Daha bir neçə polis əməkdaşının işdən uzaqlaşdırıldığı bildirilir
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyevin və bölmənin bir neçə əməkdaşının işdən çıxarıldığı bildirilir.
“
Unikal.org
” yazır ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Həmin əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.
Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsindən “unikal.org”-a təsdiqləyiblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, mayor Elşad Hacıyev Meydan TV-yə deyib ki, polis mayoru Rəhman Bayramov 43-cü Polis Bölməsinə yeni rəis təyin olunub. Digər əməkdaşların işdən çıxarılmasına gəlincə, BŞBPİ sözçüsü bundan məlumatsız olduğunu deyib.
Bir müddət öncə sosial şəbəkələrdə 43-cü polis bölməsində insanlara işgəncə verildiyi ilə bağlı fotolar yayılmışdı. Həmin ərəfədə Daxili İşlər Nazirliyi fotolarda əks olunan şəxslərin heç birinin Azərbaycan vətəndaşı olmadığı ilə bağlı açıqlama vermişdi. Nazirlik eyni zamanda, şəkillərin çəkildiyi yerin Azərbaycan olmadığını söyləmişdi.
Sosial mediada yayılan fotolardakı otaqda isə Azərbaycan bayrağı və DİN-in gerbi var.
DİN bildirirdi ki, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində, harasa qoyub onun şəklini çəkmək mümkündür. Lakin gerblə bağlı hər hansı cavab verməmişdi.