Artıq yarım əsrdən çoxdur ki, dini plüralizm mütəfəkkirlər və teoloqlar arasında müzakirə obyektinə çevrilib. Bir sıra mütəfəkkirlərin fikrincə, yeganə haqq din (dini eksklusivizm) yoxdur, əksinə bütün dinlər insanları Allaha, səadətə qovuşdura bilər. Dini plüralizmin banisi Con Hik bu nəzəriyyəsini daha çox xristianlıq dünyagörüşü əsasında irəli sürsə də, müsəlman mütəfəkkirləri, məsələn, Əbdülkərim Suruş iddiasını Qurani-kərim, hədislər və daha çox Cəmaləddin Ruminin baxışı əsasında izah etməyə çalışır.
Maraqlıdır ki, C. Hik də Rumidən sitat gətirir və hətta onu plüralizmin ilk nəzəriyyəçisi hesab edir. Qeyd etmək yerinə düşərdi ki, dini plüralizm və eksklusivizmdən əlavə dini əhatəlilik – inklusivizm nəzəriyyəsi də diqqətdə saxlanılır. Bu nəzəriyyəyə görə yeganə haqq dinin olmasına baxmayaraq, Allahın mərhəməti, məsələn, İsanın qurban verilməsinə görə, digər din ardıcıllarına da aid ola bilər. Hazırda xristianlıqda bu nəzəriyyənin tərəfdarları daha çoxdur. Demək olar ki, İslam dinində də müəyyən şərtlər çərçivəsində dini inklusivizmi qəbul etmək olar. Amma əgər xristianlıqda dini əhatəlilik daha çox İsanın qurban verilməsi ilə izah edilirsə, İslam dinin də isə bu, bəlli səbəblər üzündən dini təlimlərin fərdlərə çatmaması və ya onların bunları düzgün qavraya bilməməsi ilə izah edilə bilər. İslamın digər dinlərə münasibəti Əsas mövzuya – Quran və dini plüralizmə toxunmazdan öncə Qurani-kərimin digər dinlərə münasibəti haqqında bəzi ayələri nəzərdən keçirmək yerinə düşərdi:
a) Dinlərarası vəhdət
İslam dini özünü sonuncu din olaraq təqdim etməklə yanaşı digər dinlərlə də sayğı ilə davranmağı tövsiyə edir və eyni zamanda dinlərarası mövcud müştərək prinsipləri əsas tutaraq onları vəhdətə çağırır: “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (3: 64)
b) Etik davranış tərzi
Dinlərarası dialoq, münasibətlər ən yaxşı tərzdə və tolerantlıq əsasında tənzimlənməlidir: “Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!””(29: 46)
c) Sülh və ədalətlin bərpası
Dinlər arasında həmişə sülh və ədalət hakim olmalıdır: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə davranmağı sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”(60: 8); “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!”
ç) Etik davranışda monoteist və politeist dinlər arasında fərq qoyulmur. Qurani-kərim nəinki monoteist dinlərə, hətta politeist dini etqiadlara belə sayğı göstərməyi zəruri hesab edir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!” (6: 108)
İslam və dini plüralizm
Yuxarıda da qeyd etdiyim kimi, dini plüralizmi dəstəkləyən müsəlman alimləri daha çox C. Ruminin baxışlarından təsirləniblər. Və elə buna görə də Ə. Suruşun “Sirathaye müstəqim” (“Doğru yollar”) kitabı “Məsnəvi”dən gətirilən sitatlarla zəngindir. Amma bu, aydın məsələdir ki, Ruminin bu aspektdən çıxış etməsini qəbul etsək belə, onun fikrini ümumiləşdirib, din adına təqdim etmək səhv olardı. Digər tərəfdən, hansısa bir mövzuya dair dini qaynaqlara müraciət edərkən, ayə və hədislər parakəndə halda deyil, sistemli şəkildə araşdırılmalıdır. Çünki bəzi ayələri ayrı-ayrılıqda nəzərdə tutduqda, bəlkə də bizə yarıyan bir təsəvvür formalaşa bilər. Lakin bu müqəddəs kitabın ayələrinə kompleks yanaşdıqda, əks nəticə də hasil ola bilər. Necə ki, belə səhv yanaşmalar bir sıra əsaslı mövzularda (məsələn, Allahın cisim olub-olmaması) mütəkəllim və müfəssirlər arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Plüralizm mövzusunda da eyni metodu tətbiq etmək yeni bir səhv nəticənin meydana gəlməsi deməkdir.
Əslində, Qurani-kərimdə uyğun mövzuya aid ayələri digər ayələrlə tutuşdurduqda, aydın olur ki, bu təsdiqedici fikirlər bütün zamanlar üçün yox, bəlli bir dövr üçün nəzərdə tutulub. Sanki bu dövr yeni dinin gəlişi ilə tamamlanır və əvvəlki dinin ardıcılları daha mükəmməl bir dinə dəvət edilir. Necə ki, hz. Adəmdən (ə) üzü bəri həmişə sonrakı din qabaqkı dinə nisbətdə daha geniş və əhatəli olub. Çünki zaman və şərait dəyişdikcə, insanların təfəkkür tərzi inkişaf etdikcə səmavi din hökm və göstərişlərini daha geniş formada bəyan edir. Buna əsasən, sonuncu din İslam olduğundan (33: 40) əvvəlki dinlərə nisbətdə daha mükəmməl (5:3) və əhatəli sayılır. Dini mükəmməllik dedikdə, sözügedən dinin həyatın bütün sahə və mərhələlərində öz göstərişlərini daha dolğun şəkildə bəyan etməsi nəzərdə tutulur.
Amma sanki plüralizm tərəfdarları bunu nəzərə almırlar. Onlar adətən dinlərin ümumi mahiyyətini, məsələn, bütün səmavi dinlərin üç təməl prinsipinin (təkallahlıq, peyğəmərlik və axirət həyatı) müştərək olması və ya insanları düzlüyə, ədalətə, xeyirxahlığa və s. dəvət etməsini əsas tutub, belə bir qənaətə gəlirlər. Həm də Con Hikin plüralizm baxşının kökündə elə bil bir hümanistlik, xeyirxahlıq da yer alır. Sanki o, bu nəzəriyyəsi ilə dinlər arasında mövcud olan ədavətlərin qarşısını almağa çalışır. Bu baxış həddindən artıq təqdirəlayiq olsa da, elmi deyil, əsil həqiqəti əks etdirmir. Buna görə ki, belə ciddi məsələlərdə sübeyktiv yanaşmadan əlavə dinlərin öz yanaşması, Allahın gerçək istəyi öyrənilməlidir. Digər tərəfdən, hətta səmavi dinlərin təməl prinsiplərində belə ciddi fərqli (üç üqnüm və s.) yanaşmalar müşahidə edirik. Və bu, heç də kiçik məsələ deyil.
Bundan əlavə, əgər səmavi dinlər arasında plüralizmi izah etmək bu qədər çətindirsə, qeyri-səmavi dinlərdə qeyri-mümkün məsələyə çevriləcək. Həmçinin, bütün dinlər öz ardıcıllarını düzlüyə, ədalətə, xeyirxağlığa və s. əxlaqi-mənəvi dəyərlərə dəvət etsələr də, kompleks şəkildə müqayisə apardıqda, istər əxlaqi-mənəvi, istər ictimai, iqtisadi, siyasi, ailə və s. mövzulara dair irəli sürülən konsepsiyalarda köklü fərqlər qabarıq şəkildə özünü göstərir. Habelə, başqa dinlərin müqəddəs kitablarına müəyyən çoxaltma və azaltmaların olması da müzakirə mövzusudur. İslam dinində isə Qurani-kərimin təhrifə məruz qalmaması önə çəkilir. Həm buna dəlalət edən ayələr (15:9) mövcuddur, həm də bu, sonuncu din üçün bir zərurət kimi qəbul edilir.
Məntiqə görə, hər kəs ən kamil və təhrif olunmamış dinə, müqəddəs kitaba əməl etməlidir. Elə buna görədir ki, Allah Qurani-kərimdə əhli-kitabı İslam dinini qəbul etməyə çağırır və onların hidayətini bunda görür: “(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!” (3: 20) Yaxud “Bəqərə” surəsində oxuyuruq: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar”. (2: 120) Bütün bunları nəzərə aldıqda aydın olur ki, Quran dini plüralizmə baxışı müsbət deyil. Əks təqdirdə onları İslam dinini (5: 3 və 3: 20-də məhz hz. Məhəmmədə (s) nazil olan İslam dini nəzərdə tutulur, bütün səmavi dinlər üçün nəzərdə tutulan ümumi ad (islam) yox.) qəbul etməyə dəvət etməzdi. Buna görə də zahirən plüralizmi aşılayan ayələr (5: 69; 5: 48 və s. ) gəldiyimiz qənaətə uyğun təfsir və izah edilməlidir.
Bir zəruri qeyd və dinlərarası dialoq
Bildiyimiz kimi, artıq çağımızda dinlərarası dialoq böyük önəm kəsb edən məsələlərdən biridir. Dünyamızın sülh, əminamanlıq içərisində yaşaması, dinindən aslı olmayaraq insanların bir-birinə sayğı göstərməsi, dinlərarası mövcud qaranlıq məqamların aydınlaşması üçün dialoq zərurəti yaranır. Amma şübhəsiz ki, “haqq din”, “batil din” yanaşması ilə buna nail olmaq mümkün deyil. Necə ki, batil, nahaqq hesab edilən bir dinin ardıcılından səmimi, xoşniyyətli münasibət gözləmək əbəsdir. Bu baxımdan “daha mükəmməl din” anlayışı aktual olmalı, hər bir dinin mənsubları digərlərini səmərəsiz mövzularla ittiham etmək əvəzinə, tam elmi qaydada öz dini müddəalarının ən mükəmməl olmasını izah etməyə çalışmalıdırlar. Çünki dini prinsplərə görə, etiqadi məsələlər zor gücünə, hədələrlə başqalarına aşılana bilməz. Hər bir dini prinsip tam dolğun izah edilərək təqdim edilməli, onların ən yaxşısını qəbul etmək isə fərdlərin öhdəsinə qoyulmalıdır.