Bir neçə gün öncə internet məkanda İraqın Mosul şəhərində İŞİD əsgərlərinin muzeydə tarixi abidələri- heykəlləri məhv etməsi görüntüləri yayıldı. Hamını şoka salan hadisə sosial şəbəkələrdə də müzakirə predmetinə çevrildi. Kimi günahı bir-başa dində, kimi isə konkret şəxslərdə gördü. İstənilən halda, bu kadrları heyrətlə izləyən əksər insanlarda müxtəlif suallar yarandı: Həqiqətən İslam dini belə addımları dəstəkləyirmi? Bütün heykəllər bütdürmü? Ümumiyyətlə İslam dininin tarixi irsə münasibəti necədir? Və yaxud İŞİD-in bu addımını İbrahim (ə) və ya Məhəmməd peyğəmbərin (s) bütləri dağıtmalarının davamı hesab etmək olarmı?
Bu yazı qeyd edilən sorulara aydınlıq gətirməyə bir cəhddir.
Sehrli buzov
İslam dinində, heykəltaraşlıqla bağlı demək olar ki, yekdil rəy yoxdur. Bir çox dini qaynaqlarda bu işin qadağan olması nəzərə çarpır. Lakin mövzuya daha diqqətlə yanaşarkən, aydın olur ki, əslində bu qadağa sırf heykəltaraşlıq sənətinə yox, onun mənfi məqsədlə istifadəsinə yönəlib. Belə ki, dində heykəltəraşlıq bir incəsənət nümunəsi olaraq yox, təqib etdiyi məqsədlərə görə müzakirə mövzusudur. Yəni əgər bir heykəltaraş tanınmış bir şəxsiyyətin xatirəsini yaşatmaq və ya başqa oxşar məqsədlə heykəl düzəldirsə, buna kimsə irad bildirmir.
Yalnız insanları aldatmaq, onları bütpərəstliyə dəvət etmək məqsədi ilə heykəl düzəltmək qınaq obyektidir. Necə ki, Qurani-Kərimdə haqqında söz açılan Samiri belə bir addım atmışdı. O, Musa peyğəmbərin müvəqqəti yoxluğundan istifadə edərək bir buzov düzəldib, insanları bütprərəstliyə sövq etmişdi. (7:148; 20: 88) Yaxud da fironlar sehrbazlıq, nəhəng piramidalar, Böyük Sfinks və digər heykəllər düzəltməklə tanrılıq iddiasına düşür və deyirdilər ki, əgər Allah insanı və digər canlıları xəlq edə bilirsə, biz də belə möhtəşəm abidələr inşa etməyə, qeyri-adi işlər görməyə qadirik. Yenə də Qurani-Kərimə müraciət etsək, Musa peyğəmbərin (ə) müasiri olan fironun – yazılanlara görə, II Ramzesin belə bir iddia ilə çıxış etməsinin şahidi oluruq. (79:24)
Amma yaşadığımız dövrdə artıq insanların bu dövrü çoxdan arxada qoyduğunun fərqindəyik, daha kimsə hansısa heykəli görəndə səcdəyə düşüb, zikr demir, əksinə bir tarixi əsər, sənət nümunəsi kimi yanaşır. Bundan əlavə, indi nəinki hansısa bir heykəl, hətta inkişaf etmiş robotlar belə kimdəsə təəccüb doğurmur, zehində etiqadla bağlı hansısa təsəvvür yaratmır.
Bütün bunları nəzərə alsaq, qeyd edə bilərik ki, ali məqsədlərə qulluq edən, şirk xarakteri daşımayan heykəllərin düzəldilməsi din baxımdan qadağan deyil, bir sıra görkəmli din alimlərinin qənaəti belədir. Amma bir məsələyə də diqqət etmək lazımdır ki, əgər hansısa bir alim məlum mövzuya dair fərqli fikir səsləndirirsə, bir heykəltəraşın məhz tam quruluşlu insan heykəli düzəltməsini nəzərdə tutur. Buna əsasən, büst, hazır heykəllərin alqı-satqısı, saxlanılması qadağa çərçivəsinə daxil deyil.
Müzey dini əmr kimi
Hər incəsənət nümunəsi gözəl bir fikrin nəticəsidir. Yaxud bir nəfis incəsənət nümunəsi gözəl fikirlərin yaranmasına səbəb ola bilər. Din isə gözəl fikirləri, ümumiyyətlə, yaxşı olan hər şeyi təqdirəlayiq hesab edir və elə insanlardan da gözləntisi mövcud şeylərin içərisində ən yaxşısını seçmək, tapmaq və əməl etməkdir: “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (39:18) Təkcə bu ayəni nəzərə alsaq, dinin incəsənətə, onunla əlaqəli olan hər şeyə münasibəti aydın olur.
Digər yöndən, Qurani-Kərimdə müxtəlif ayələrdə səyahət etmək, keçmiş ümmətlərin tarixi irsi ilə tanış olmaq çox tövsiyə edilir: “Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar.” (22:46) Ona görə ki, tarixi abidələr özlərində böyük bir keçmişi ehtva edir, onların hər zərrəsində böyük həqiqətlər gizlənib. İnsanlar bu abidələrlə tanış olmalı, tarixlə təmas qurmalı, ibrətlər almalı, düşünməlidirlər. Dövrümüzdə müzeylər keçmiş ümmətləri özündə əks etdirən ən dəyərli bir məkandır. Demək, dini göstərişlərə əsasən, müsəlman şəxs nəinki oradakı eksponatlarla kobud davranmamalı, əksinə, onları göz bəbəyi kimi qorumalı, ekspozisiyasını daha da zənginləşdirməlidir.
Hər əli baltalı İbrahim deyil
Şübhəsiz ki, İbrahim peyğəmbər də Məhəmməd peyğəmbər də bütün müsəlmanlar üçün örnəkdir. Amma onların addımları düzgün başa düşülməlidir, hər kəs istənilən addımı onlara aid edə bilməz, hətta işlərində hansısa oxşarlıqlar olsa da. Baxın, adını qeyd etdiyim hər iki peyğəmbər bütləri qırıblar, bu, danılmazdır, amma məlum tarixi olaylar Mosulda baş verən hadisəylə dabandabana ziddir. Ona görə ki, istər hz. İbrahim, istər hz. Məhəmməd (s) yanlış bir ideologiyanın qalıqlarını aradan qaldırmaq istəyiblər, məqəsədləri tarixi, incəsənət nümunələrini məhv etmək olmayıb.
Məsələn, Məkkənin fəthindən sonra elə bir addımın atılması ona görə idi ki, yeni dinin prinsiplərin cəmiyyətdə tam oturuşmamasından bütlərin göz önündə qalması aparılan islahatlara pis təsir edəcəkdi. Hz. İbrahimdə də oxşar halla qarşılaşırıq. O kiçik bir addımla böyük bir həqiqətin üstünü açır. Şəhər camaatı dini ayini yerinə yetirməyə gedəndə o, bir neçə bütü sındırıb, baltanı ən böyük bütün boynundan asır. Onlar qayıdıb gələndə hadisənin səbəbkarını soruşanda, İbrahim (ə) böyük bütü göstərir. “Daşdan yonulmuş, yerindən tərpənə bilməyən büt bu işi necə görə bilər?” cavabını alanda, “Əgər büt heç bir zərər və xeyir yetirməyə qadir deyilsə, bəs niyə onlara tapınırsınız?”- mesajını vermək istəyir.
Ümumiyyətlə, dünya praktikasında da biz oxşar hadisələrin şahidi oluruq. Bir ideoloji hakimiyyət devrildikdə, qalıqları- ən azı liderlərinin heykəlləri uçurdulur. Bəlkə də düzgün müqayisə deyil, hər halda, biz və ya digər SSRİ ölkələri müstəqil olanda Leninin, digər liderlərin heykəllərini aşırmadıqmı? Amma bu vaxt heç kəs kimisə tarixi abidələri qırmaqda ittiham etmədi. Bu məsələyə də eyni aspektdən yanaşmaq olar deyə, düşünürəm.