Vəkil Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib
Yanvarın 19-da Şirvan Apelyasiya Məhkəməsində etiraz aksiyasına görə həbs olunan məcburi köçkünlərin şikayətlərinə baxılıb. Məhkəmə şikayəti rədd edib.
Bu haqda onların vəkillərindən Elçin Sadıqov xəbər verib.
Vəkilin sözlərinə görə, məhkəmə həbsdə olanlardan Cəlal Quliyevin, Zaur Fehruzlunun, Ülvi Quliyevin şikayətlərinə baxıb.
Apelyasiya instansiyası Cəbrayıl rayon Məhkəməsinin hər 3 şəxsin 3 ay müddətinə həbsini nəzərdə tutan qərarını haqlı sayıb.
Elçin Sadıqov qərarı qanunsuz hesab etdiklərini, Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Vəkil həbsdə olan digər məcburi köçkün İlkin İsgəndərovun apellyasiya şikayəti üzrə məhkəmə baxışının hələ təyin edilmədiyini də qeyd edib.