İcra hakimiyyətləri ehsan verənləri cərimə ilə hədələyir, Mübariz Qurbanlı isə bunu jurnalistlərin uydurması adlandırır
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. İcra başçısının müvafiq tapşırığından sonra icra hakimiyyətinin nümayəndələri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət edirlər.
Sakinlərin Azvision.az-a bildirdiyinə görə, bir neçə gün bundan öncə Sumqayıtda yas mərasimi keçirilən zaman icra nümayəndələri gələrək, mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi müsadirə edib uşaq evinə aparıblar. Bunu yasda iştirak edən insanlar da təsdiq ediblər. Onlar bildiriblər ki, icra nüamyəndələri ev sahiblərindən bir nəfərin iştirakı ilə xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblar.
İcra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər. Onların sözlərinə görə, təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.
Sentyabrın 6-da isə Meydan Tv-nin redaktoru Aynur Elgünəş Şəmkir rayonunda analoji hadisə ilə qarşılaşmışdı: “Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə xurma, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlmişdi. Hansı qanunla bunu etdiyini soruşdum, məni təhqir etdi. Kənddən çıxaracağı ilə hədələdi. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlının açıqlamasını xatırlatdım. Bələdiyyə sədri isə “Mən Mübarizi tanımıram, rayonda qaydalar belədir” deyə, cavab verdi. Ev sahibləri onlardan uzaq bölgələrdən gələn qonaqlar olduğu üçün heç olmasa onlara çay vermələrinə icazə verilməsini istədi. Lakin bələdiyyə sədri isə əraziyə polis çağırdı. Mollanı da yas mərasiminə buraxmadılar. Dedilər ki, molla 1000 manat cərimə ediləcək”.
Jurnalistin etirazından sonra isə onu polis bölməsinə aparmağa çalışmışdılar: “Yas mərasimi Müsavat partiyasının Şəmkir rayon şöbəsinin sədrinin idi. Məni Şəmir polisinə aparmağa çalışdılar. Arxamca polis gəldi. Səbəb isə bələdiyyədən hansı əsasla mollanı cərimələmək istədiyini və hansı qanunla süfrəyə halva qoyulmasına icazə vermədiyini soruşmağım idi. Polis məni şöbəyə yox, kənd sovetliyinə aparmaq istədiyi üçün getmədim”.
Şəmkir rayon Dəllər-Cırdaxan kənd bələdiyyə sədri Xəqani Hüseynov məlum hadisə ilə bağlı “Qafqazinfo”ya belə şərh bildirmişdi: “Burada heç bir hadisə baş verməyib. Biz öncədən 3 mərasimində nələrin veriləcəyini demişik, amma əməl etməyiblər”.
Hüquqşünas Aslan İsmayılov məsələ ilə bağlı Meydan Tv-yə bildirib ki, icra hakimiyyəti nümayəndələrinin əməlləri qanunsuzdur. “Əgər İnzibati Xətalar Məcəlləsində belə bir cərimə nəzərdə tutulmayıbsa, hansısa qaydanı pozmağa görə, icra hakimiyyəti nümayəndələrinin belə bir qərar verməyə hüququ yoxdur”.
Hüquqşünas yas mərasimlərindəki təmtəraqların qadağan olunması ideyasını dəstəklədiyini deyib: “Amma mən bu israfçılıq məsələsini dəstəkləyirəm. Bilirsiniz ki, mən çox nadir hallarda hökümətin addımlarını dəstəkləyirəm. Amma yas və toy mərasimlərindəki bu israfçılıq nə dinə-imana, nə də əxlaqa sığır. Toyu olan da ziyandadır, yası olun da. Bundan bir biznes, qazanc yeri kimi sitifadə edirlər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə APA-ya açıqlamasında bildirib ki, komitə son günlər bəzi rayonlarda keçirilən yas mərasimlərinə polis və bələdiyyə tərəfindən müdaxilə olunması ilə bağlı yayılan xəbərlərlə bağlı araşdırmalar aparılıb. Araşdırmaların nəticəsində qeyd olunan məlumatlar təsdiqini tapmayıb. Komitə sədri qeyd edib ki, bu məlumatlar doğru deyil və Azərbaycanın heç bir bölgəsində yas mərasimlərinə bu kimi müdaxilədən söhbət gedə bilməz: “Bizim regionlarda da bölmələrimiz var və biz bunu eşidən kimi dərhal araşdırmaya başladıq. Məlum oldu ki, bu, bəzi sensasiya axtarışına çıxan media vasitələrinin uydurmasından başqa bir şey deyil”.
M. Qurbanlı deyib ki, yas mərasimləri adət-ənənələrdən irəli gələn haldır və bununla bağlı ancaq tövsiyə, təbliğat xarakterli iş aparılır: “Heç kimin bu mərasimlərə müdaxilə etməyə ixtiyarı yoxdur”.