İşgəncəni əks etdirən foto ilə bağlı təzadlı açıqlamalar verilir

“Polis İdarəsinin içində onun fotosunu ya polis işçisi, ya da müstəntiq, prokuror çəkə bilər”

Source:
Yunis Səfərov
Yunis Səfərov


“Polis İdarəsinin içində onun fotosunu ya polis işçisi, ya da müstəntiq, prokuror çəkə bilər”

İyulun 4-də sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə mühafizəçisinə silahlı basqın etməkdə şübhəli bilinən Rusiya vətəndaşı Yunis Səfərovun fotoları yayılıb. Həmin fotolardan onun işgəncəyə məruz qaldığı görünür. Belə ki, Y.Səfərov olduğu iddia edilən şəkildəki şəxsin üzərində qan, xəsarət izləri var.

Hadisə ilə bağlı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məlumatlar yayıb.

Baş Prokurorluq: “İnformasiya həqiqəti əks etdirmir”

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, bəzi internet-informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Bildirilir ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və s. hüquqları tam təmin olunub, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansı şikayət və ya müraciətləri daxil olmayıb.

DİN fotonun şübhəli şəxsə məxsus olduğunu təsdiqləyib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə iyulun 5-də APA-ya verdiyi

açıqlamasında

 fotonun Yunis Səfərova məxsus olduğunu deyib.

Bir gün öncə isə DİN sözçüsü şəkilin Yunis Səfərova məxsus olmadığını iddia

edirdi

.

Ehsan Zahidov son açıqlamasında deyib ki, Yunis Səfərov saxlanılarkən xəsarət alıb:

“O ki qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Oktay Gülalıyev
Oktay Gülalıyev

Fotonun yayılmasında iki məqsəd var

Hüquq müdafiəçisi Oqtay Gülalıyev şəkillərin Yunis Səfərova məxsus olub-olmaması haqda xeyli müzakirələrin getdiyini söylədi:

“Ancaq həmin fotonu onun pasport şəkili ilə müqayisə etdikdə, çox oxşar olduğu görünür. Böyük ehtimal şəkilin Yunis Səfərova məxsus olduğunu deyir”.

Oqtay Gülalıyev hesab edir ki, Yunis Səfərovun şəkillərinin yayılmasında iki məqsəd var:

“Əgər şəkillər Yunis Səfərova məxsusdursa, bu işi xüsusi xidmət orqanları həyata keçirib. Çünki polis bölməsindən belə şəkili kənara çıxartmaq mümkün deyil. Əgər elə olsaydı, “Bandotdel”də cəbhəçilərə, dindarlara sonsuz sayda işgəncə verilib, amma heç birinin şəkli ortalığa çıxarılmayıb. Bu, xüsusi xidmət orqanlarının əməliyyatıdır, məqsəd insanları qorxutmaq və ibrət dərsi verməkdir ki, məmura qarşı zor işlədənin aqibəti belə ola bilər. İkinci, güman ki, hakimiyyətdaxili qruplar vəziyyəti daha da gərginləşdirmək və başqa məcraya yönəltmək üçün belə şəkilləri yayırlar. Bütün hallarda ən ağır cinayət edən şəxsə də belə işgəncə verilməməlidir, təbii ki, biz insanlara qarşı silahlı hücumu qəbuledilməz sayırıq. Hətta, bu, baş veribsə də, Yunis Səfərova qəddar işgəncə vermək cinayətdir. Onun öldüyü haqda məlumatlar da yayılır. Bu işgəncədə iştirak edənlər mütləq qanun qarşısında cavab verməlidirlər”.

Oqtay Gülalıyev Respublika Prokurorluğunun açıqlamasını “ümumi söz yığını” adlandırıb:

“Məlumatda fotonun Yunis Səfərova məxsus olub-olmadığı sualına cavab verilmir. Digər tərəfdən, əgər onun fotosu deyilsə, bu adam kimdir və niyə o hala salıblar? Ancaq DİN-in sözçüsü Ehsan Zahidov görüntülərin Yunis Səfərova məxsus olduğunu təsdiqləyir. Məncə, bu hadisədə müvafiq strukturların əli var. Ona görə hüquq-mühafizə orqanlarından aydın və konkret açıqlama istəyirik”.

Oqtay Gülalıyev deyir ki, aldığı məlumatlara görə, Yunis Səfərovun qohumlarının bir qismi həbs olunub, digərləri gizlənib, onlar təqib edilir.

Ciddi araşdırmaya ehtiyac var

Hüquq müdafiəçisi Eldar Zeynalov da hesab edir ki, yayılan fotonun kimə məxsusluğunun ciddi araşdırılmasına ehtiyac var:

“Şəkilləri saxtalaşdırmaq, yaxud montaj etmək mümkündür. Bir neçə gün əvvəl işıq sönəndə körpələr evində yüzdən çox ölüm hadisəsi ilə bağlı şəkillər və video yayılmışdı. İşıq yanandan sonra məlum oldu ki, yayılan şəkil və video iki il əvvəl olmuş hadisədir, bir qədər şişirtmə də olmuşdu. Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov şəklin ona məxsus olduğunu təsdiqləyib”.

Eldar Zeynalov Yunis Səfərovun yaxınlarının təcili Ombudsman Aparatına müraciət etməli olduğunu vurğulayıb:

Eldar Zeynalov
Eldar Zeynalov

“İşgəncəyə qarşı mübarizə aparmaq Ombudsmanın borcudur və Ombudsman Aparatının əməkdaşları birbaşa hadisə yerinə gedib Yunis Səfərovla görüşməlidirlər. Bundan sonra Yunis Səfərovun işgəncəyə məruz qalıb-qalmaması məsələsinə aydınlıq gətirilə bilər. İkinci, Səfərovun yaxınları vəkil tutmalıdır, vəkil onunla görüşüb nəticələri haqda ictimaiyyəti məlumatlandırmalıdır. Elə bir vəkil olmalıdır ki, onun polis idarəsinə girmək problem olmasın. Ondan sonra vəkil Respublika Prokurorluğuna şikayət verməlidir. Bu işlər paralel getməlidir”.

Eldar Zeynalov da hesab edir ki, fotonun yayılmasında 2 ehtimal ola bilər:

“Birinci məqsəd güdülür, ikinci isə ona reaksiyanı yoxlayırlar. Məqsəd məlumdur, ajiotaj yaratmaqla cəmiyyəti həyəcanlandırmaq istəyirlər. Necə ki, körpələrin ölümü haqda məlumat şəkillərlə birgə yayılmışdı. Bu cür əməliyyatlarda cəmiyyəti gərgin, narahat, çaşqın, münaqişəli vəziyyətə salmaq əsas məqsəddir. Bu şəkillər necə sosial şəbəkələrə yol tapıb, bu araşdırılmalıdır. Görünür, reaksiyanı yoxlamaq istəyirlər. Bütün hallarda hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirib, tədbir görməlidirlər”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Heç bir şəxs işgəncəyə məruz qala bilməz

İnsan haqları müdafiəçisi Rəsul Cəfərov qeyri-insani rəftarın Avropa Konvensiyası ilə qadağan olunduğunu xatırladaraq bildirib ki, törətdiyi cinayətdən, yaxud istintaqa verdiyi ifadələrdən asılı olmayaraq heç bir şəxs işgəncəyə məruz qala bilməz:

“Yunis Səfərovla bağlı məsələyə gəlincə, oxşar situasiya əvvəllər də olub, polis orqanlarında insanların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Yunis Səfərova qarşı həmin rəftarı edənlər isə məsuliyyətə cəlb olunmalıdır. Təzad ondadır ki, işgəncənin araşdırılması vəzifəsi Baş Prokurorluğun üzərində olsa da, onlar fotonun Səfərova məxsus olduğunu təkzib edir. Ehsan Zahidovun dediklərinə gəlincə, fotolardan açıq görünür ki, bu, saxlanılma zamanı vurulana oxşamır. Müqavimət olarsa, hadisə yerindən qaçmağa cəh edilərsə, hansısa xəsarətlər ola bilər. Ancaq bu şəkildə xəsarətlərin forması fərqlidir, işgəncə iddiası ortadadır. Ona görə bu məsələ mütləq araşdırılmalı və təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır. Hökumət bununla bağlı üzərinə beynəlxalq öhdəlik götürüb”.

R.Cəfərov hesab edir ki, şəkillərin yayılmasının məqsədi də araşdırmalıdır:

“Yunis Səfərov polisin nəzarətindədirsə, şəkil də polislər tərəfindən yayılıb, bu fakt araşdırılmalıdır. Axı polisdə, Penitensiar Xidmətdə işgəncələr olur, bəs niyə yayılmır? Ona görə işgəncəni verənlər cəzalandırılmalıdır. Əgər cəmiyyətə bununla mesaj verirlərsə, bu, artıq biabırçılıqdır. Çünki bu cür düşüncə ilə dövlət qurumu kimi yox, bir cinayətkar dəstə kimi təqdim olunurlar”.

Rəşid Hacıyev
Rəşid Hacıyev

Hüquqşünas: Jurnalist bu hadisəni çəkib yaysaydı, anlaşılan olardı

Hüquqşünas Rəşid Hacılı deyir ki, terror Azərbaycan cəmiyyəti üçün çox ağır fəsadlar törədə biləcək cinayətdir:

“Bunun səbəblərindən biri məmur özbaşınalığıdırsa, digər səbəbi məhkəməyə, qanunun aliliyinə dərin inamsızlıqdır. Bu, hər iki tərəf üçün böyük faciədir. Hər hansı şəxsə, məmura qarşı edilməməlidir. Onun nə qədər qanunsuzluq etməsindən asılı olmayaraq cinayət törətmək olmaz, məmur məhkəmə yoluyla cəzalandırılmadı”.

Rəşid Hacılı deyir ki, şübhəli və ya təqsirləndirilən şəxsin Polis İdarəsinin içində çəkilmiş fotosunun yayılması qanunduzdur:

“O, cinayət yerində tutularkən bir jurnalist bu hadisəni çəkib yaysaydı, anlaşılan olardı. Polis İdarəsinin içində onun fotosunu ya polis işçisi, ya da müstəntiq, prokuror çəkə bilər. Çünki yalnız onların Polis İdarəsində bu şəxsə çatımı olub. Onların belə foto çəkməsi və üstəlik mediaya ötürməsi səlahiyyət həddini aşmaq sayılmalıdır. Göründüyü kimi, bu şəxs yaralıdır, əzab içindədir, döşəmədə, ayaqlar altında uzanmış haldadır, köynəyi açılıb, qarnı görünür. Cinayət edib və cəzasını almalı olduğu müzakirə mövzusu deyil. Amma ləyaqət və şərəfini qorumaq, ləyaqətini alçaldan rəftara yol verməmək dövlət orqanının, vəzifəli şəxslərin borcudur”.

DİN və Respublika Prokurorluğunun məlumatlarına gəlincə, hüquqşünas bildirib ki, bəyanat verən məmurların heç biri fotonun həmin şəxsə məxsus olduğunu təkzib etməyib:

“Ehsan Zahidov hətta təsdiq edib açıqca, amma bunu həbs zamanı güc tətbiq edilməsilə izah edib. Bu, qanuni görünür. Biz sadəcə, doğrudan, belə olub-olmadığını bilmirik. Bütün hallarda yaralardan əzab çəkən şəxsin fotosunu yaymaq qanunsuz olmaqla yanaşı, çox qeyri -insani hərəkətdir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları fotonu yayan şəxsi tapıb yarğılasın. Onu tapmaq onlar üçün çox asandır. “Niyə bunu yayıblar” sualına cavab vermək çətindir. Guya bunun qorxuducu, psixoloji gərginliyi aşmaq olduğunu demək bir variant ola bilər. Amma başqa səbəblər də ola bilər. Hökumət, hüquq-mühafizə orqanları onu çəkib yayanı tapmadıqca, səbəbini araşdırmadıqca, həmin qanunsuzluğu, qeyri-insaniliyi etmiş şəxsin günahını öz üzərinə götürmüş kimi görünür. Bu isə çox pisdir. Hüquq-mühafizə, ədalət mühakiməsi sisteminin nüfuzunu daha da sarsıdır”.

Ana səhifəXəbərlərİşgəncəni əks etdirən foto ilə bağlı təzadlı açıqlamalar verilir