“Təcavüz” sözü ərəbcə “cvz” kökündən yaranaraq, “həddini və ya ölçüsünü keçmə, aşma, azma” deməkdir.
Canlılar arasında əks cinsə təcavüz edən demək olar ki, yalnız insandır, daha xüsusiləşdirilsə, kişilərdir. Heyvanlar aləmində erkəyin dişini zorlaması nadir hadisədir, çünki nəsil artımına qərarı yalnız dişi fərd verir; erkəklər arasından seçdiyi daha gözəl və sağlam olanla. Yəni təcavüz heyvani hadisə deyil, insanidir.
Təcavüz haqqında ilk mənbələrə şumer tabletlərində rast gəlinir. 5 min ildən cox yaşı olan şumer mətnlərinin bir neçə yerində təcavüz etmə hadisəsindən danışılır. Şumer qanunlarının birində yazılır ki, əgər kimsə bir kölə qadının zorla bəkarətini pozarsa, 5 şəkəl (təxminən 40 qram) gümüş verməlidir. Kölə olmayan azad qızlar təcavüzə uğradıqda isə valideynləri onları həmin adamla evləndirməlidir (Bu adət bu yaxınlara qədər bizdə bir az fərqli biçimdə yaşayırdı, elçilər rədd cavabı alanda oğlan zorla qızı qaçırar, dərhal ona sahiblənərdi. Zorlanmış qızın həmin adama ərə getməkdən başqa çarəsi qalmazdı).
Şumer mifindəki digər təcavüz hadisəsində isə bağban, yatmış halda olan sevgi tanrıçasını zorlayır və törətdiyi əmələ görə yaşadığı şəhərin əhalisi ilə birgə cəzalanır. Tanrıça onların suyunu qana döndərir. (M. H. Cığa görə suları qana döndərmə cəzası sonralar Tövrata və Qurana, bir çox motiv kimi, buradan keçmişdir.)
Dədə Qorqud dastanında bir çoban tərəfindən zorlanan pərinin (həmin şumer tanrıçası bu pərinin prototipidir. M. Seyidov) dünyaya gətirdiyi Təpəgöz bütün Oğuz xalqının bəlasına çevrilir. İstər tanrıça, istər pəri qız zorlanmaya görə təcavüzkarın bütün el-obasını cəzalandırır.
Təcavüzetmə qədim şumerlilərə görə o qədər pis bir iş sayılıb ki, tanrı Enlil evlənmədən öncə nişanlısını aldadıb zorladığına görə tanrılar məclisinin hökmüylə o, baş tanrı olmasına baxmayaraq, cəzalanıb yeraltı dünyasına sürgün edilir.
Bu mifin tabletlərə köçürüldüyü zamanda anaxaqanlığın izləri tam yox olmamışdı, bu üzdən də indinin termini ilə desək, orada həm “demokratik” ab-hava vardı, qərarı tanrılar müzakirədən sonra birgə verirdilər, həm də dəyərlər tam maskulin yönlü deyildi. Ona görə də Enlil tanrıların başçısı olsa da, onun hərəkətinə göz yumulmur, o, mühakimə olunub cəzalandırılır!
Təcavüzkar tanrı obrazı yunan mifologiyasında da, yenə baş tanrının – Zevsin simasında qarşımıza çıxır.
Amma patriarxallığın, kişi hegemoniyasının bütünlüklə yaşandığı yunan kültüründə, dondan-dona, cilddən-cildə düşərək, gözü tutan qadınları zorlayan Zevsə “gözün üstə qaşın var” deyən yoxdur. Zevslə bağlı miflərdə onun istər ölümlü, istər ölümsüz (tanrıça) qadınlara onların razılığı olmadan təzavüz etmə səhnələri o qədər çoxdur ki, bu allahı təcavüz simvolu hesab etsək, yanılmarıq. Qəribədir ki, yunan mifologiyasından yazan maskulin düşüncəyə malik müəlliflərin demək olar ki, hamısı, hətta bu gün belə, Zevsin “baz”lığından gizli qımışma ilə bəhs edərkən, onun arvadı Heranın Zevsə münasibətini acıqlı halda “qısqanclıq” adlandırıb, az qala Heranı “dözümsüzlükdə” günahlandırırlar. Şumer miflərində baş tanrı Enlilin öz nişanlısına təcavüzü bağışlanmadığı halda, baş tanrı Zevsin kənar qadınlara təcavüzü rahatlıqla qəbul edilir. (Bu, ataxaqanlığın hələ də insanların düşüncə tərzində yaşamasının göstəricidir.) “Baş allah Zevsə hər şey olar” prinsipi “hökmdarlara hər şey olar” prinsipindən yarandı. Yəni, tanrılar panteonun başçısı Zevs, dövrünün hökmdar obrazının cizgilərini özündə cəmləşdirirdi.
Savaş, qənimət, qadın
Qadına təcavüz hadisəsi insanlığın yaşı qədər qədim deyil, dövlətlərin və müharibələrin meydana gəlməsiylə, qəsbetmə və sahiblənmə duyğusunun inkişafı ilə çeşidli biçimlərdə üzə çıxan tarixi fenomendir. Ələ keçirilən torpaqlarda qadınlara təcavüz edilməsi günümüzdə də savaşın ən iyrənc yanıdır. Seksin ayıb deyil, müqəddəs sayıldığı, müharibələrin demək olar ki, olmadığı matriarxal dövrlərdə təcavüz hadisəsinin baş verməsinə əsas yoxdur. Çünki qadına təzavüzetmə yalnız cinsi ehtiyacdan qaynaqlanan bir hadisə deyildir. Araşdırmaçıların fikrincə, təcavüz aktının motivasiyası təkbaşına cinsi ehtiras deyildir, burada acıq, düşmənçilik, həmçinin gücün təsdiqi başlıca rol oynamaqdadır.
Müharibələr meydana gəldikdən sonra insanlarda yeni bir duyğu ortaya çıxdı: Qənimət duyğusu. Bəzi xalqlar hücum etdikləri ölkəni insanları qarışıq bütünlüklə yaxıb yandırırkən, digərləri qalib gəldiyi xalqın yiyələndiyi hər şeyi onların əlindən alır, özlərini isə qula çevirirdilər. Zaman-zaman müharibə səbəblərindən (bəhanələrindən) biri də öz dinini digər xalqlara yayma, onları “doğru yola gətirmə” istəyi oldu.
Dilimizdə hələ də yaşayan “qılınc müsəlmanı” ifadəsindən görüldüyü kimi, islam dini də (bəzi istisnalar şərtilə) digər dinlər kimi əsas olaraq qanlı müharibələrlə yayılmışdır. Quranın təkcə elə 12 ayəsində “Allah yolunda savaş”mağın vacibliyindən, əvəzindən, mukafatından bəhs olunur: Bəqərə: 216; Əli İmran: 13, 121; Nisa: 74, 75, 84; Ənfal: 5, 39, 58, 75; Tövbə: 14, 29.
İslam alimlərinə görə qənimət – məğlub olmuş kafirlərdən zəbt edilən silah-sursat, mal-mülk, heyvanat və kölələrdir. Quranda gənimətlə bağlı on ayə var: Nisa: 94; Ənfal: 1, 41, 69; Əhzab: 19, 50; Fəth: 15, 19; Mumtəhinə: 11. Müsəlmanlaşdırma prosesində məğlub tərəfin hər şeyi, qələbə qazanmış müsəlmanlara “halal” edilirdi: “Kafirlərin yalnız qanları deyil, malları, mülkləri də halaldı.” (T. Dursun, s. 56). Onların qadınları isə cariyəyə çevrilib əsgərlər arasında bölüşdürülürdü. Beləliklə, savaşlar nəticəsində əldə edilən qadın qənimətləri cariyə (qul qadın, kəniz) kimi həm satmaq, həm cinsi münasibətdə bulunmaq, ən yaxşı halda isə onlarla evlənmək olardı. (Cariyələrlə evlənmə maddi baxımdan evlənməyə imkanı olmayanlar və zinadan qorxanlar üçün çıxış yoludur.) Bütün bu halların heç birində cariyənin fikri, istəyi arzusu, iradəsi, duyğusu nəinki nəzərə alınırdı, bu, heç ağla belə gətirilmirdi. Təcavüzdə olduğu kimi…
Qədim türklərdə savaşlarda iştirak edən, hətta ərə gedəcəyi adamla döyüşən və məğlub olacağı təqdirdə onunla evlənən qadın tiplərinə təkcə nağıl və dastanlarda obraz kimi deyil, tarixi fakt kimi də rast gəlirik. Yaxın və Orta Şərqdə, Yunanıstanda, Anadoluda, Romada bir çox savaş və zəfər tanrılarının qadın cinsində təsəvvür edilməsi (İnanna, İştar, Afina, Bellona, Ma, Viktoriya, Nike və b.) də bir gündə yaranmış, gəlişigözəl hadisə deyil. Amazon qadınlarından isə heç danışmıram. (Arxeolog Dr. Jeannine Davis Kimball Amazonların mif qəhrəmanı deyil, tarixi gerçəklik olduğunu sübut etmişdir). Beləliklə, bir zamanlar mifoloji, fiziki qəhrəmanı kimi savaşın tərkib hissəsi olan qadın, kişi hegemoniyasının təsiri ilə savaş qənimətləri içərisində ən öndə olan nəsnəyə çevrildi. Quranda dünyanın kişilər üçün həzz verən maddi nemətləri içərisində qadın əvvəldə gəlir: “Qadınlar, oğullar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır” (Əli-imran, 14).
Təcavüz və zinanın fərqi
Bilindiyi kimi, müharibələrin təzə yarandığı dövrlərdə əsirləri öldürürdülər, sonralar qalib tərəf, məğlub olanları “danışan heyvan” (Aristotel) kimi, sağ saxlamağın daha sərfəli olduğunu gördülər. Beləliklə, qadın cinsində olan qullar cariyə kimi öz ağalarına “hərtərəfli” xidmət göstərməyə məcbur edildilər. Nisa surəsinin 25-ci ayəsində deyilir ki, “sizdən azad qadınla evlənməyə gücü çatmayan kəs, sahib olduğu mömin cariyələrdən alsın… bu (kənizlərlə evlənmək), zina etməkdən qorxanlarınız üçündür…”. Zinanın cəzasını ölümə qədər yüksəldən dinimiz, bunun qarşısını almaq üçün kasıb kişilərə öz kənizi ilə evlənməyi məsləht görür. Quranda zina ilə bağlı həm xabərdarlıq (“Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” İsra :32), həm də cəza var (“Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun.” Nur: 2)
Hansı ki, zinanın təcavüzdən bir müsbət tərəfi var, bayaq deyildiyi kimi, zina edən qadın zina edən kişi kimi bunu könüllü edir, kənizlə evlənmədə isə kənizin rəyi nəzərə alınmır, qulun nə haqqı var ki, ağasına etiraz da eləsin! Bir tərəfli olsa da, əsas ağanın istəyidir. Amma təcavüz də birtərəflidir. Təcavüzün zinadan fərqi budur ki, zina qadının razılığı ilə gerçəkləşir, təcavüzdə isə qadın tam bir əşya, alət yerinə qoyularaq onun istəyinin əksinə cinsi yaxınlığa məcbur edilir.
Bu gün üləmalarımız tərəfindən zinanın pislənməsi, siqaret reklamında nəhəng, yaraşıqlı, adamçağıran siqaret plakatının altındakı, kiçik hərflərlə yazıldığına görə diqqəti çəkməyən, “xala xətrin qalmasın” üslubunda “siqaret çəkmək sizin səhhətinizə ziyandır” cümləsinə bənzəyir. Bu urvatsız və əhəmiyyətsizləşmiş cümlə eyni zamanda iri siqaret qutularının üzərində də aşağı hissədə oxunmaz dərəcədə kiçiklikdə yazılmaqdadır. Bu cümlə, hər gün siqaret alan milyonlarla alıcıların siqaret çəkməyinə mane olurmu? Əlbəttə yox! Siqaret tələbi yaradıb, onun təklifi və təbliğiylə müqayisədə bu xəbərdarlıq nə qədər cılızdırsa, qadını seksual nəsnə və əşya kimi təqdim edən bu dini görüşdə də zina xəbərdarlığı o qədər diqqətəalınmaz və cılızdır.
Cariyələr haqda ayələr
Quranda cariyələrin ağalarına halal edilməsi bu ayələrdə verilib: “Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşunagəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!” Əhzab: 52.
Və başqa bir ayə: “(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi).” Nisa: 24
Digər bir ayədə isə deyilir: “Ey Peyğəmbər! Mehirlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq (!) verdiyi cariyələri, səninlə birlikdə hicrət edən əmin qızlarını, xalan qızlarını, dayın qızlarını, bibi qızlarını (!) … almağı sənə halal eləmişik.” (Ahzab, 50).
Bu ayədə “Allahın sənə qənimət olaraq verdiyi cariyələr” nə deməkdir?
Dünyada kimsə qul, yaxud cariyə olaraq doğulmur, bir insanın qula, ya da cariyəyə çevrilməsi müharibələrin yaratdığı ən eybəcər sosial hadisələrdən biridir. (“Biri idi” əvəzinə “biridir” yazmağımın səbəbi islam ölkələrində gedən müharibələrdə bu ayələrin hələ də həyata keçirilməsini görməyimizdir). İslam tarixçilərinin yazdıqlarından məlum olur ki, Məhəmməd peyğəmbərin savaş qənimətləri içərisindən seçdiyi bir neçə zövcəsi olub: Safiyyə, Çüveyriyyə, Reyhanə, Mariya (Mariyadan peyğəmbərin bir oğlu olmuş, ama körpə doğumdan müəyyən bir müddət sonra ölmüşdür.)
“Xoşunuza gələn qadınlarla…”
Quranda “Qadınlar sizin tarlanızdır, ora istədiyiniz vaxt girin” (Bəqərə, 223) ayəsi kişilərin şüur altına hansı mesajı göndərir? “Ora istədiyiniz vaxt girin” nə deməkdir?
Təcavüzün mahiyyəti ilə bu ayənin mahiyyəti oxşardır: Hər ikisində əsas olan kişinin istəyidir, biz bağçaya daxil olarkən bağçanın razılığını soruşmadığımız kimi, kişi də “tarlaya daxil olarkən” “tarlanın” istəyi ilə hesablaşmaq bir yana, bunu soruşmaq heç onun ağlından belə keçmir! Təcavüzdə də qarşı tərəfin razılığı nəzərə alınmır.
Təkallahlı dinlərin heç biri islam dini qədər kişilərin cinsi istəklərinə hesablanmayıb. Müsəlman kişiləri həm bu dünyalarında, həm də o dünyalarında qadın sarıdan korluq çəkmirlər, onlar bütün ömürləri boyu dəfələrlə, hətta müsəlman olmayan qadınlarla da evlənə bilərlər, istəsələr müvəqqəti siğə də edə bilərlər, əsas kişinin “xoşudur”: “…xoşunuza gələn qadınlarla iki, üç və dördə qədər evlənə bilərsiniz…” (Nisa, 3).
Yaxud “…sizdən əvvəl kitab verilən ümmətlərin azad qadınlarıyla da… nigahlanmaq bu gün sizə halaldır…( Maidə, 5)”
Müsəlman qadınının sevib ərə getməsi də başqa bir problemlə əlaqəlidir, onun sevib seçmək haqqı bəlkə də var, amma bu haqqın tanınması həmin qadının atasından, atası yoxdursa qardaşından, hətta oğlundan asılıdır: (yetər ki, son sözü deyəcək bir kişi cinsinin nümayəndəsi olsun) “ …(qadınlarla ) vəlilərinin icazəsi ilə evlənin…” (Nisa, 25)
Müsəlman ölkələrində qadının “yox” deməsi ciddiyə alınmır. Birinci ona görə ki, qız nə qədər “yox” deyərsə də, valideynləri “hə” dedikdən sonra həmin “yox” ciddiliyini itirir. İkinci, hətta valideynləri “yox” desə belə yenə də çarə var: Qaçırma. Qaçırıldıqdan sonra “əl dəyib” deyə bu qadın, artıq onu zorlayan adamdan başqa kimsəyə lazım deyil. Qadın şəxsiyyət sayılmadığına görə onun fərdiliyi, azadlığı, iradəsi, istəkləri, narazılıqları qəbul olunmur. Onun əvəzinə qərar verirlər, bu ölənədək davam edir! Ata evində atası, ata yoxdursa, dayısı, əmisi, onlar yoxsa, qardaşı, ərə getdikdən sonra əri, ər öldükdə qayınları, qaynatası, onlar yoxsa oğlu!
Şəriət qaydalarına görə, evlənmədə olduğu kimi boşanmda da əsas qərarı kişi verir. Yəni qadın istəsə boşana bilməz. Boşanması üçün evləndiyi gün, nigah zamanı bunu ərinə şərt qoyması lazımmış. (Hansı qadın nigah zamanı ərə gedəcəyi adama “İstədiyim zaman səndən boşanmaq şərtilə sənə ərə gəlirəm” deyir? Deyirsə, belə evlilik nə qədər səmimi duyğular üzərində qurulur?) Ən əsası, boşanmaq istəyib də boşana bilməyən qadına ərinin münasibəti təcavüz deyil, nədir?
Yekunlaşdıraq:
1. Quranda qadına təcavüzü qadağa edən ayə yoxdur.
2. Təcavüzün zinadan fərqi budur ki, zina qadının razılığı ilə gerçəkləşir, təcavüzdə isə qadın tam bir əşya, alət yerinə qoyularaq onun istəyinin əksinə cinsi yaxınlığa məcbur edilir.
3. Sinfi ayrı-seçkiliyə məruz qalan cariyələr azad qadınlardan fərqləndirilir. Müsəlman kişilərə başqalarının arvadı haram sayıldığı halda, sahib olduqları cariyələr halal sayılır.
4. İslam dininə görə qadın ərə verilirkən mühüm olan onun valideynlərinin rəyidir.
5. Şəriət hüququnda qadın, boşanma şərti olmadan nigaha girərsə ərindən heç zaman boşana bilməz və boşanma səviyyəsində olan bir adamla birgə yaşamağa məhkumdur. Müasir hüquq bunu ailədaxili zorakılıq və təcavüz adlandırsa da şəriət hüququnda bu normal hadisə sayılır.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.