Azərbaycanın İraqdakı səfirliyinin konsulu uşağa baş çəkib
İraqdakı uşaq evində saxlanılan Abdulla adlı azərbaycanlı uşağın babası və digər qohumları müəyyənləşib.
APA-ya məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi verib. Bildirilib ki, İraqdakı səfirliyinin konsulu Zəbi Axundov Abdullaya baş çəkib və onunla söhbət etməyə çalışıb.
“Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir” – məlumatda deyilir.
Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.
Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatların qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işlədiyi bildirilir.