyət yaşı 40-a qaldırıldı. Müstəqillik elanından sonra hər ay İsrailə gələn minlərlə yəhudinin də çoxu dərhal əlinə silah alaraq döyüşə yollanırdı. Ərəb əhalisində belə fədakarlıq hiss olunmurdu. 

Digər tərəfdən, hərbi əməliyyatlar zamanı vahid komandanlıq çox önəmlidir. Yəhudilər buna tezliklə nail oldular. İrqun müəyyən muxtariyyətini qorumağa çalışanda Ben-Qurion tərəddüd etmədən Tsahala silah işlətmək əmri verdi. “Altalena hadisəsi” kimi məşhir olan bu insidentdə 16 İrqun və 3 Tsahal üzvü həlak oldu. Ərəblər isə müharibənin sonuna qədər vahid komandanlığa nail ola bilmədilər və bir-birlərinə qarşı intriqa apardılar.

Yəhudilər maliyyə və silah problemini də uğurla həll edə bildilər. Yişuvun qadın fəalı Qolda Meir 1948-ci ilin yanvarında ABŞ turnesi zamanı 50 milyon dollar toplaya bildi və bu məbləğlə sonralar Çexoslovakiyadan xeyli silah alındı. Praqa bu satışı Moskvanın razılığı ilə həyata keçirdi. Nəticədə müharibənin əvvəlində avaisiyası və zirehli texnikası demək olar ki, olmayan yəhudilər bir müddət sonra bu sahədə ərəblərlə balansa nail oldular. Maraqlıdır ki, İsrail hərbi aviasiyasının ilk təyyarələri vermaxtın məşhur Messerşmitt-109 təyyarələri oldu. Təchizatçı isə yenı çexoslovaklar idi. 

Ümumiyyətlə, bu dövrdə Stalin İsrailə böyük dəstək verirdi. SSRİ İsraili de-yure tanıyan ilk dövlət oldu, ərəb dövlətlərinin savaşa qoşulmasını pislədi. Böyük Britaniya Fələstindən gedəndə silahlarının çoxunu Transiordaniyanın Ərəb legionuna verərkən, ABŞ döyüşən tərəflərə qarşı silah embarqosu tətbiq edərkən SSRİ-nin satelliti olan Çexoslovakiya İsrailə silah satırdı və bu, müharibənin gedişinə bəlkə də həlledici təsir göstərdi. 

Hər iki döyüşən tərəfin peşəkarlığı yüksək deyildi, amma ərəblər lap geri qalırdılar. Bu yöndə ingilis general Con Qlabbın (Qlabb paşa) komandanlıq etdiyi Transiordaniya Ərəb legionu digər ərəb qoşunlarından xeyli fərqlənirdi və Tsahalın ən ciddi rəqibi hesab olunurdu. Ərəblər öz tərəflərinə müəyyən qədər müharibə təcrübəsi alan alman və Bosniya müsəlmanlarını cəlb etdilər, amma bunun elə də faydası olmadı.

Yəhudilərin isə tam miqyaslı müharibə təcrübəsi olmasa da, hər halda müəyyən gerilya təcrübəsi olan silahlı təşkilatları vardı. Üstəlik, Palmax kimi elit qüvvələr, Şay kimi kəşfiyyat strukturu fəaliyyət göstərirdi. Bundan əlavə, müxtəlif ölkələrədən gələn yəhudilərin arasında da İkinci dünya müharibəsində döyüşənlər vardı.

Bundan əlavə, yəhudi məskənlərində hələ Britaniya mandatı dövründən əl qumbaraları, atıcı silahlar istehsal edən gizli müəssiəslər vardı. Onalr müstəqillikdən sonra açıq fəaliyyət göstərməyə başladılar və İsrail hərbi sənayesinin əsasını qoydular. Burada minlərlə atıcı silah və əl qumbarası, milyonlarla güllə istehsal olunurdu. Məhsullar arasında hətta minaatan da vardı, amma onun əsas effekti çıxardığı güclü səs idi. Ərəblərin isə belə istehsalı yox idi.

Nəticədə müharibə yəhudilərin qələbəsi və israilin öz mövcudluğunu qoruması ilə başa çatdı. Əvvəlcə Misir 1949-cu ilin fevralında, sonra Livan martda, İordaniya apreldə və Suriya iyulda atəşkəs imzaladılar. Digərləri isə hər hansı sənəd imzalamadan əməliyyatları dayandırdılar. 

Müharibə nəticəsində İsrail Fələstində ərəb dövləti üçün ayrılan ərazinin təxminən yarısını, eləcə də Qərbi Qüdsü tutdu. 181 saylı qətnaməyə görə mandat ərazisinin 56 faizi yəhudilər çatırdısa, indi İsrailin nəzarətində ərazinin 75 faizi idi.

Ərəblər üçün nəzərdə tutulan ərazilərin qalan hissəsi Misirin (Qəzzə sektoru) və Transiordaniyanın (İordan çayının qərb sahili) nəzarətinə keçdi. Azad zona kimi nəzərdə tutulan Qüdsün şərq hissəsini də Transiordaniya tutdu. Sonrakı illərdə nə Qahirə, nə Amman Fələstində ərəb dövlətinin yaranması üçün bir addım atmadılar. Hələ bu azmış kimi Transiordaniya (artıq İordaniya adlanırdı) bu əraziləri ilhaq etdiyini bildirdi. Belə vəziyyət 1967-ci ildə Altıgünlük müharibəyə qədər davam etdi. 

Müharibə hər iki tərəf üçün humanitar fəlakətlə nəticələndi. Ərəblər yəhudilərin tutduqları çoxlu yaşayış məntəqələrindən – xüsusən də strateji nöqtələrdə, məsələn, Qüds yolu üzərində yerləşənlərdən – qovuldular. Fələstində yaşayan təxminən 1,2 milyon ərəbdən 700-750 mini qaçqın düşdü. Onların və sonrakı müharibələrdə qovulan və ya qaçan fələstinlilərin övladları indi də qaçqın statusu ilə müxtəlif ərəb ölkələrindəki düşərgələrdə yaşayır və sayları 1,5 milyona yaxınlaşır. Ərəb Dövlətləri Liqası yurdlarına qayıtmalarının aktuallığını saxlamaq üçün yaşadıqları ölkələrdə onlara vətəndaşlıq verilməsinin əleyhinədir. 

Eyni zamanda xeyli yəhudi müharibə dövründə və sonrakı illərdə ərəb ölkələrindən qovuldu. Xüsusən İraq, Yəmən və Liviyada yaşayan yəhudilər kütləvi qovuldular. 1948-1951-ci illərdə ərəb ölkələrindən 260 min yəhudi İsrailə köçdü. Onların əksəriyyəti özləri ilə heç bir əmlak götürə bilmədi. Avropadan gələnlərlə birlikdə onların sayı 700 minə çatdı və yəhudi əhalisi iki dəfə artdı. Bu, bir tərəfdən insanların şəxsi faciəsi olsa da, digər tərəfdən İsrailin ərəb ölkələri qarşısında əsas zəifliyini – əhali azlığını xeyli kompensasiya etdi. Özü də ərəb ölkələrindən qovulanlar sionizmə daha bağlı idilər.

Müharibədə məğlubiyyət ərəb ölkələrində mövcud rejimlərdən narazılığı artırdı. Sonrakı illərdə Suriyada, Misirdə, İraqda hərbi çevrilişlər baş verdi. 

Birinci ərəb-yəhudi müharibəsinin nəticələri ərəblər arasında “nəkbə” (fəlakət) termini ilə ifadə olunur. İsrail dövlətinin yarandığı 15 may isə Nəkbə günü kimi qeyd edilir. 

Ana səhifəMənim Fikrimcəİsrail dövlətinin yaranması