İslamı gözdən salanlar

Peyğəmbərimiz onu döyüb, təhqir edənlərə dua etdiyini nə tez unutdunuz?!

Source:

Xəstəxanada yatanda bizim rayondan atamın yaxın qohumu məni ziyarətə gəlmişdi. O adam guya ağır seyiddir. Yanımdan getmək vaxtı çatanda, gözlərini yumub yalan-doğru guya mənə bir dua oxudu və üzümü tüpürcək yağışına tutdu. Əlimlə üzümü sildim və ona üzümü bozartdım. “Seyidin” üzündəki ifadədən bəlli olurdu ki, reaksiyam onun heç xoşuna gəlməyib. Dilinin altında mızıldana-mızıldana otaqdan çıxdı. Sonra qulağıma çatdı ki, rayonda qohumlarıma şikayət edib ki, bəs Orxan məni təhqir edib. Sözlərindən belə çıxırdı ki, bu xurafatçı üzümə tüpürəcək, mən də onun ”sehirli”, “müqəddəs” tüpürcəkləri sayəsində şəfa tapacam. Xurafat…

Ümumiyyətlə, məmləkətimiz fırıldaq seyidlərlə doludur. “Seyyid” ərəbcədən tərcümədə “cənab” deməkdir. Ölkəmizdə belələri ənənəvi cənab obrazını, aristokrat kişini deyil, Molla Nəsrəddin qiyafəli, 12-ci əsr təfəkkürlü adamları təmsil edir.

Qısa bir araşıdırma:

“MİR” sözü, (Mir Mövsüm, Mir Şahin, Mirağa və sair “Mir”lər)

Əksəriyyət, həmçinin “Mir” adını daşıyan adamlar elə zənn və iddia edirlər ki, guya Mir ilə başlayan adlar Məhəmməd peyğəmbərin nəvələri, onun nəslindən gələnlərdir.

Bu iddia isə yalan, böhtan, bidət və xurafatdan başqa bir şey deyil.

Məsələni araşdıraq:

1.Ərəb dilində ümumiyyətlə “Mir” sözü yoxdur.

2.İslam terminləri arasında “Mir” sözünə rast gələ bilməzsiniz.

3.Ərəblərdə “Mir” ilə başlayan ad heç vaxt olmayıb. İndinin özündə də yoxdur.

4.İslam tarixində “Mir” ilə başlayan şəxsiyyət belə yoxdur.

5.Heç bir zaman Allahın elçisi Məhəmmədə “Mir Məhəmməd” deyilməyib.

6.Heç vaxt İmam Əliyə,yaxud İmam Həsən və Hüseynə və onların nəslindən olanlara “Mir Əli”, “Mir Hüseyn”, “Mir Həsən”, “Mir Cəfər Sadiq” deyilməyib.Çünki, nə İslamda, nə də ərəb dilində “Mir” sözü yoxdur.

Bəs “Mir” sözü haradan yaranıb? Hansı dilə, millətə mənsubdur?

“Mir” sözünün mənşəyi yəhudi dilinə aiddir. Yəhudi dilində belə bir söz var: Mar, Mer, Mir. Mənası isə “Cənab”dır. Bu söz indi də məşhurdur. Məsələn:”Mэр города”, yəni-Şəhərin cənabı.Bu, ruslarda da var: Мир Cлав, Мир Николай, Mир Bлад və ya “BладиMир.Adlara başqa misallar: Mirnes, Mirabella v s.

Hətta Roma Papasının adı da Meriodur.Habelə, Yəhudi adları olan Mariya, Marina, Miriya, Merianna isimləri yəhudi dilində “Xanım” deməkdir.

Bu yaxında Sabirabadda rayonun mərkəzindəki bazarda bir millət və din “təəssübkeşi” uzun saqqal sələfi (el arasında vəhabi) əqidəsində bir şəxsi təhqir edə-edə, saqqalını qırxıb. Bu iyrənc və qeyri- humanist hərəkət bir daha İslam dinini gözdən düşürtmək üçün zəmin yaratdı. Yerlipərəstlik kimi çıxmasın, bu davranışlara görə bir sabirabadlı kimi bu hadisəni törədən və buna haqq qazandıran yerlilərimdən utandım. Əslində, bu mənə baxımından ilk utanc verən məsələ deyildi. 2013-cü ilin təhsilə aid statistikalarında abituriyentlər arasında ən çox “2” qiyməti alan şagirdlər məhz Sabirabaddan çıxmışdılar. Ikinci utancverici məsələ bu yaxınlarda Sabirabadda, kəndlərin birində mediyada və internetdə ajiotaj yaradan “uçan ələm” olayı idi. İndi bir çox yerlilərim məni qınayacaqlar ki, bəs niyə bizim rayonun reputasiyasını aşağı salırsan. Onlara cavabım budru: məhz sizin cahilliyiniz və xurafatınız bizləri günü-gündən hörmətdən salır.

İnsan ən pis yolda ola bilər, ayağı sürüşkən ola billər. Amma bu heç kimə imkan vermir ki, onu aşağılayıb, söyüb, döyəsən. Həzrəti İsanın dövründə bir qadını fahişəlik etdiyinə görə daşlamaq istəyirdilər. İsa peyğəmbər isə bu işə ən mədəni formada etiraz edərək: “ilk daşı günahı olmayan atsın” söyləmişdir.

Ölkəmizdə insanların bir-birinə bu qədər nifrət etdiyi zaman heç yaşanmamışdı. Kimi görürsən, ancaq onu-bunu pisləyir, yanlışlarını araşdırır, nifrətini fəxrlə büruzə verir. Bunun səbəbi ağır iqtisadi-sosial durum, ondan yaranan psixoloji sarsıntılar, ən əsası isə cahillikdir. Cahillik olan yerdə sevgi inkişaf eliyə bilməz. Cahilliyin ifraz etdiyi yoluxucu, irinli nifrət sevgini yox edir.

Bu saqqal olayından sonra sosial şəbəkələrdə və cəmiyyətdə dərin qütbləşmə özünü daha açıq şəkildə göstərməyə başladı. Bir çoxları bir insanın saqqalının qırxılmasına haqq qazandırdılar, digər saqqalı kəsilən qütb isə öz qardaşlarının saqqallarının qırxılması əvəzinə buna haqq qazandıranların və bu olayı reallaşdıranın başlarının kəsilməsini halal hesab etdilər. Bununla da ölkədəki təhsilin, səviyyə kateqoriyasında heç “səviyyə” sözünün“s” hərfinə gəlib çatmadığı bilindi.

Bu olay baş verəndə heç təəccüblənmədim də. Çünki real həyatda və sosial şəbəkələrdə özlərini din, təriqət təəssübkeşləri sayan ayrı-ayrı təriqət nümayəndələri bir-birlərinə olan açıq nifrətlərini islama zidd, humanistliyə qarşı və ən əsası yaranacaq olan süni və ya təbii-daxili müharibəyə gətirib çıxaracaq qardaş qırğınına aid etmirdilər.

Bir çoxları müsəlmanlara və xurafata qarşı çıxanda, sosial mediyada və real həyatda onlara qarşı “dindarlar” və ya ümumiyyətlə, heç dindar olmayıb özünü müsəlman sayanlar həmin qarşı gəlməyə necə radikal, təhqiredici və kobud reaksiyalar verirlər. Nəticədə, həmin o “müsəlman”ın sayəsində İslam dini vəhşilik, diktatura və başkəsən din kimi yadda qalır. Nədən bu insanlar heç vaxt “Qurani Kərim” oxumadan, ümumiyyətlə islamdan xəbəri olmadan belə aqqressiv din müdafiəçisi ola bilər? Suala cavab bəllidir ki, bunun adı ən böyük düşmən olan- Cahillikdir.

“Yunus” surəsinin 99-cu ayəsində belə yazılıb: “Əgər Allah diləsəydi, yer kürəsindəki hər kəs imana gələrdi, insanlara məcbur şəkildə, sənmi mömin edəcəksən?”.

Siz nə tez unutdunuz ki, peyğəmbərimiz onu döyüb təhqir edən insanlara xoş dua etmişdi. Siz nümunəni kimlərdən götürürsünüz?

Bir yerdə sevgi yoxdursa, orda ancaq nifrət meydan sulaya bilər.

Bu məqamda Həzrəti İsanın sevgi haqqında dediklərini bölüşməyi özümə borc bilirəm:

“Sevgi səbrli və mehribandır.” ;

“Sevgi qısqanc və qürurlu deyil.”;

“Sevgi xəstə quruluşlu – eqoist ya da narahatedici deyil”;

“Sevgi səhvlərin hesabını tutmaz”;

“Sevgi şeytanla xoşbəxt deyil, gerçəklə xoşbəxtdir.”;

“Sevgi əsla imtina etməz”;

“Sevənin: İnancı, ümidi və səbri əsla müvəffəqiyyətsizliyə düşməz”;

“Sevgi başı və sonu olmayan birşeydir.”;

“İnanc, ümid və sevgi” – bax bu üçü əhəmiyyətlidir. Amma ən böyükləri sevgidir.

Sırf cahillik vardır deyə, insanların sevgiləri də təhrif olunub. İnsanlar sevdiklərini öz istədikləri şəkilə salmağa çalışırlar. Onda başqa xüsusiyyətlər varsa, qəbul etməmək bir kənara ona qarşı zorakı, kobud olurlar. Burda isə çox təbii qeyri-uyğunlaşma baş verir ki, bunun da sonu qaranlıqdır.

Əgər bu millətin nümayəndəsi kitab oxumağa səbrim yoxdur deyirsə, onun səbri ancaq yalançı şəhvət oyunlarına, internetdə vaxt öldürməyə və bekarçılıqdan yaranmış aqqressiyasını püskürməyə olacaq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim Fikrimcəİslamı gözdən salanlar