İsmətə kəndiri kim düzəltmişdi?

Susqunluğun qeyri-Eynşteyn yolu…

Source:

“İnsanlığın qarşısındakı ciddi təhlükələr barədə insanlar həmfikir ola bilirlər. Bu ciddi təhlükələrə qarşı münasibət isə fərqli olur. Eynşteynin münasibəti Prinstonda  rahat bir yaşayış və çox sevdiyi araşdırmalarına daha çox vaxt ayırmaq oldu. Rasselin münasibətisə etirazlara liderlik edib, polislər tərəfindən həbs olunmaq, geniş yazılar yazmaq, müharibə cinayətləri məhkəməsi qurmaq və başqa yollarla oldu. Bəs, nəticə? Rassel o zaman da, indi də pislənib, ittiham olundu. Eynşteyn isə yüksəklərə qaldırıldı, uca tutuldu. Bu, bizi təəcübləndirməli mi? Qətiyyən!”  Noam  Çomski.

Tədris ilinin başlaması ilə elə bir xəbər yayıldı ki, təsirindən çıxmaq mümkün deyil. Bilmirsən, tədris ili başlayır, yoxsa daha bir 9 aylıq rüşvət fəsli. “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyevdən vaxtında soruşmaq lazım idi: Rüşvət nəyin(kimin)gələcəyidir? Keçib artıq, gecdi. Uzun zaman bu hadisəni unutmaq mümkün olmayacaq.  Bir işıq olacaq bundan sonrakı həyatıma. Belədir, nəsə baş verər və siz dəyişmək barədə qərar verərsiniz.

12 yaşlı İsmət elə bir hərəkət etdi ki, damarlarda axan qan durmalıdır. Udquna bilməməliyik. Bu, bizi dayandırmamalı, daha sürətli addımlarla yolumuzu davam etdirməyə böyük bir təkan olmalıdır. 12 yaşlı İsmət artıq aramızda deyil. Dünyasını dəyişib, ruhu şad olsun. İsmət, etdiyi hərəkətlə hər şeyi alt-üst etdi, daha doğrusu, etməli idi. Görünən odur ki, cəmiyyət bundan təsirlənmədi. Cəmiyyət, özünü qapadıb. Heç nəyi qəbul etmir. Müqəddəratını özü həll etmək barədə isə düşünmür.

12 yaşlı İsmət məktəbə getmək üçün çantası və köynəyi yoxdur deyə özünü asıb. 12 yaşında! O, bu hərəkətilə nə demək istədi? Özünü asarkən, ipi taparkən, quraşdırarkən nə hisslər keçirirdi? Heç vaxt bilə bilməyəcəyik! Günahkar axtarmaq niyyətim yoxdur. Niyə axtarım ki? Mən bilirəm, bəs siz?

Xəbəri oxuyandan, o barədə düşünürəm. Mənim o illərdə nələrə marağım olub, ailədə maddi durum necə olub, düşünürdüm. Diqqətimi bir şey çəkdi. İsmət, 2003-cü ildə doğulub. 2003-cü il isə xalqın meydanlarda etiraz etdiyi, döyüldüyü, öldürüldüyü il olaraq hamımızın yaddaşındadır. Meydanlar insanlarla dolub, daşan il. Dəyişikliyin astanasında olduğumuz il. Baş vermədi. Hər nə oldu, fərq etmir, dəyişmədi. İsmətin doğulduğu il ölkədə dəyişiklik olsaydı, bu hadisə də baş verməzdi.

İsmətin doğulduğu və dünyasını dəyişdiyi illərdə Azərbaycana neftən milyardlarla dollar pul gəlib.O pullardan 50-100 manat atası Qismətə qismət olmadı. Olmadı ki, oğluna çanta alsın, köynək alsın, qələm-dəftər alsın.

Bu 12 ildə bizə məlum oldu ki, İlham Əliyevin oğlunun Dubayda 50-60 milyonluq villası var. Bəli, neçə İsmətlərin çantalarını puluna alınmış bir villa.

Bu 12 ildə bizə məlum oldu ki, İlham Əliyevin 59 milyon dollarlıq yaxtası var. Bəli, neçə İsmətlərin köynəklərinin puluna alınmış bir yaxta.

Bu 12 ildə bizə məlum oldu ki, dəyəri 25 milyon dollar olan malikanəsi var ailənin. Bəli, neçə İsmətlərin qələm-dəftərlərinin puluna alınmış bir malikanə.

Bu 12 ildə bizə məlum oldu ki, Panama adalarında ailəyə məxsus 9 şirkət mövcuddur. Bəli, neçə İsmətlərin özünü asmağa lazım olan ipin puluna açılmış 9 ofşor şirkət.

Sadaladıqlarım hamısı deyil. Bir neçəsidir. Xədicə İsmayılın başlatdığı araşdırmaların nəticəsi ilə bizə məlum olanlar bunlardır. Xədicə İsmayıl isə bu araşdırmalara görə həbsdədir.

İnsanlıq qarşısında təhlükəni görən Xədicə, Rasselin seçdiyi metodu seçdiyi üçün həbsdədir. Çünki, o bilirdi ölkə bu günə düşəcək. O bilir ki, bundan da daha pis günlər bizi gözləyir. Ona görə susmur.

Məsələ ondan ibarətdir ki, Azərbaycanda susmağın sonu Eynşteyn olmaq deyil.

Ana səhifəMənim Fikrimcəİsmətə kəndiri kim düzəltmişdi?