İslam-sülh-təslimolma

Tarix boyunca ən böyük oğraşlıqlar Allahın adı ilə edilib…

Source:

Üçünün də kökü birdir. Mövzumuz ərəb dili olmadığına görə (hərçənd mən də ekspert deyiləm), başlığı “assosiativ oxuma”ya işarə kimi qəbul edin.

Müsəlmanlar, məzhəblər, hizblər haqqında sərt tənqidləri ilə ad çıxarmış yazarlarımızın faydalı iş əmsalı məni düşündürdüyünə görə, sizi də düşündürmüş olar. Hər halda bu yazılara alqış tutanlarla, oxuyub qəzəblənənlərin faiz nisbəti yernən göy qədərdir. Ancaq qəribə də olsa, istənilən tənqidi çox sakit, rahat qarşılayan inanclı insanlar da var.

Bir inanclı dostum haqda yazacam. Onu və onun kimiləri ölkəmiz üçün fenomen hesab edirəm. Belə insanlar, Azərbaycan üçün arzuladığım dindar modelidir. Ölkə vətəndaşlarının çox demirəm, heç olmaya 10 faizi onların əxlaqında və sivilizasion səviyyəsində olsalar, bu məmləkət islaha xeyli yaxınlaşar.

Müstəsna intellektual və eruditdir. Sözün ən əhatəli anlamında əxlaqlıdır. Sözün ən yaxşı mənasında, Qərbin bütün müsbətlərini özündə əridib. Geyimi, danışığı, insanlarla münasibətləri,  tolerantlığı və aydın fikirliliyi məni (və bir-iki ortaq yazar dostumuzu) hər zaman heyran edib.

Aydın məsələdir ki, ən sərt din tənqidçimiz belə, təsvir etdiyim bu vətəndaş tipi ilə münaqişə yaşamaz. Son nəticədə, hər kəsə məlumdur ki, tənqidçilərin əsas və hətta yeganə hədəfi din radikalları, hizbçilər, reaksionist məzhəblər və onların fəaliyyətindən yaranan problemlər, ictimai münasibətlərdəki gərginlikdir.

Paradoksal amma fakt – fanatizm imanın zəifliyinə dəlalət edir. Güclü imanı olan kəs arxayın və rahatdır. Bir halda ki, Allahın varlığına və hesab gününə bütün varlığıyla inanır, özünəyetərlidir, özü ilə barışıqdır o zaman gərgin olmağına gərək yoxdur. Allahın ədaləti hər şeyi yerli yerinə qoyacaq.

Dostum deyir ki, “Həyat tərzim, düşüncələrim, davranışlarımla nümunə olmağa çalışıram. Heç kəslə davalı deyiləm. Həyatı özümə və başqalarına zəhər etmək fikrim yoxdur. Dünyanı tanıyan, savadlı və inanclı adam heç vaxt təhlükəli ola bilməz. Kültürlü bir insanın dini qavraması ilə, avamın qavraması bir deyil. Allaha dərin inancı olan kəs, özünü ictimai yerdə partlatmaz. Ümumiyyətlə özünü partlatmaz. Hər zaman proqressiv ideyaların yanında dayanar”.

Həqiqətən, ibadət əhli deyilən müsəlmanların nə qədəri dini öz daxili işləri, özəlləri hesab edirlər? Müsəlmanlığın toplumda bir üstün kimlik olduğuna əksəriyyəti inanır. Dinlərini yaşamaq üçün əvvəl ailəyə əl gəzdirməlidirlər. Sonra qonşulara, məhəlləyə, rayona, şəhər və ölkəyə pretenziyalar başlayır. Fərqlənmək, manifestantlıq etmək arzuları şiddətlidir. Müdaxiləçi davranışları ilə insanları narahat edirlər. Normal insan toplumu parçalara bölməz, yarlıqlar asmaz. Amma bir din fanatiki üçün cəmiyyət kafirlərdən, müşriklərdən, fasiqlərdən, münafiqlərdən, zinakarlardan, əyyaşlardan ibarətdir və bu kateqoriyaların hamısı müvafiq münasibət tələb edir.

Allaha imanı qüvvətli olan adam içki içənlərə düşmən kəsilməz, çünki içki içənə paxıllıq etmir. Arzularını içlərində bastıranlar isə ciddi problemlər yaşayırlar. Kamil iman olan adam içki içə bilməməyi özünə məhrumiyyət saymır. Nədənsə vaz keçdiyinə, din uğruna qurbanlar verdiyinə inanmır. Bu səbəbdən qəzəbli deyil. Qiyamətə, hesab gününə, Allahın ədalətinə inananlar nifrət dolu ola bilməzlər.

Nifrət, israr, müdaxiləçilik özlərini mərkəzə qoyanların alətləridir. Onların Allahın sözçülüyünü etmək, onun adından qərarlar qəbul edib icra etmək kimi idee fixe-leri var. Allahın adı ilə alver edirlər. Tarix boyunca ən böyük oğraşlıqlar Allahın adı ilə edilib. Allahın adı ilə daşqalaq, baş kəsmə, asma. Allahın adı ilə tonqalda yandırma, cinsi orqana nə gəldi soxub öldürmə. Allahın adı ilə şəhərlər, millətlər yer üzündən silinib.

Astrofiziklər artıq kainatın genişliyini ölçürlər. Ən uzaq planetlərin fotoları gündən günə çoxalır, peyklər getdikcə uzaqlaşır. Günəş sistemi ovcumuzun içindədir. İnsan oğlu qalaktikanı didik-didik edir. Qara dəlik araşdırılır.

Bütün bunlar bir yana, deməli hansısa mağarada oturmuş saqqalı bir kişi ərəbcə nəsə qışqırır. Bir əlində silah, bir əlində Quran.

Kosmos hara, bu mənzərə hara?

Müsəlmanlar iman etsələr məsələ qalmayacaq.

Ana səhifəMənim Fikrimcəİslam-sülh-təslimolma