İslam həmrəyliyi iqtisadiyyatı

Source:

Azərbaycan Nazirlər Kabinetinin yanvarın 10-da prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən “2016-cı ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr” adlı iclasının yekunu 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan olunması oldu. Sual yaranır – islam həmrəyliyinin Azərbaycanın sosial-iqtisadi problemləri ilə nə əlaqəsi var? Əliyevin iki – giriş və yekun çıxışı əsasən ölkəni bürümüş iqtisadi böhran, ona qarşı mübarizə və 2017-ci ildə xəstə iqtisadiyyatın reanimasiyası üzrə planlarla bağlı olub.

Prezidentin vəziyyətin qiymətləndirilməsi və böhrandan çıxışla bağlı tezisləri maraq doğurmur, real mənzərəni, gələcək üçün aydın reseptləri əks etdirmirdi. Əliyev real statistika məlumatlarına və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə baxmayaraq, vəziyyətin pisləşdiyini etiraf etmir. O, böhrana qarşı uğurlu mübarizə, cəmiyyətdə sabitlik və razılıq olması mənzərəsi təsvir edir. Bu, onun ötən ili qiymətləndirməsi idi. Çıxışın ilk giriş hissəsi artıq Əliyev komandasının operativ antiböhran təklifləri irəli sürə biləcəyi ilə bağlı şübhələri artırıb. Belə ki, çıxış gerçəkliyin qeyri-adekvat dərk və təsvir edilməsinə əsaslanırdı. Sonradan, heç cür əsas adlandırmaq mümkün olmayan istiqamətlərə nəzarət edən üç məmurun çıxışından sonra 2017-ci ilə baxışını təqdim edən Əliyev təbii olaraq auditoriyanın ondan hələ də gözlədiyi xəstə iqtisadiyyatın müalicəsi üçün resepti təqdim edə bilməyib.

Prezidentin çıxışından aydın olur ki, o, iqtisadiyyatın inkişafını kiçik və orta biznesin deyil, oliqarxiyanın maraqlarını əks etdirən böyük layihələrin həyata keçirilməsində görür. Bu layihələr əsasən azalmaqda olan neft ehtiyatlarından gələn dövlət vəsaitinin, habelə oliqarxların neft bumu illərində yığdıqları şəxsi vəsaitlərinin bundan sonra da yuyulmasını nəzərdə tutur. Buraya paytaxtda mənzil tikintisi, pambıqçılıq bağçılıq, şərabçılıq və s. sahələrdə böyük təsərrüfatların inkişafı aiddir. Xüsusi sahibkarlara dəstək və minlərlə özəl sektor nümayəndəsi arasında investisiyaların paylanması haqqında heç nə deyilməyib.

Ən acınacaqlısı o idi ki, prezident ilin sonuna yaxın imzaladığı və preamblualarına əsasən, iqtisadiyyatın 12 sahəsində inkişafın lokomotivi olmalı olan islahatların “yol xəritələri” haqqında heç nə demədi.

Prezidentin nitqindən belə nəticə çıxır ki, o, yeni iqtisadiyyatın qurulmasına töhfə verməyə hazır olan və bunu arzulayan hər bir ölkə vətəndaşının potensialını üzə çıxarmağa imkan verəcək hərtərəfli islahatlar keçirilməsində maraqlı deyil. Əliyev əvvəlki kimi azad şəxsiyyətdə və azad iqtisadiyyatda rejimə təhlükə görür və buna görə onun tezisləri böyük inhisarçı strukturların və birliklərin dəstəklənməsinə və inkişafına yönəlib.

Bu mənada islam amilinin islahatlar keçirilməsində onun fəlsəfəsinin əsasını təşkil etməsinin səbəbi aydın olur. Çünki islam dünyasının özü, onun əsasən reqressiv iqtisadiyyatı inhisarlar və oliqarx qrupların və klanların maraqları üzərində qurulub. Əliyev çıxışının əvvəlində də, axırında da bir daha sevimli xristian və islam dünyasının qarşıdurması mövzusuna üz tutub, bir tərəfdən islahatlara məcbur edilmənin Qərbin islam dünyasının bir hissəsi kimi Azərbaycana qərəzli münasibəti olduğuna işarə edir, digər tərəfdən beləliklə anaxronik dövlət idarəetmə sistemindən irəli gələn bənzər problemlər yaşayan avtoritar islam rejimlərinin həmrəyliyinə ehtiyacı olduğuna işarə edib.

Bu, həmçinin 2017-ci ildə Əliyevin həm siyasi, həm də maliyyə nöqteyi-nəzərdən rejimin daxili sabitliyinə dəstəyi islam dünyasında axtaracağını göstərir. Məlumdur ki, son iki il Azərbaycan iqtisadiyyatının qidalandırılması üçün avtoritar Yaxın Şərq ölkələrində maliyyə vəsaiti axtarışı ilə səciyyələnib. Hələlik onlar lazımi bəhrəni verməyib. Amma, görünür, Əliyev bu istiqamətdə səylərini dayandırmaq niyyətində deyil, belə ki, Qərbin ona təklif etdiyi köklü islahatlar, Azərbaycan xalqının bu gün hər zaman olduğundan daha çox kiçik sahibkarlardan, biznesmenlərdən və sadəcə fərdi əmək fəaliyyəti ilə məşğul olan və iqtisadi azadlığa ehtiyac duyan böyük hissəsinin maraqlarına cavab verməsinə baxmayaraq, rejimin maraqları ilə bir araya sığmır.

Ana səhifəAnalitikaİslam həmrəyliyi iqtisadiyyatı